“Zəlzələ məzarlığı”, yaxud didərgin ruhların harayı - REPORTAJ - FOTOLENT
17 Fevral 2023
Türkiyənin Hatay vilayətinin Antakya şəhərində yeni məzarlıq salınıb. Buraya ya “kimsəsizlər məzarlığı”, ya da “deprem mezarlığı”, yəni “zəlzələ məzarlığı” deyilir. Bu adları yerli əhali qoyub. Dağıntılar altından çıxarılmış, lakin şəxsiyyəti müəyyən olunmayan cənazələr burada dəfn olunur. Pressklub.az-ın əməkdaşı həmin məkanda olub.
“Kimsəsizlər”, ya da “zəlzələ məzarlığı” Antakyanın mərkəzindən 7 kilometr məsafədə yerləşən Narlıca məhəlləsinin yaxınlığında salınıb. Məzarlıq ciddi nəzarət altındadır. Polis, jandarma qüvvələri ətrafı diqqətlə müşahidə edir. Cənazə maşınları isə şəxsiyyəti məlum olmayan cəsədləri buraya gətirirlər.
Yerdə üzəri qara örtüklə qapadılmış 5 cəsəd uzadılıb. Cəsədlərin yaxınlığında isə “DNK örnəkləri və barmaq izləri alınan yer” plakatı asılıb. Məhkəmə tibbi ekspertləri də ərazidədir. Onlardan əlavə, zəlzələ qurbanı olan qohumlarını axtaran insanlar da ora-bura hərəkət edir. Burada ilk növbədə cəsədlərdən müəyyən analizlər götürülür, sonra onların fotoları çəkilir, bədənlərində hansısa əlamətin olub-olmaması müəyyən edilir və dəfn olunur. Başdaşını kiçik taxta parçası əvəz edir və üstü nömrələnir. Qohum və tanışları barədə xəbər tutmayan yerli sakinlər buraya gəlir, onlar da müvafiq analiz verir və cənazə dəfn olunmazdan əvvəl lentə alınmış fotoşəkil onlara göstərilir.
Burada hər kəs tibbi maska taxmalıdır. Biz də buna əməl edirik. Bu zaman bir nəfər yaxınlaşır və bizdən üç maska istəyir. Səbəbini də deyir: “Cəsədləri dəfn edəcəyik, ona görə lazımdır”.
Hatayın yerli hökuməti buraya kənar şəxsləri buraxmır, hətta medianı da uzaqlaşdırır, baxmayaraq ki, məzarlığın fotoları artıq geniş yayılıb. Buna görə də bir neçə fotonu uzaq məsafədən çəkməyə müvəffəq oluruq.
Bizdə olan məlumata görə, analoji qəbiristanlıq Kahramanmaraşda da salınıb və media oraya da buraxılmır.
Antakyada tanış olduğumuz Əlinin 19 yaşı var. Fotosunun çəkilməsini istəmir. Deyir ki, onun da qohumlarından birini burada dəfn ediblər. Amma hələ də hansı nömrə altında olduğu məlum deyil.
“Bizim adətimiz var, müsəlmanıq. Dünyadan köçən şəxs yuyulmalı, kəfənlənməli, sonra da cənazə namazı qılınıb, dəfn olunmalıdır. Bunlara isə əməl olunmayıb. Yəqin ki, xəstəliklərin yayılmasının qarşısını almaq üçün bu addımı atıblar”.
Antakyanın müxtəlif yerlərində dağıntılar olan ərazilərdə axtarış-xilasetmə işləri davam edir. Ekskavatorlar isə yeni salınmış məzarlıqda qəbirlər qazırlar.
Fevralın 6-da Kahramanmaraş vilayətində baş vermiş 7,6 və 7,7 bal gücündə olan zəlzələ, əlavə 9 vilayətdə də dağıntı və ölüm hallarına səbəb olub. Bunların arasında ən çox əziyyət çəkən isə Hatayın Antakya şəhəridir. Burada demək olar ki, salamat bina qalmayıb. Ölü sayı isə 10 minə yaxınlaşır.
Seymur Kazımov
Hatay, Türkiyə
Fotolar müəllfindir
[gallery td_select_gallery_slide="slide" ids="210947,210959,210962,210966,210970"]