Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ziyalılar Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət etdilər

Azərbaycanın bir qrup tanınmış ziyalısı, alimi, sənət adamı və ictimai xadimi Prezident İlham Əliyevə həbsdə aclıq aksiyası keçirən Tofiq Yaqublunun həyatının xilas edilməsi ilə bağlı müraciət ünvanlayıblar.

Müraciətdə bildirilir ki, Tofiq Yaqublunun keçirdiyi aclıq artıq 6-cı həftəsini geridə qoyur və aclığın yaratdığı fiziki-psixoloji fəsadlar onun həyatını real təhlükə altına alır.

Müraciətdə deyilir:

“Bu gün Azərbaycanın müstəqilliyi uğrunda xalq hərəkatının fəal iştirakçılarından biri, Qarabağ qazisi Tofiq Yaqublunun həyatı real təhlükə qarşısındadır. Onun həbsxanada başladığı ölüm aclığı terminal mərhələyə qədəm qoyub. Tam qida aclığının artıq 6-cı həftədə yaratdığı fəsadlar ciddi təşviş doğurur. Aclıqdan qaynaqlanan kəskin halsızlıq və zəiflik, yaddaşın zəifləməsi və hərdən itməsi, fikirləri qarışdırması, tutmaşəkilli dözülməz mədə ağrıları, ürəkbulanma, qusma, yetərincə çəki itkisi 65 yaşlı bir insan üçün birbaşa ölümə doğru gedən yoldur”.

Məktubda həmçinin Tofiq Yaqublunun ailəsinin ağır psixoloji vəziyyətdə olduğu qeyd olunur:

“Tofiq Yaqublu və onun ailəsi bir neçə il öncə gənc qızı Nərgizin itkisinin acısını hələ də sarsıntı ilə yaşamaqdadır. Digər qızı Nigar hazırda hamiləliyin son günlərini yaşayır. Ailə son dərəcə həyəcan və təlaş içərisindədir. Hər an gözlənilməyən hadisələr baş verə və bir ailə yeni faciə ilə üzləşə bilər”.

Ziyalılar Prezidentə müraciətlərini belə tamamlayıblar:

“Cənab Prezident! Dövlətin öz vətəndaşına mərhəmət və humanizm göstərməsi onun gücünün və əzəmətinin ifadəsidir. Sizdən rəhbərlik etdiyiniz ölkənin vətəndaşı kimi Tofiq Yaqublunun həyatını xilas etmək üçün iradə göstərməyinizi xahiş edirik”.

Müraciəti imzalayanlar:

1. Arif Əliyev, publisist

2. Adil Qeybulla, professor 

3. Sabir Rüstəmxanlı, xalq şairi, VHP sədri

4. Məmməd İsmayıl, şair

5. Rüstəm Behrudi, şair

6. Cavanşir Quliyev, Əməkdar İncəsənət Xadimi

7. Qulu Məhərrəmli, professor

8. Erkin Qədirli, millət vəkili

9. Eldəniz Quliyev, ssenarist, kinodramaturq

10. Hilal Məmmədov, hüquq müdafiəçisi

11. Qorxmaz İbrahimli, ictimai xadim

12. Sərdar Cəlaloğlu, ADP sədri

13. MirMahmud Mirəlioğlu, KXCP sədri

14. Bahəddin Həzi, yazıçı-publisist