Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenski və Cinpin telefonla danışıblar

Çin Xalq Respublikasının sədri Si Cinpin Rusiyanın Ukraynaya müdaxiləsi başlanandan bəri ilk dəfə olaraq Ukrayna prezidneti Volodomir Zelenskiyə zəng edib.

Bu barədə Zelenski özünün Twitter hesabından yazıb.

Çinin dövlət xəbər agentliyi Sinxua bildirir ki, Pekin Kiyevə müharibə tərəfləri ilə danışıqların aparılması üçün “xüsusi nümayəndə” göndərəcək.

Zelenski Si ilə söhbətin “uzun və mənalı” olduğunu vurğulayıb:

"İnanıram ki, bu zəng, habelə Ukraynaya Çin səfirinin təyin edilməsi ikitərəfli münasibətlərimizin inkişafına güclü təkan verəcək”.

Ukrayna prezidentinin ofisi telefon söhbəti barədə daha təfsilatlı məlumatın daha sonra veriləcəyini bildirib.

Sülh danışıqlarına çağırış


Hələ mart ayında Sinin Moskvaya səfərindən əvvəl The Wall Street Journal qəzeti yazırdı ki, Çin rəhbəri Zelenski ilə danışmağı planlaşdırır.

Qəzet qeyd edirdi ki, Pekin bununla da dünya danışıqlar prosesindəki rolunu nümayiş etdirmək istəyir.

Ötən fevral ayında Pekin Ukraynada müharibənin sona çatdırılması üçün sülh planı təklif etmişdi.

Pekin atəşkəs elan edilməsini və humanitar böhranın aradan qaldırılmasını təklif edirdi.

Ukrayna və Qərb bu təklifi tənqid etmişdilər. Onlar bildirirdilər ki, təklifdə Rusiya qoşunlarının Ukraynadan çıxarılmasına dair heç nə deyilmir.

Sky News Çinin hökumət mənbələrinə istinadla yazır ki, söhbət zamanı Si Rusiya və Ukrayna arasında sülh danışıqları başlanmasına çağırıb və “nüvə müharibəsində heç kimin qalib ola bilməyəcəyinə” dair xəbərdarlıq edib.

Si habelə qeyd edib ki, Pekin Kiyevə “humanitar yardım” göstərəcək.

Çin obyektiv vasitəçi ola bilərmi?


Çin dövlət televiziyasının məlumatına görə Si bütün tərəfləri nüvə məsələsində təmkinli və ehtiyatlı olmağa, özlərinin və bəşəriyyətin taleyini və gələcəyini düşünməyə çağırıb.

Zelenski martın sonlarında müharibə başlanandan bəri Çin lideri ilə söhbət etməməsindən gileylənmiş, Si Tsinpini Kiyevə dəvət etmişdi.

Çinin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Sinin Zelenskiyə zəng etməsi Pekinin beynəlxalq məsələlərdə həqiqətən də “tərəfsiz və obyektiv” olduğunu nümayiş etdirib.

Qərb Çinin bu münaqişənin vasitəçiliyində obyektiv roluna şübhə ilə yanaşır.

Pekin Rusiyanın Ukraynaya səbəbsiz və əsassız hücumunu indiyədək pisləməyib, Rusiyaya diplomatik və maliyyə dəstəyi verib.