Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zərərli vərdişləri tərgidin: Siqaret və spirtli içkilər bahalaşır

Siqaret və içki xərcləri Azərbaycanda əhalinin toplam xərcləri arasında yetərincə böyük yer tutur. Dövlət Statistika Komitəsinin (DSK) bilgilərinə görə, ötən il bu məhsulların alışına 2 milyard 450 milyon manat xərclənib. Bu o deməkdir ki, əhalinin ilboyu pərakəndə ticarətdə xərclədiyi hər 100 manatın təxminən beş manatı tütünə və ya içkiyə sərf edilib. 2021-ci ildə həmin məhsullara 2 milyard 288 milyon manat xərclənmişdi.

DSK-nın araşdırmasına görə, Azərbaycanda 15 yaşı aşan kişilərin 31.6 faizi siqaret çəkir. Ölkədə kişilər orta hesabla gündə 15 ədəd siqaret çəkir. Yaş qrupları üzrə baxanda aydın olur ki, kişilər arasında ən çox siqaret çəkənlər 45-64 yaşlılardır. Bu yaşdakı hər iki kişidən biri siqaret istifadəçisidir. 20-44 yaş arası hər 100 kişidən 26-sı, 65 yaşdan yuxarı kişilərinsə hər 100 nəfərindən 33-ü siqaret çəkir.

Rəsmi rəqəmlərdən bu da aydın olur ki, ötən il boyunca Azərbaycanda siqaret qiymətləri ikirəqəmli həddə bahalaşıb. Siqaret ortalama 12 faiz, pivə 14 faiz, araq və şərab kimi məhsullarsa 7 faiz civarında bahalaşıb. Ancaq hökumətin qəbul etdiyi yeni qərarlardan bilinir ki, tütün və içki qiymətlərində yenə artım baş verəcək.

Yeni sərəncam, yeni qaydalar


Fevralın 7-də Prezident İlham Əliyev "Tütün məmulatlarının və alkoqollu içkilərin idxalı və istehsalı sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncamda əks olunan məsələlərdən biri aksiz dərəcələrinin artırılmasıdır. Sərəncama görə, İqtisadiyyat Nazirliyi 6 ay müddətində tütün məmulatlarına və alkoqollu içkilərə tətbiq edilən aksiz dərəcələrinin artırılmasına dair təkliflərini Nazirlər Kabinetinə çatdırmalıdır. Məhsullara tətbiq edilən vergilərin artırılması, təbii ki, onların maya dəyərini də yüksəldir. Bu da, öz növbəsində, satış qiymətlərini artırır.

Yeni sərəncamda alkoqollu içki qiymətləri ilə bağlı daha bir qərar diqqət çəkir. Bildirilir ki, alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymət tələbi müəyyənləşdirilməlidir. Başqa deyimlə, bu qərarın tətbiqindən sonra satıcılar istəsələr də həmin müəyyənləşdirilən qiymətdən ucuz spirtli içki sata bilməyəcəklər.

Beynəlxalq təcrübədə belə mexanizmlər minimum qiyməti yüksək təyin etməklə spirtli içki ala bilənləri sayca azaltmağı hədəfləyir. Di gəl, korrupsiyanın meydan suladığı ortamda bu tip qərarlar bazarda saxta spirtli içkilərin artmasına da yol aça bilir. Bu da, öz növbəsində, səhiyyə sistemi ilə bağlı çoxlu problemlər ortaya çıxarır.

Yerli tütün tələbi


Yeni sərəncamda diqqət çəkən daha bir məqam siqaret hazırlanmasında yerli tütündən istifadə məsələsidir. İqtisadiyyat Nazirliyi tütün məmulatı istehsalında yerli xammaldan istifadə həcmlərinə dair tələbləri müəyyənləşdirməlidir.

Azərbaycan özünü tütün məhsulları ilə, əsasən, Ukrayna hesabına təmin edirdi. Ötən ilin fevralından bəri Rusiya və Ukrayna arasında müharibənin başlaması bu sahəyə də təsirsiz ötüşmədi. Savaş başlayandan bir müddət sonra Ukraynadan Azərbaycana gətirilən tütünün həcmində iki dəfədən çox azalma qeydə alındı. Bu üzdən, Azərbaycanın siqaret bazarında ciddi problemlər üzə çıxdı. Bir müddət daxili bazarda bəzi ünlü siqaret çeşidləri çətin tapıldı. Yalnız bundan sonra ölkənin iri siqaret istehsalçısı olan şirkətlər alternativ qaynaqlar tapdığını bildirdi və tütün məhsulları Türkiyədən alınmağa başlandı.

Başqa nə yeniliklər var?


Sərəncam təkcə bu iki məsələ ilə bağlı deyil. Digər istiqamətlərdə də yeniliklər var. Məsələn, artıq tütün məmulatları üzrə aksiz vergisi markaları alınarkən öncədən ödəniş mexanizmi tətbiq ediləcək. Tütün məmulatının istehsal və idxalı gerçələşdirilərkən icazə sistemi tətbiq ediləcək və bu sistem təkmilləşdiriləcək. Tütün məmulatı və alkoqollu içkilərin idxal və istehsalını aparan şəxslərə qarşı məsuliyyət tədbirləri də sərtləşdiriləcək.