Zəlzələdən xilas olanlar danışır: “Hava çox soyuqdur, yeməyimiz yoxdur, çox çətin vəziyyətdəyik”
06 Fevral 2023
Kahramanmaraşda bazar ertəsi səhər saatlarında baş verən 7,7 gücündə zəlzələ azı 10 şəhərə zərər vurub. Zəlzələnin olduğu fərqli şəhərlərdən BBC Türkcəyə danışan zəlzələ qurbanlarının hamısı həyatlarında ilk dəfə bu qədər şiddətli və uzun davam edən zəlzələ gördüklərini deyirlər.
Zəlzələnin episentri olan Kahramanmaraş Pazarcık qəsəbəsində yüzlərlə binanın çökdüyü, bir çox adamın öldüyü bildirilir.
BBC Türkcəyə danışan CHP Pazarcık qəsəbə başqanı Veysel Şervan sadəcə öz müşahidəsinə görə qəsəbədə "azı 100 binanın çökdüyünü" deyir.
Bir çox yaxınının da dağıntılar altında qaldığını deyən Şervan "Pazarcık pis vəziyyətdədir. Mən də özümü və ailəmi binadan güclə xilas etdim. İnsanlar öz imkanları ilə xilas olmağa çalışır" əlavə edir:
"Biz dağıntılardan çıxmışdıq ki, dağıntının altındakı kiçik bir boşluqdan bir nəfərin kömək üçün əl uzatdığını gördük. Onu xilas etməyə çalışan dostumuzun üzərinə bina aşdı. Gözümüzün önündə onu xilas etməyə çalışan da binanın altında qaldı. Onların xilas olmaq şansları yoxdur. Bina tamamilə üzərlərinə çöktü. Çox çətin vəziyyətdəyik".
50 metrlik məsafədə 5 binanın aşdığını gördüyünü deyən millət vəkili yollara dəyən zərərə rəğmən, qəsəbəyə girişin açıq olduğunu qeyd edir:
"Çox şiddətli və uzun çəkdi. Belə bir zəlzələ görməmişdik. Çox bina aşdı, amma şükürlər olsun, xilasetmə işlərində canlı insanlar çıxarılır. Hələ ki, bütün kəndləri gəzə bilməmişəm. Amma kəndlərdən də çox dağıntı xəbərləri gəlir".
"Təkcə mənim gördüyüm Pazarcık-da ən azı 100 bina çöktü. Səhərə yaxın isə təzə-təzə bir neçə axtarış-xilasetmə işləri gəldi. Hazırda nə çadır var, nə də bir şey. İnsanlar çöldədir, yağış yağır, yeməyə, içməyə, qızınmağa heç nə yoxdur. Bilmirəm... Bu dəqiqəyə kimi effektiv bir axtarış-xilasetmə işi aparılmayıb".
Adana mərkəz Yurt Məhəlləsində özlərini 5-ci mərtəbədən çölə güclə çıxara bildiklərini deyən Nilüfer Aslan "ömrümdə belə bir şey görmədim, bir dəqiqəyə yaxın yelləndik", - deyə əlavə edir:
"Ətrafımızda 12-14 mərtəbəli bina aşdı. Mən 5-ci mərtəbədə idim, ömrümdə belə şiddətli zəlzələ görməmişdim. Əvvəlcə yüngül gəldi, sonra bir az ara verdi, sonra şiddətli şəkildə davam etdi. Sadəcə oğlumu xilas etmək istədim. O biri otaqdakı oğluma səsləndim, o da nə baş verdiyini anlamadı. Ona "Ana qurban, zəlzələdir, ən azından eyni yerdə, birlikdə qapının ağzında ölək" dedim. Ağlıma gələn tək şey o idi. Zəlzələ davam etdi, etdi, qapının ağzında bir dəqiqə durduq".
Binadan çıxdıqdan 5-10 dəqiqə sonra güclü təkanların başladığını deyən Nilufer Aslan avtomobilin zəlzələ sonrası təkanlardan titrədiyini deyir:
"Hazırda biz Çukurova Dövlət Xəstəxanasına yaxın ərazidə toplaşmışıq. Özümlə heç nə götürə bilmədim, çöldə başmaqda dayanmışam. Bir daha evə girməyə cəsarət etmirik".
"Sistemi qolumdan necə çıxartdığımı xatırlamıram"
Dünən böyrək əməliyyatı olduqdan sonra Gaziantep Ersin Asrlan Dövlət Xəstəxanasında qolunda sistemlə yatdığı yerdə şiddətli zəlzələ olduğunu deyən Gökçe Bay həmin vaxt xəstələrin nə baş verdiyini başa düşmədiklərini deyir:
Bir anda bütün xəstələrin bir-birindən dəstək alaraq qaçmağa başladığını deyən Gökçe Bay xəstəxananın bəzi divarlarında dağıntılar olduğunu bildirir:
"Zəlzələ olanda ikinci mərtəbədə idik. Ağrım yox idi, amma qolumda sistem var idi. Mən dərhal yatağımdan qalxıb, əmim qızına səsləndim. Dərhal qaçdıq. Hamı bir-birindən tutdu. Belə bir sarsıntı ola bilməz. Öləcəyimizi zənn elədik. Elə qorxunc bir şey idi ki! Hər kəs küçədə ağladı, hamımızın psixologiyası pozuldu. Baş verənləri təsvir edə bilmirəm".
Əşyalarını və paltolarını belə götürmədən, qaçmaq məcburiyyətində qaldıqlarını deyən Gökçe Bay böyrək əməliyyatından yeni çıxsa da, yaş başmaqları ilə küçədə qaldığını deyir:
"Çöldə də hava çox pisdir, qardır, hava buz kimidir. Yataq xəstələri, qocalar, əlil arabasında olan xəstələr... Onlar çıxa bilmədilər. Özümüzü birtəhər çölə atdıq, amma çöldəki vəziyyətimiz də heç yaxşı deyil. Çox çətin vəziyyətdə qalmışıq".
Gecə zəlzələ vaxtı tibb bacılarının hamını oyandırmaq üçün dərhal otaqları gəzməyə başladıqlarını və insanları toplamağa çalışdıqlarını deyən Bay hər kəsin öz canının dərdində olduğunu vurğulayır:
"Tibb bacıları sağ qalanlara, çölə çıxa bilməyənlərə kömək etdilər. İndinin özündə də xəstəxananın içərisində mərtəbələrdə hələ də tibb bacıları var. Onlar yataq xəstələrinin yanındadırlar, lakin silkələnmələr hələ də davam edir".
"Hamı binalardan uzaqlaşmağa çalışır"
Malatya Temelli Məhəlləsində ailəsi ilə birlikdə 5 mərtəbəli binadan sağ çıxan 25 yaşlı Özgül Konakçı özlərinin yaşadığı binaya sadəcə ziyan dəydiyini, ancaq ətrafdakı 5 binanın dağıldığını bildirir:
"Axtarış və xilasetmə işləri davam edir. Çox soyuqdur və hazırda qar yağır. Hamı küçələrdə, insanlar nə edəcəyini bilmir. Elə indilərdə gözümüzün qabağında zəlzələsonrası təkanlardan bir binanın pəncərələri partladı. Zəlzələ vaxtı qardaşımla divanda yatırdıq, bir-birimizə baxdıq, "sən yellədirsən?" dedik. Çilçırağa baxdım, elə bil uçacaqdı. Üç yaşlı qardaşım oğlunu içəridən götürən kimi çölə atıldıq".
Soyuq olduğuna görə uşağa daha çox əşya götürməyə çalışırdıqlarını deyən Özgül Konakçı içəridən uşağa aid əşyaları götürən kimi, tez çölə çıxdıqlarını bildirir:
"Bizim olduğumuz yerdə hələ çadır yoxdur. 2020-ci ildə 6,8 bal gücündə zəlzələni də hiss etmişdik, amma bu, çox fərqli idi. Bu zəlzələdə binaların çartıltısını da eşitdik, demək olar ki, bütün binalarda çatlar və zədələr var".
Malatya valisi Hulusi Şahin bildirib ki, ilkin məlumata görə, şəhərdə 130 bina çöküb. Şəhərdə nəqliyyatın sıx olduğu bildirilir. O, izah edir:
"Zəlzələsonrası təkanlar bizə çox təsir edir. Malatyada nəqliyyat çox pisdir, həm yollar buz bağlayıb, həm də maşınlar həddindən artıq çoxdur. Hamı maşınına minib binalardan uzaqlaşmağa çalışır.
Zəlzələsonrası təkanlara görə hamı "binalardan nə qədər uzaq olsa, bir o qədər yaxşıdır",- deyə fikirləşir və avtomobilinə minib binalardan uzaqlaşmağa çalışır ki, bu da yollarda sıxlıq yaradır".