Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zeliha nənənin arzusu - 90 yaşında tələbə oldu

Zeliha Qorxmaz Muğla sakinidir. Onun 93 yaşı var. Yaşlı qadın Muğla Sıtkı Koçman Universitetinin tələbəsidir.

Z. Qorxmaz 30 il müəllim kimi çalışıb. O təqaüdə çıxandan sonra da bekar qalmayıb. Müxtəlif geyimlər tikib, mütaliə edib və idmanla məşğul olub. Zeliha müəllimə "24 saat mənə yetmir... Özümü nənə kimi hiss etmirəm... Belim əyilib, amma yaşdan deyil, işdən" deyir.

Bu xanımın ən böyük arzularından biri də ömrünün bu çağında yenidən tələbəlik həyatı yaşamaq olub. Beləliklə o, 90 yaşında Muğla Sıtkı Koçman Universitetinə daxil olub.

"Heç ibtidai sinif şagirdləri mənim kimi həvəsli deyildilər. 4 il sevə-sevə, bəyənərək, böyük həvəslə getdik", - deyə Zeliha xanım qeyd edir.

Qeyd edək ki, Zeliha müəllimə ikinci tələbəliyini "Təzələnmə Universiteti" adlanan sistem əsasında keçirib. Dünyanın hər yerində yaşı 60-dan yuxarı olan insanları sosial həyata daxil etməyi qarşısına məqsəd qoyan Təzələnmə Universiteti layihəsi 5 ildir ki, Türkiyədə fəaliyyət göstərir.

Layihə nəzəri və tətbiqi kurslar, laboratoriya işləri, seminarlar və məşğələlərdən ibarət 4 illik böyüklər üçün təhsil modelindən ibarətdir. Məqsəd 60 yaşdan yuxarı insanların aktiv və pozitiv yaşlanmasına yardımçı olmaqdır. (Azvision)