Zəlzələdən sağ çıxan "ölülər": “Problemlərimiz çoxdur, ehtiyaclarımız ödənmir, təhlükədəyik”
20 Fevral 2023
Kişilər və qadınlar fəlakətləri fərqli yaşayır.
Türkiyə və Suriyada baş vermiş zəlzələlərdən sağ çıxan qadınların çoxu bu fəlakətdən sonra paylanan yardımın “gender korluğundan” şikayətlənirlər; bəziləri qələbəlik sığınacaqlarda, özlərinin və uşaqlarının təhlükəsizliyindən narahat vəziyyətdə yaşayır.
Qadın tualetlərinin, gigiyena vasitələrinin, yuyunma sahələrinin və analara səhiyyə xidmətlərinin qıtlığı Türkiyə və Suriyada zəlzələdən sonra ölərinə gəlməyə çalışan qadınların qarşılaşdıqları ilk çətinliklərdəndir.
Adanada zəlzələdən sağ çıxmış Nurcan Sayılır deyir ki, “Ən çox ehtiyacımız olan şey portativ tualetlərdir. Burdakı bütün kişilər və qadınlar eyni tualetdən istifadə edirlər. Çox qələbəlikdir, hansısa xəstəliyə yoluxmaqdan qorxuram”. Nurcan yataq xəstəsi olan 76 yaşlı anasıyla birlikdə sığınacaqda yaşayır.
Çətinliklər
Emer Özkılsız da Qaziantepdəndir və zəlzələdən sonrakı ikinci həftədə o da eyni çətinliklərdən danışır.
"Çox kirlənmişik. Yuyuna bilmirəm, uşaqlarımı yuyundura bilmirəm. Özümüzü sadəcə nəm salfetlərlə təmizləməyə çalışırıq. Gigiyenik pedimi dəyişmək üçün yer tapmağa çətinlik çəkirəm”.
Bu şəhərdə danışdığımız daha bir qadın - Emine Türker zəlzələ zamanı beş və üç yaşlı iki uşağını xilas edə bilib.
“İlk gecə parkdakı ala-yarımçıq bir sığınacaqda qaldıq. Yağış yağırdı. Yardım paylananda qarışıqlıq oldu, üst-başımız kirləndi, amma paltarlarımızı yumağa yer yoxdur. Heç nəyimiz yoxdur. İnsanlar narahatdırlar, qorxurlar".
Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu (UNFPA) qadınlara yardımı prioritet hesab edən təşkilatlardan biridir.
Qurum Türkiyədə zəlzələdən zərər çəkmiş təxminən 15 milyon insan arasında 214 mindən çox hamilə qadının olduğunu və onlardan 24 minə qədərinin bir ay ərzində ana olacağını bildirib.
UNFPA-nın zəlzələ bölgəsindəki kommunikasiya mütəxəssisi Zeynep Atılgan Özgenç qadınların onsuz da zəlzələdə ağır travma aldıqlarını deyir: “Biz istəmirik ki, onlar sığınacaq və təhlükəsizlik kimi böyük problemlərlə məşğulkən həm də özlərinin və uşaqlarının əsas ehtiyaclarına görə narahat olsunlar. Biz hamilə və yeni doğmuş qadınlara təmizlik və doğum dəstləri paylayırıq".
Bu dəstlərdə sabun, diş fırçası, diş pastası, alt paltarı, gigiyenik ped, uşaq yorğanı, uşaq bezləri və doğuşdan sonrakı yastıq var.
Təhlükə riski
Qadınların zəlzələdən dərhal sonra təhlükəsiz yer tapması həm Türkiyədə, həm də Suriyada böyük problemdir. Bir çoxu gecələr çöldə yatmalı olublar.
Sığınacaqların əksəriyyəti açıq və izdihamlı yerlərdədir və bu, qadınlar üçün potensial risk yaradır.
ActionAid xeyriyyə təşkilatının ərəb regionundakı Regional Kommunikasiyalar və Kampaniyalarının Beyrutda olan rəhbəri Sabine Abiaad BBC-yə deyib ki, “Onlar cinsi zorakılıq təhlükəsiylə üz-üzədirlər. 2015-ci ildə Nepalda baş verən zəlzələ zamanı da vəziyyət beləydi. Xüsusi yerlərin və ayrıca tualetlərin olmaması tualetləri və yuyunma yerlərini qadınlar və qızlar üçün təhlükəli hala gətirir" .
2015-ci ilin aprelində Nepalda 7,8 bal gücündə zəlzələ olub.
Nəticələri South Asian Legal Policy and Social Research Journal-da dərc edilmiş bir araşdırmaya görə, zəlzələdən sonra müvəqqəti sığınacaqlardakı qadınlara və qızlara qarşı şiddət xəbərləri artıb.
Qaziantepdəki sığınacağında yaşayan Emel Özkılsız özünün və uşaqlarımın təhlükəsizliyindən narahat olduğunu deyir:
“Hər dəfə çadırımızın girişi açılanda içəri kiminsə girəcəyindən qorxuram. Uşaqlarımı qorumaq üçün gecələr yatmıram. Bir qadın olaraq məni başa düşməlisiz. Biz çox narahatıq. Psixoloji depressiyadayıq. İş yox, pul yox”.
"Belə qələbəlik sığınacaqlarda yaşamaq çox qorxuludur. Qadınlar özlərini təhlükədə hiss edirlər. Məsələn, yemək növbəsində arxalarında kişi olanda narahatlıq keçirirlər. Burda polislər var, amma yenə də qorxurlar. Bundan başqa, uşaqlarının istismara məruz qalacağından da
narahatdırlar" - Qaziantepdəki “Masal Park” sığınacağında könüllü olaraq işləyən Zeynəb Karakurt deyir.
“Suriyalı qadınlara eyni dərəcədə diqqət göstərilmir”
Suriyanın şimalında vəziyyət daha pisdir.
Bu ölkədə əvvəldən də milyonlarla köçkün vardı və onların, demək olar ki, 90%-i zəlzələdən əvvəl də humanitar yardımdan asılı vəziyyətdə yaşayırdı.
UNFPA-nın Hələbdəki Suriya nümayəndəsi Himyar Əbdülmoğninin BBC-yə dediyinə görə, bu ölkədə zəlzələdən zərər çəkmiş 6 milyondan çox qadınınn 1,5 milyonu reproduktiv yaşdadır.
“Məhdud əlçatanlığa görə Suriyada qadınlara eyni dərəcədə diqqət və yardım göstərilmir, orda qadınların ehtiyacları prioritet sayılmır”.
UNFPA-nın Suriyadakı mobil qrupları zəlzələdən zərər çəkənlərə yardım dəstləri paylayır, səhiyyə xidməti göstərir, amma bu, kifayət deyil.
"Ehtiyacları həddindən artıq çoxdur. Bizim gördüyümüz işlərsə çox məhduddur. 220-dən çox müvəqqəti sığınacaqda 70 mindən çox insan yaşayır".
"Qadınlar əziyyət çəksələr də, mübarizdirlər"
Sabine Abiaad deyir ki, zələlələrdən sonra hər iki ölkədə məcburi uşaq nikahlarının sayında və uşaq əməyindən istifadə potensialında artım ola bilər.
“Uşaq nikahlarının səbəbi iqtisadi vəziyyət və ənənələrdir. Bəzi uşaqlar məktəblərini, evlərini, ailələrini itiriblər. Suriyanın şimalında ev və ya məktəb sözünün mənasını bilməyən uşaqlar var”.
Müşahidəçilərin fikrincə, iqtisadi resursların və məşğulluğun olmamasına, ev işlərinə və uşaq baxmaq məcburiyyətinə görə qadın və qızların səhhəti kişilərə nisbətən çox gec bərpa olunur.
Zeynep Karakurt qeyd edir ki, “Çadırlarda kişilərin də olmasına baxmayaraq uşaqlara qulluq etmək yükü qadınların üzərindədir. Belə toplumlarda qadınlara verilən rol budur”.
Bunu zəlzələ bölgəsində BBC-yə danışan qadınlar da deyiblər. Onlar özlərinin və uşaqlarının həyatlarını yenidən quracaqlar, amma bu, “vaxt alacaq”.
Sabine Abiaad "Ancaq bir vacib şeyi də vurğulamalıyam" deyir.
"Biz, qadınlara qurban kimi baxılmamalıdır. Qadınlar və qızlar mübarizə aparır. Bunu həmişə vurğulamalıyıq və qadınlar hər zaman yardım işlərində böyük bir liderlik rolunu oynayırlar”.
Çağıl Kasapoğlu & Fundanur Öztürk
BBC