Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenskinin ofisi: Rusiya qoşunları çıxmyana qədər Ukrayna atəşkəsə getməyəcək

Ukrayna prezidentinin müşaviri və Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinin üzvü Mixail Podolyak Rusiya qoşunları işğal etdikləri ərazilərdən çıxmayana qədər Kiyevin müharibədə atəşkəsə razılıq verməsi ehtimalını istisna edib.

Qoşunlar "ölkəni tərk etməlidirlər və bundan sonra sülh prosesini bərpa etmək mümkün olacaq", - Podolyak Reuters agentliyinə deyib. Amma o, bu tələbin Rusiyanın ilhaq etdiyi Krımı tərk etməsinə də şamil edildiyi dəqiqləşdirməyib.

Krım və Donbasın bir hissəsi hələ fevralın 24-də genişmiqyaslı işğaldan əvvəl Rusiyanın və rusiyayönlü qüvvələrin nəzarəti altında idi.

Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, Rusiya qoşunlarının fevralın 23-də olduğu öz mövqelərinə qayıtması halında danışıqlara hazırdır. Eyni zamanda, prezident və onun müşaviri, hər ikisi Moskva ilə ərazi güzəştlərini nəzərdə tutan istənilən sövdələşməni istisna edib.

Podolyakın fikrincə, qoşunların çıxarılması olmadan hərbi əməliyyatlarda istənilən fasilə ona gətirib çıxaracaq ki, bir müddət sonra gücünü bərpa edən Rusiya “yeni intensivliklə, daha da qanlı və irimiqyaslı yeni hücuma keçəcək”.

Prezident köməkçisi Kiyevin mövqeyinin getdikcə daha barışmaz olduğunu etiraf edib və Rusiya tərəfinin daha əvvəl verdiyi bəyanatlar da təsdiqləyib ki, hazırda faktiki olaraq tərəflər arasında sülh danışıqları aparılmır.

Eyni zamanda, Podolyak bir sıra Qərb ölkələrində təcili atəşkəs üçün edilən çağırışları “olduqca qəribə” adlandırıb. Belə bir təkliflə, xüsusən də İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni çıxış edib. “The New York Times” qəzeti Ukraynanın itirdiyi əraziləri hərbi yolla geri qaytara bilməyəcəyinə dair məqalə dərc edib. Mixail Podolyak israr edir ki, Qərb Rusiyaya “ağrılı məğlubiyyət” vermək üçün Ukraynanı dəstəkləməyə davam etməlidir.

Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü artıq 3 aya yaxındır davam edir. Fevralın 24-də qonşu ölkəyə qarşı başladığı genişmiqyaslı müharibəni Rusiya hakimiyyəti “xüsusi əməliyyat” adlandırır. Rusiya qoşunları Ukraynanın cənub vilayətlərinin bir hissəsini nəzarətə götürərək ölkənin Azov dənizi ilə əlaqəsini kəsib.

Rusiya ordusu Kiyevdən geri çəkilməyə məcbur olsa da hazırda müharibə Ukraynanın şərqindəki Luqansk və Donetsk vilayətlərində gedir.