
Zelenskinin ikinci cəbhəsi: Ukrayna sakitcə yeni seçkilərə zəmin hazırlayır
04 Aprel 2025
Volodimir Zelenski 2019-cu ildə seçkilərdə böyük qələbə qazanaraq televiziya ulduzluğundan Ukraynanın prezidenti vəzifəsinə yüksəldi. İndi isə onu daha böyük bir seçki sınağı gözləyir: Rusiyanın üç ildən artıqdır ki başlatdığı genişmiqyaslı işğal müharibəsindən sonra ilk dəfə hərbi şəraitdə prezidentliyini seçkiyə çıxarmaq.
Qərb tərəfdaşlarının artan təzyiqləri fonunda Ukrayna hökuməti yeni seçkilərə zəmin hazırlayır. Bu səsvermə Zelenskinin vətənpərvər dəstəyinin gücünü və müharibədən yorulmuş ukraynalıların yeni rəhbərlik istəyib-istəmədiyini sınaqdan keçirəcək.
Rəsmilər proseslə bağlı səylərin sürdüyünü inkar edirlər. Onlar 2022-ci ilin fevralında Rusiyanın işğalından dərhal sonra elan edilmiş hərbi vəziyyətin seçkilərin keçirilməsinə mane olduğunu əsas gətirirlər.
"Biz seçkilər keçirməyə hazırlaşmırıq, çünki müharibə dövründə Konstitusiyaya, mövcud qanunvericiliyə və təhlükəsizlik problemləri səbəbindən, sağlam məntiqə əsasən, seçkilər keçirmək mümkün deyil", – prezident ofisinin sözçüsü Dmitro Litvin AzadlıqRadiosunun Ukrayna xidmətinə bildirib.
Lakin rəsmilər faktiki olaraq detalları planlaşdırmağa və bülletenlərin çapından tutmuş, seçki məntəqələrində təhlükəsizliyin təmin edilməsinə və ölkədən kənarda yaşayan milyonlarla ukraynalı qaçqının səsvermədə iştirakına qədər bütün aspektləri müəyyənləşdirməyə başlayıblar.
"Mən görürəm ki, son aylarda seçkilərə real hazırlıq gedir", - qeyri-hökumət təşkilatı olan Ukrayna Seçicilər Komitəsinin rəhbəri Oleksiy Koşel deyib. "Biz seçki qərargahlarında çoxlu aktivlik əlamətləri müşahidə edirik, reklamlar səssizcə yayılır, partiya liderləri haqqında milyonlarla xüsusi məlumat bülleteni paylanır".
Koşelin sözlərinə görə, Ukraynada seçki kampaniyası de-fakto artıq başlayıb.
Vaşinqtondakı Avropa Siyasəti Analizi Mərkəzinin əməkdaşı Olena Davlikanova bildirib ki, siyasi partiyaların yeni seçkilərə hazırlaşdığına dair çoxlu işarələr var. Lakin onun sözlərinə görə, bu, yalnız Rusiya faktiki olaraq atəşkəsə razılaşdığı təqdirdə mümkün ola bilər.
Davlikanova AzadlıqRadiosuna deyib: "Çoxumuz, (prezident Vladimir) Putinin sözünün üstündə duracağına inanmırıq. Atəşkəs olmadan Ukraynada seçkilərin keçirilməsi mümkün deyil".

Prezidentliyə namizəd Volodimir Zelenski 2019-cu il prezident seçkisi üçün ilk exit-poll nəticələrinin açıqlanmasına reaksiya verir.
"Xalqın xidmətçisi"
Əvvəlcə sevilən bir komediya truppasının üzvü, sonra isə "Xalqın xidmətçisi" serialında təsadüfən prezident olan məktəb müəllimi obrazında çıxış edən Zelenski 2019-cu ildə prezident seçkisində ozamankı prezident Petro Poroşenkonu məğlub edərək seçkidə parlaq qələbə qazanıb. Ukraynalıları onun yeni siması, Putinlə, daha geniş mənada Rusiya ilə münasibətləri normallaşdırmaq vədləri cəlb edirdi. Lakin Zelenskinin prezidentliyinin üç ili tamam olmamış Putin Ukraynaya 100 mindən çox qoşun yeritmək əmri verdi və bununla da, İkinci Dünya müharibəsindən sonra Avropada ən böyük quru müharibəsinə başladı.
Ukrayna prezidentləri beşillik müddətə seçilir. Zelenski 2024-cü ildə yenidən seçkilərdə iştirak etməli idi. Lakin hökumət rəsmiləri maddi-texniki maneələri nəzərə almadan belə, hərbi vəziyyət şəraitində yeni seçkinin hüquqi cəhətdən mümkün olmamasında israr edirlər.
Bu isə kənar tənqidlərə yol açıb. Ukrayna dövlətinin mövcudluğunu belə şübhə altına alan Putin seçkilərin keçirilməməsi səbəbindən Zelenskini qeyri-legitim prezident olmaqda ittiham edib. Ötən həftə o, Ukraynanın BMT-nin dəstəklədiyi keçid hökuməti altında idarə olunmasını təklif edib.
"Heç kim Putinin nə dediyinə əhəmiyyət vermir, çünki Ukrayna qanunvericiliyi çox aydındır: hərbi vəziyyət ləğv olunmasa və seçkilər lazımi qaydada təşkil olunmasa, bütün hakimiyyət legitimdir", - Davlikanova deyib.
Lakin Ukrayna ordusunun ən böyük silah tədarükçüsü olan ABŞ-dən də bu məsələ ilə bağlı tənqidlər olub. Fevralda Ağ evdə gərgin görüş ərəfəsində Zelenski ilə münasibətləri hələ ilk prezidentlik dövründən bəri gərgin olan ABŞ prezidenti Donald Tramp onu "seçkisiz diktator" adlandırıb.
Kənardan gələn tənqidlər ukraynalılar arasında Zelenskinin nüfuzunu gücləndirib. Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun keçirdiyi sorğu son həftələrdə Zelenskiyə etimadın ikiqat artdığını göstərib. Oval kabinetdəki görüşdən qısa müddət sonra Ukrayna parlamenti Zelenskini dəstəkləyən və yeni seçkilərin yalnız "hərtərəfli, ədalətli və davamlı sülh" əldə edildikdən sonra keçirilməsi ilə bağlı qətnamə qəbul edib.

Prezident Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnıya "Qızıl Ulduz" ordenini təqdim edərkən.
Zelenskinin dəstəkçiləri üçün bu, mümkün rəqibləri sıradan çıxarmaq üçün yeni seçkinin daha tez keçirilməsinə qərar vermək üçün səbəb ola bilər. Birinci növbədə rəqiblər arasında Kiyevin Londondakı səfiri, əvvəlki populyar baş komandan Valeri Zalujnı nəzərdə tutulur. Zalujnı 2023-cü ilin noyabrında yazdığı məqalədə hökumətin qərarlarını açıq şəkildə sorğuladıqdan sonra Zelenski tərəfindən hərbi vəzifəsindən uzaqlaşdırılıb.
Londona gəldikdən sonra Zalujnı Zelenskiyə qarşı namizəd olacağı barədə heç bir açıqlama verməyib. Lakin, o, mütəmadi olaraq ictimai rəy sorğularında ən yüksək sıralarda yer alır.
Digər tanınmış siyasi fiqurlar da seçki keçirilərsə, Zelenskiyə qarşı namizəd olmağı düşündüklərini açıqlayıblar. Fevralda varlı işadamı Poroşenkonun Vaşinqtona səfər edərək Tramp administrasiyasının rəsmiləri ilə görüşü diqqət çəkib. Konfransda çıxış edərkən o, Zelenskinin milli koalisiya qurmalı olduğunu deyib. "Bunun əvəzinə, biz çox qəribə bir seçki hazırlığı görürük", - Poroşenko bildirib.
"Məndə olan məlumata görə, hərbi əməliyyatlar başa çatdıqdan sonra prezident seçkilərinin mümkün qədər tez təşkili və keçirilməsi haqqında qərar qəbul edilib", – müxalifətçi deputat Oleksiy Qonçarenko AzadlıqRadiosunun Ukrayna xidmətinə bildirib.
Maddi-texniki maneələr
ABŞ-nin vasitəçiliyi ilə atəşkəs elan edilərsə, seçki qanununa görə, namizədlərin kampaniya aparması üçün azı 60 gün tələb olunur. Əgər atəşkəs 20 aprel – Pasxa günü başlanarsa, bu, Ukraynada seçkilərin ən tezi iyulun əvvəllərində keçirilməsi deməkdir.
Lakin təşkilati detallar çox böyükdür: milyonlarla ukraynalı xarici ölkələrdə qaçqın vəziyyətindədir, sadəcə onlara səsvermə bülletenləri çatdırmaq belə böyük bir çətinlikdir. Həmçinin, ön cəbhədə döyüşən hərbçilərə səs vermək imkanı yaratmaq da eyni dərəcədə mürəkkəbdir.
"İndi, deyəsən, cəmiyyətdə və siyasətçilər arasında konsensus var ki, hərbi vəziyyət başa çatdıqdan sonra seçkilərə hazırlaşmaq üçün qanunla müəyyən edilmiş müddətdən daha uzun müddət lazımdır", - Mərkəzi Seçki Komissiyasının rəhbəri Oleq Didenko "Ukrainska Pravda"ya müsahibəsində bildirib.
Yazı AzadlıqRadiosunun Ukrayna xidmətinin baş redaktoru Rostislav Xotin və radionun aparıcı beynəlxalq müxbiri Mayk Ekkel tərəfindən hazırlanıb.