Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenski: Yaxın Şərqdə müharibə Ukraynaya dəstəyi zəiflədə bilər

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ və İsrailin İrana qarşı uzanan müharibəsinin Vaşinqton tərəfindən Kiyevə dəstəyin zəifləməsinə səbəb ola biləcəyindən narahatlığını ifadə edib.

Zelenski bu barədə "The Associated Press" agentliyinə açıqlamasında bildirib.

Qeyd olunub ki, Vaşinqtonun qlobal prioritetləri dəyişir, Kiyev isə Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin əvvəlindən bəri qeyri-kafi miqdarda tədarük edilən "Patriot" hava hücumundan müdafiə sistemləri üçün kritik zəruri raketlərin tədarükünün azalmasına hazırlaşır.

"Rusiya Silahlı Qüvvələrinin gündəlik atəşlərinə qarşılıq vermək üçün Ukraynanın daha çox sayda Amerika istehsalı olan "Patriot" HHM sistemlərinə ehtiyacı var", - Zelenski qeyd edib.

Onun sözlərinə görə, Rusiya qoşunları Ukrayna şəhərlərini və cəbhə xəttinin arxasındakı rayonları, xüsusən də Ukraynanın enerji infrastrukturunu intensiv şəkildə atəşə tutmağa davam edir.

"Biz etiraf etməliyik ki, bu gün biz prioritet deyilik. Buna görə də qorxuram ki, uzanan müharibə (İranla - red.) ölkəmizə olan dəstəyi azaldacaq", - Zelenski narahatlığını ifadə edib.

Ukrayna liderinin sözlərinə görə, Yaxın Şərqdə gərginliyin artması yalnız Rusiyanın xeyrinə işləyir. Hərbi resursların tükənməsinin Ukrayna şəhərlərini ballistik zərbələrə qarşı daha həssas etdiyi bir vaxtda neftin qiymətlərinin kəskin artması iqtisadi cəhətdən Rusiya üçün sərfəlidir.

Kiyevin əsas məqsədi Moskvanın iqtisadiyyatını zəiflətmək və müharibəni yolverilməz dərəcədə bahalı fəaliyyətə çevirməkdir. Məqalədə qeyd olunub ki, İran tərəfindən Hörmüz boğazının bağlanması səbəbindən neftin qiymətinin kəskin artması bu strategiyanı alt-üst edir, Kremlin neft satışından əldə etdiyi gəlirləri artırır və Moskvanın hərbi əməliyyatları davam etdirmək qabiliyyəti güclənir.

"Bunun sayəsində Rusiya əlavə pul əldə edir, yəni onlar qazanclı vəziyyətdədirlər", - Zelenski Rusiya neftinə qarşı Amerika sanksiyalarının qismən yumşaldılmasına istinad edərək vurğulayıb.