Logo
news content
User
Kateqoriyalar

Araşdırma

“Barıt çəlləyi”ndə sui-qəsd, güllələnən kral ailəsi, müharibəyə bir addım... - I YAZI
Avropanın qan bahasına çözdüyü düyün

1914-cü il iyunun 28-də Avstriya-Macarıstan taxt-tacının vəliəhdi Frans Ferdinand və arvadı Sofiya serb millətçiləri tərəfindən Sarayevoda qətlə yetirildilər. Düz bir ay sonra Avstriya-Macarıstanın Serbiyaya müharibə elan etməsi ilə Birinci dünya müharibəsi başladı. Amma Sarayevo qətli sadəcə son akkord idi. 1877-78-ci illərin rus-türk müharibəsindən sonra Balkanlarda yaranan status-kvo həll edilməmiş ziddiyyətlər düyünündən ibarət idi və region Avropanın “barıt çəlləyi”nə dönmüşdü. “Radio Svoboda”nın məqaləsi Balkanların bütün Avropanı fəlakətə sürüklədiyi yoldan bəhs edir. 

 

1877–78-ci illər Rusiya-Osmanlı müharibəsi Rusiyanın çətin qələbəsi və Balkanlarda osmanlı-slavyan dünyasının yenidən bölüşdürülməsi ilə nəticələndi. II Aleksandr və onun varisi III Aleksandr dövründə Rusiya güman edirdi ki, müharibə nəticəsində yaradılmış yeni Bolqarıstan onu Osmanlı hakimiyyətindən azad edənlərə əbədi minnətdar qalacaq, rusların özlərinə nə rəva görməsindən asılı olmayaraq. Lakin hər şey gözlənildiyindən qat-qat qəliz oldu. 

 

Battenberqin qalib gəlib, dərhal uduzması

Elə görünürdü ki, Bolqarıstanın bəxti gətirib: ölkə Osmanlı imperiyasının vilayəti statusundan müstəqil knyazlığa sıçrayış etdi, qısa zamanda konstitusiyalı monarxiyaya çevrildi. 1879-cu il aprelin 17-də Böyük Xalq Məclisi çağırıldı və həmin iclasda Bolqarıstan knyazı seçildi — Battenberqlər nəslindən olan 22 yaşlı Hessen şahzadəsi Aleksandr. O, II Aleksandrın arvadının doğma qardaşı oğlu idi. 

Battenberqin knyazlığa dəvət edilməsi, Berlin traktatını imzalamış bütün böyük dövlətlər və sultan II Əbdülhəmid tərəfindən təsdiq edildi. 1879-cu il iyulun 21-də Aleksandr konstitusiyaya sadiqlik andı içdi və bundan sonra imperatorun komissarı ona idarəetmə səlahiyyətlərini təhvil verdi. Bununla da Bolqarıstan knyazlığında rus idarəçiliyi formal olaraq ləğv olundu, lakin ordu və hakimiyyət strukturlarında bir çox mühüm vəzifələrdə hələ də rus zabitləri qalırdı. 

Əvvəlcə Rusiyanın adamı olan knyaz Aleksandr avtokrat hakimiyyətə can atırdı. Onun monarx idarəçiliyi Xalq Məclisi və hökumət başçıları ilə çoxsaylı toqquşmalarla müşayiət olunurdu. Artıq 1879-cu ilin payızında keçirilən seçkilərdə Dragan Tsankovun rəhbərlik etdiyi liberal qüvvələr qalib gəldi, noyabrın 7-də Todor Burumov hökumətinə etimadsızlıq göstərildi. Knyaz buna parlamenti buraxmaqla cavab verdi. Mitropolit Kliment Tırnovski mühafizəkarların yeni kabinetinin başçısı təyin olundu. Lakin real hakimiyyət knyazın ən yaxın məsləhətçilərində idi: xarici işlər naziri Naçeviç, knyazın şəxsi katibi Stoilov və ədliyyə naziri Qrekov.

1880-ci ildə keçirilmiş yeni seçkilər daha da müxalif tərkibli Xalq Məclisini formalaşdırdı. Rus çarının məsləhəti ilə knyaz Aleksandr hörmətli ictimai xadim Dragan Tsankovu baş nazir təyin etdi. Tsankov hökumətə Radikal partiyanın nümayəndələrini dəvət etdi və kifayət qədər mülayim siyasət apardı. Lakin bu siyasət — sərt qənaət rejimi, xariciləri xidmətə dəvət etməməsi və bolqar torpaqlarının birləşdirilməsi məqsədilə Şərqi Rumelidə çevrilişi maliyyələşdirmək istəməməsi — knyazı qıcıqlandırırdı. 1880-ci ildə Tsankovu Petko Karavelov əvəzlədi. Lakin o da Rusiyanın tövsiyə etdiyi hərbi nazir general Kazimir Ernrot ilə anlaşa bilmədi. Beləcə, cəmi üç il ərzində dörd nazirlər kabineti dəyişdi.

Anarxiya ilə qorxudulan knyaz Aleksandr 1881-ci ilin aprelində çevrilişə getmək riskini gözə aldı. II Aleksandrın dəfnində iştirak edib Sankt-Peterburqdan qayıtdıqdan sonra o, konstitusiyanın fəaliyyətinin dayandırıldığını, hökumət başçısı vəzifəsinə rus generalı Kazimir Ernrotun təyin olunduğunu və Böyük Xalq Məclisinin çağırıldığını elan etdi. Hərbçilərin hakimiyyəti dövründə tez-tez baş verdiyi kimi, məclis knyaz-diktatorun iradəsinə tabe oldu: konstitusiyanın fəaliyyəti yeddi il müddətinə dayandırıldı, knyaza hakimiyyətin formalaşdırılması üzrə müstəsna səlahiyyətlər verildi, deputatların isə yalnız büdcənin təsdiqi və beynəlxalq müqavilələrin ratifikasiyası üçün çağırılması qərara alındı.

Bolqar siyasətçilər çevrilişi rəğbətlə qarşılamadılar. Hökumətə əvvəlcə rus general Kazimir Ernrot, sonra isə general Leonid Sobolev rəhbərlik etdi. Hərbi nazirlər Sobolev və Aleksandr Kaulbars, daxili işlər naziri isə general Krılov idi. Rejimin dayağı ordu idi — burada rus zabitləri batalyon və rota komandirlərinə qədər əsas vəzifələri tuturdular. Lakin gənc bolqar knyazın rus generaliteti ilə münasibətləri tezliklə pozuldu. Onlar knyazın şəxsi təyinatlarını dəstəkləmirdilər. Moskvadakı tacqoyma mərasimində o, III Aleksandra Sobolev və Kaulbarsın əvəz olunmasını təklif etdi. Beləliklə, Battenberq tədricən həm bolqar, həm də rus siyasətçilər arasında dayağını itirdi. 

Konstitusiyanın dəyişdirilməsi üçün Böyük Xalq Məclisinin çağırılacağı gözlənilirdi. Lakin knyaz öz hökuməti üçün tamamilə gözlənilməz bir şəkildə, 1883-cü il sentyabrın 19-da fövqəladə səlahiyyətlərinə son verdiyini və Tırnov konstitusiyasının tam bərpa olunduğunu elan etdi. Baş nazir vəzifəsini yenidən Dragan Tsankov tutdu. Rus generallar istefaya göndərildi. Aleksandr bolqar xidmətində olan bütün rus zabitlərinin vəzifədən azad edilməsi barədə əmr versə də, Tsankovun təşəbbüsü ilə bu münaqişə 1883-cü ilin sonuna qədər Rusiya və Bolqarıstan arasında imzalanan konvensiya ilə tənzimləndi. Rus zabitlərinə bolqar ordusunda xidmət etməyə icazə verildi, lakin onlara siyasətlə məşğul olmaq qadağan edildi.

1884-cü ilin mayında keçirilən parlament seçkilərində liberal müxalifət böyük üstünlüklə qalib gəldi. Parlamentin sədri vəzifəsinə Stefan Stambolov seçildi. Tsankovun hökuməti istefa verdi, knyaz yeni kabinetin formalaşdırılmasını Petko Karavelova tapşırdı. Siyasi dayaq axtaran knyaz Aleksandr həm liberallarla, həm də Bolqarıstanla Şərqi Rumelini birləşdirmək istəyən inqilabçılarla yaxınlaşmağa çalışırdı. O, knyazlıq boyunca səfərlər edərək bolqar torpaqlarının birləşdirilməsi ideyasını təbliğ edirdi. Və onun plan asanlıqla gerçəkləşdi.

1885-ci ilin sentyabrında Şərqi Rumelinin paytaxtı Plovdivdə çoxdan gözlənilən çevriliş baş verdi. Mayor Danail Nikolayevin komandanlığı altındakı qoşunlar Plovdivə daxil olub, general-qubernator Qavril Krısteviçi həbs etdilər. Rumeli hökuməti devrildi və Bolqar knyazlığı ilə birləşmə elan olundu. Georgi Stranskinin rəhbərliyi altında müvəqqəti hökumət formalaşdırıldı. Knyaz Aleksandr, Rumeli məsələsinə görə Avstriya-Macarıstanla münaqişə istəməyən Rusiyanın etirazına baxmayaraq, bu hadisəni manifesti ilə dəstəklədi və Şərqi Rumelinin öz knyazlığına birləşdirildiyini elan etdi.

Hadisələrin belə gedişatından narazı qalan Avstriya-Macarıstan Serbiya knyazı Milanı Bolqarıstana qarşı müharibəyə təhrik etdi. İki həftəlik müharibə 1885-ci ilin noyabrının əvvəlində Serbiyanın hücumu ilə başladı, lakin serblər tezliklə məğlub oldular. Bolqar ordusundakı rus təlimatçı zabitlər döyüşlərdə iştirak etmədilər. 1886-cı ilin martında Serbiya və Bolqarıstan arasında imzalanan sülh müqaviləsi mövcud vəziyyəti rəsmiləşdirdi.

Osmanlı imperiyası Rumeli uğrunda döyüşmədi. 1886-cı il yanvarın 31-də knyaz Aleksandr osmanlılar tərəfindən Şərqi Rumelinin 5 illik general-qubernatoru təyin olundu. Hər iki tərəf, Osmanlı imperiyası və Bolqarıstan “xaricdən ərazilərinə qəsd halında” birgə hərəkət etmək öhdəliyi götürdülər. Peterburqda bu sazişin Bolqarıstanın Rusiyanın nəzarətindən çıxması və türklərin müttəfiqinə çevrilməsi anlamına gəlməsindən şübhələnirdilər. Amma yenə də Rusiya hökuməti bu birliyi şəxsi uniya formasında tanımağa qərar verdi.

Sanki knyaz Aleksandr tam uğur qazandı: ölkə de-fakto birləşdi, Serbiya ilə müharibə uduldu. Lakin müxalifət knyazı Rusiya ilə münasibətləri pozmaqda ittiham edirdi. Orduda sui-qəsd planı hazırlanırdı. Onun təşkilatçıları general Pyotr Qruyev, Anastas Benderеv, Radko Dimitriyev və Georgi Vazov idilər. Rusiyanın Bolqarıstandakı hərbi attaşesi, polkovnik Saxarov plandan agah idi. Qəsdçilər Sofiya qarnizonuna və Struma piyada alayına arxalanırdılar. Knyaza sadiq qoşun hissələri qabaqcadan paytaxtdan uzaqlaşdırıldı. 1886-cı il avqustun 21-nə keçən gecə Struma alayı və Hərbi məktəbin kursantları Sofiyaya daxil oldular, paytaxtda qalan knyaza sadiq hissələri zərərsizləşdirdilər, sarayı mühasirəyə aldılar. Aleksandr Battenberq həbs olundu və taxtdan imtina sənədini imzalamağa məcbur edildi. Səhəri gün onu Oryaxovoya aparıb, Dunay vasitəsilə paroxodla Rusiyaya göndərdilər.

 

Bolqar taxtında dəyişiklik və Rusiyanın reaksiyası

Avqustun 22-də bolqar ordusunun əksəriyyəti mitropolit Klimentin yeni müvəqqəti hökumətinə sədaqət andı içdi. Lakin zabit və siyasətçilərin bir hissəsi çevrilişi tanımadı. Onların arasında Petko Karavelov və Xalq Məclisinin sədri Stefan Stambolov da vardı. Plevna alayı and içməkdən imtina etdi, Varna alayı isə çevrilişi dəstəkləyən komandirinə tabe olmadı. Plovdivdə əks-çevriliş təşkilinə başlanıldı: müvəqqəti hökuməti tanımayan hissələr general Savva Muqurov və Stambolovun ətrafına toplandı. Stambolov Aleksandrı Sofiyaya qayıtmağa dəvət etdi. 1886-cı il avqustun 29-da Plovdivdən gələn qoşunlar paytaxtı nəzarətə götürdü, Karavelovun hökuməti istefa verdi.

Həmin gün knyaz Aleksandr Battenberq də Sofiyaya qayıtdı. O, Rusiya imperatoru ilə barışmağa çalışsa da, mümkün olmadı. Sentyabrın 1-də aldığı teleqramda Rusiya hökmdarı onun Bolqarıstana qayıdışını pisləyirdi. Aleksandr hakimiyyət naminə həyatını riskə atmaq istəmədi və sentyabrın 7-də taxtdan imtina haqda yeni aktı imzaladı. Bolqar xalqına ünvanladığı vida müraciətində Aleksandr ölkədən getməsinin Rusiya ilə münasibətlərin bərpasına kömək edəcəyinə ümidini bildirdi. O, Bolqarıstanı birdəfəlik tərk etdi. Hakimiyyət Stambolovun başçılıq etdiyi müvəqqəti hökumətə - regentlər şurasına keçdi. 

Çar III Aleksandr baron Nikolay Kaulbarsı xüsusi missiya ilə Bolqarıstana göndərdi. Qətiyyətli hərbçi, lakin heç diplomat olmayan Kaulbars açıq şəkildə Bolqarıstanın daxili işlərinə müdaxilə etməklə vəziyyəti daha da pisləşdirdi. Onun bolqarlara qarşı kobud və təkəbbürlü davranışı hətta rusiyapərəst qüvvələri də narazı saldı. Kaulbars hərbi vəziyyətin ləğvini, çevriliş iştirakçılarının azad edilməsini və knyaz seçkilərinin təxirə salınmasını tələb etdi. İlk iki tələbi regentlər yerinə yetirdilər, lakin seçkilər əvvəlcədən planlaşdırıldığı kimi 1886-cı ilin noyabrına təyin edildi. Cavab olaraq Kaulbars Bolqarıstan XİN-ə ünvanladığı notada seçkiləri qanunsuz adlandırdı. O, hökuməti publik tənqid edir və Rusiyaya yaxınlaşmağa çağırırdı. Lakin general öz etdikləri ilə istədiyinin tam əksinə nail oldu. Seçkilərə müdaxilə ictimai narazılıq yaratdı.

Kaulbars Bolqarıstan hakimiyyətindən “anti-Rusiya çıxışlarının” dayandırılmasını ultimativ şəkildə tələb etdi. Baron bildirdi ki, Rusiya təbəələrinə qarşı elə ilk zorakılıq halında diplomatik münasibətlər kəsiləcək. O, Plovdivdə (Filippopol) konsulluq əməkdaşına edilən hücumdan istifadə edərək ölkəni tərk etdi və notada bildirdi ki, Rusiya hökuməti artıq Bolqarıstan hökumətini etibarlı tərəfdaş saymadığından münasibətləri davam etdirməyi mümkünsüz hesab edir. Bu, Nikolay Kaulbarsın karyerasına mənfi təsir göstərmədi: o, tam general rütbəsi aldı. “O, öz təşəbbüsü ilə nə qədər çox axmaqlıqlar edirdisə, imperator bir o qədər çox onu qiymətləndirir və alqışlayırdı”, – rus diplomat qraf Vladimir Lamsdorf gündəliyində yazırdı.

1886-cı ilin noyabrında keçirilmiş Böyük Xalq Məclisi Danimarka şahzadəsi Valdemarı taxta dəvət etdi, lakin o, imtina etdi. Böyük Britaniya Aleksandrın taxta qayıtmasını təklif edirdi, lakin Rusiya buna qarşı çıxdı. Aleksandr Battenberq 1887-ci ilin aprelində bir daha taxtdan imtinasını təsdiqlədi. O, 6 il sonra, 36 yaşında İtaliyada vəfat etdi.

Yalnız 1887-ci il iyulun 7-də Bolqarıstanın yeni monarxı seçildi – I Ferdinand, Sakson-Koburq-Qota sülaləsinin nümayəndəsi, Avstriya imperatorunun qardaşı oğlu və Avstriya ordusunun zabiti. Onun hakimiyyətinin ilk illərində ölkənin daxili siyasi həyatında aparıcı rol Stefan Stambolovun Liberal partiyasına məxsus idi. Stambolovun xarici siyasətində isə Rusiya nümayəndələrinə qarşı soyuqluq aydın hiss olunurdu — çünki onlar Bolqarıstanda vəziyyəti ciddi şəkildə qarışdırmışdılar.

Ferdinand bolqarların seçimini rədd etmədi və bəyan etdi ki, “Babi Ali və böyük dövlətlər onun seçilməsini tanısalar, o, öz həyatını bolqar xalqının rifahına həsr etməyə hazırdır”. Seçim bütün böyük dövlətlər tərəfindən təsdiqlənməsə də (bu isə prosedur baxımından zəruri idi), bu, yeni knyazı durdurmadı. Ferdinand bəyan etdi ki, “dövlətlərin etirazları onun şəxsiyyətinə yox, yalnız seçilmə formasına yönəlib, bu səbəbdən o, ölkəyə gəlməyə qərar verib və faktın baş verməsini nəzərə alaraq dövlətlərin öz etirazlarından imtina edəcəyinə ümid edir”. 1887-ci il avqustun 14-də Ferdinand Tırnovoda konstitusiyaya and içdi.

III Aleksandrın “bolqar məsələsində” uzaqgörməz siyasətinin — Kaulbarsın missiyası ilə daha da ağırlaşan — nəticələri Bolqarıstan və Rusiya arasında diplomatik münasibətlərin kəsilməsi, Sofiya hakimiyyətinin Avstriya yönlü kurs götürməsi və Rusiyanın özünün siyasətində dəyişiklik oldu: “Üç imperator ittifaqı” yenilənmədi. Peterburqda Fransa ilə hərbi-siyasi ittifaqa doğru sürətlə irəliləməyə başladılar.

I Ferdinand təqribən yeddi il ərzində bütün hakimiyyəti faktiki öz əlində cəmləmiş despotik və korrupsiyaya bulaşmış baş nazir Stambolovun kölgəsində qaldı. Yalnız 1894-cü ilin mayında, taxtında möhkəmləndikdən sonra baş nazirin tənqidçiləri olan Draqan Tsankov və Petko Karavelovla anlaşaraq, Stambolovu istefaya göndərdi.

Ferdinand müstəqil siyasət yürüdürdü, Bolqarıstanın Balkanlarda liderliyinə və sərhədlərinin genişləndirilməsinə iddialı idi. Amma Rusiyanın köməyi olmadan bunu etmək mümkün deyildi. Bu səbəbdən knyaz Rusiya ilə münasibətləri normallaşdırmaq üçün böyük oğlu Borisin məzhəbini dəyişdirdi: 1896-cı ildə uşaq katoliklikdən pravoslavlığa keçdi. Onun xaç atası Rusiya imperatoru II Nikolay oldu. Bu addıma görə Ferdinand katolik kilsəsi tərəfindən kilsədən xaric olundu, lakin dövlət maraqları və xalq arasında populyarlığını artırmaq arzusu Roma Papası ilə münasibətlərdən daha vacib idi. Rusiya ilə əlaqələr bərpa oldu, amma lap yaxşı olmadı. Üstəlik, liberal tarixçi professor Pavel Milyukov kimi mütləqiyyət tənqidçisi Bolqarıstanda məskunlaşmışdı.

 

Serb qartalı Rusiya və Avstriya qartalları arasında 

XIX əsrin sonlarında Balkanlarda baş verən ən mühüm hadisələrdən biri də 1897-ci il yunan-türk müharibəsi idi. Bu münaqişə yunanların Krit adasındakı üsyanı dəstəkləmək istəyindən doğmuşdu. Alman general fon der Qolts tərəfindən yenilənmiş Osmanlı ordusu — Ədhəm paşanın komandanlığı altında — tələsik səfərbər olunmuş yunan qüvvələrinə bir sıra məğlubiyyətlər yaşatdı.

Avropa dövlətlərinin təzyiqi ilə hərbi əməliyyatlar tez bir zamanda dayandırıldı: savaş cəmi bir ay davam etdi və 1897-ci il mayın 8-də atəşkəs imzalandı. Müharibə nəticəsində Yunanıstan Fessaliyada kiçik bir ərazi itirdi. Eyni zamanda, altı Avropa dövləti adaya qoşun çıxardıqdan sonra Kritə muxtariyyət statusu verildi. Osmanlı qoşunları adanı tərk etdilər və Krit beynəlxalq protektorat elan olundu. Muxtar hökumətə Yunanıstan kralının ikinci oğlu şahzadə Georq rəhbərlik etməyə başladı. 15 il sonra ada Yunanıstana birləşdirildi.

XX əsrin əvvəllərində region ölkələrinin hakim elitalarının ambisiyaları Osmanlı imperiyasına məxsus Makedoniya torpaqları uğrunda mübarizəyə səbəb oldu. Bu ərazi Serbiya, Yunanıstan və Bolqarıstanın xülyasına çevrilmişdi. 1903-cü ilin avqustunda Makedoniyada xaricdən təhrik olunmuş üsyan baş verdi və bu üsyan türklər tərəfindən qəddarlıqla yatırıldı. Üsyançıların bir hissəsi Osmanlı imperiyası daxilində muxtariyyət istəyirdi, digərləri isə Makedoniyanın Bolqarıstana birləşdirilməsini tələb edirdi.

Raço Petrovun başçılıq etdiyi Bolqarıstan hökuməti bu üsyandan uzaq durmağa üstünlük verdi, çünki bilirdi ki, müdaxilə Serbiya və Yunanıstanı da Osmanlının tərəfində münaqişəyə cəlb edəcək. Lakin Bolqar knyazlığında bu ərazinin gələcəkdə bölüşdürülməsi ilə bağlı planlar quruldu. Makedoniyanın mənsubiyyəti məsələsinin həll olunmaması və yerli əhalinin hüquqlarının məhdudlaşdırılması sonradan Bolqarıstan, Serbiya, Türkiyə və Yunanıstan arasında iki Balkan müharibəsinin başlanmasına səbəb oldu.

Obrenoviç sülaləsindən olan kral Milanın dövründə Serbiya siyasi qeyri-sabitlik dövrü yaşayırdı – kralın həyatına sui-qəsd, kəndli üsyanı və Bolqarıstanla uduzulmuş müharibə bu dövrün əsas hadisələri idi. 1888-ci ildə liberal konstitusiyanın qəbulundan sonra Milan taxt-tacı 13 yaşlı oğlu Aleksandara təhvil verdi. 

Aleksandar ordunun dəstəyi ilə 16 yaşında özünü yetkin elan etdi və atasından miras qalan proqnozlaşdırılmaz şəkildə ölkəni idarə etməyə başladı. 1894-cü ildə o, çevriliş edərək 1869-cu il avtoritar konstitusiyasını yenidən qüvvəyə mindirdi. Vyanaya yönəlik siyasət aparan ölkə vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə idi: cəmi 15 il ərzində 21 hökumət dəyişmişdi.

Qeyri-populyar keçmiş kral Milan Serbiya ordusunun baş komandanı təyin edildi və ona qarşı yenə qəsd cəhdi oldu. Orduda kral Aleksandarın və arvadı kraliça Draqanın idarəçiliyindən narazılıq artırdı. 

1901-ci ildə bir qrup gənc zabit çevriliş hazırlamağa başladı. Qəsdin başında “Qara əl” adlı gizli təşkilatın üzvü, Apis təxəllüslü Draqutin Dimitrijeviç dururdu.

1903-cü il iyunun 11-də səhər tezdən sui-qəsdçilər kral sarayına hücum etdilər. Kral və onun həyat yoldaşı güllələndilər və qılıncla doğrandılar. Baş nazir Dmitriye Tsintsar-Markoviç evinin kandarında öldürüldü. Mətbuatın məlumatına görə, kral altı güllə və 40 qılınc zərbəsi ilə, kraliça isə iki güllə və 63 qılınc zərbəsi ilə qətlə yetirilmişdi. Onların çılpaq cəsədləri sarayın bağçasına atıldı və yalnız bir neçə gün sonra dəfn olundu. Hərbi nazir Milovan Pavloviç, kraliça Draqanın iki qardaşı və bəzi zabitlər öldürüldü, daxili işlər naziri Velimir Todoroviç isə ağır yaralandı. Əsgərlərə “zülm sona çatdı” deyə elan edildi. Bütün ölkələrin səfirləri Belqraddan ayrıldılar, Böyük Britaniya isə Serbiya ilə diplomatik münasibətləri kəsdi.

1903-cü ilin iyununda milli məclis yeni kral olaraq I Petar Qaracorceviçi seçdi. Ölkə xarici siyasətdə kursunu Avstriya-Macarıstandan Rusiyaya dəyişdi. I Petar cəzalandırılmayan qəsdçilərin iradəsindən asılı idi. O, ordu elitası ilə baş nazir Nikola Pasiçin hökuməti arasında gedən mübarizə şəraitində hökm sürürdü. Buna baxmayaraq, sürətli iqtisadi inkişaf və konstitusiya quruluşunun saxlanılması tarixçilərə növbəti onilliyi Serbiyanın “qızıl əsri” adlandırmağa əsas verir.

 

Erental İzvolskini necə aldatdı

XX əsrin əvvəllərində Bolqarıstanın həyatında baş vermiş əsas hadisə 1908-ci ilin 22 sentyabrında I Ferdinandın ölkənin Türkiyədən tam müstəqilliyini elan etməsi oldu. Knyaz Konstantinopolda yaranmış növbəti siyasi böhrandan istifadə edərək, Bolqarıstan knyazlığının çarlığa çevrildiyini bəyan etdi. O, “çar” titulunu qəbul etdi (bu titul bəzən “Bolqarıstan kralı” kimi də tərcümə olunur). Ferdinand öz əməllərinin dəstəklənməsi üçün Avstriya-Macarıstan ilə gizli razılaşma hazırlamışdı. Rusiya rəsmən etiraz etmədi. Çar titulunun qəbul edilməsi Bolqarıstanın hüquqi müstəqilliyini və Şərqi Rumeli üzərində tam suverenliyini sübut edirdi. 

Rusiya 1908-ci ildə xarici işlər naziri Aleksandr İzvolskinin vasitəsilə Avstriya-Macarıstanın Bosniya və Herseqovinanı ilhaq etməsinə razılıq verdi. Vyana bu əraziləri 1879-cu ildən idarə edirdi. Rusiya isə qarşılığında Avstriya-Macarıstandan öz hərbi gəmilərinin boğazlardan – Bosfor və Dardaneldən – sərbəst keçidinə dəstək istəyirdi. Lakin Avstriya-Macarıstanın xarici işlər naziri Alois fon Erental 1908-ci il oktyabrın 5-də ilhaqı birtərəfli qaydada elan etdi. Türkiyə 2,5 milyon funt sterlinq təzminat müqabilində hüquqlarından imtina etdi. 

Amma rusların boğazlardan keçid istəyini avstriyalılar unutdular. İzvolski razılaşmadan imtina etdi. Serbiya və Çernoqoriya da Avstriyanın Bosniyadakı qənimətindən pay – cənub slavyanlarının birləşdirilməsini tələb etməyə başladılar. Rusiya onların tələblərini müdafiə etməyə çalışdı, lakin Avstriya-Macarıstan Almaniyanın dəstəyi ilə Serbiya ilə müharibəyə hazır idi. Gərginlik sürətlə artırdı, hərbi konflikt uzaqda deyildi. 1909-cu ilin martında Almaniya, Böyük Britaniya, Fransa, İtaliya və Rusiya Serbiyaya müraciət edərək Avropa müharibəsinin qarşısını almaq naminə ilhaqı tanımasını istədilər, lakin Belqrad geri çəkilmək istəmirdi. Əvəzində, Rusiya vaxtında geri addım atdı. Baş nazir Pyotr Stolıpinin başçılıq etdiyi hökumət iclasında etiraf edildi ki, Rusiya müharibəyə hazır deyil. 1909-cu il martın 22-də Almaniya səfiri Purtales İzvolskiyə ultimatum verdi: Bosniyanın ilhaqını tanıyıb-tanımamaq barədə aydın cavab vermək və Serbiyaya diplomatik dəstəyi dayandırmaq.

Stolıpin çarı xəbərdar etdi ki, müharibə inqilabi qüvvələri oyadacaq. 23 mart 1909-cu ildə II Nikolay imperator II Vilhelmə göndərdiyi teleqramda Almaniyanın şərtlərini qəbul etdi. Serbiya da ilhaqı tanımağa və səfərbərliyi dayandırmağa məcbur oldu. Beləliklə, dünya müharibəsi beş il yarım təxirə salındı. Lakin həm Peterburqda, həm Belqradda özlərini məğlub sayırdılar, bu da Serbiya və Rusiyanın 1914-cü ildə atacağı addımlarda öz əksini tapacaqdı.

(Davamı olacaq)

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: Burada