
Zelenski "Putinin nə etdiyini anlamaq üçün" Trampı Ukraynaya çağırıb
15 Aprel 2025
Ukrayna prezidenti Volodimir Zelenski Amerikanın "CBS News" telekanalında yayımlanan "60 dəqiqə" proqramına verdiyi müsahibədə ABŞ prezidenti Donald Trampı Ukraynadakı müharibə ilə bağlı hər hansı qərar verməzdən əvvəl və "Putinin nə etdiyini başa düşmək üçün" Ukraynaya səfər etməyə çağırıb.
"Biz sizin mövqeyinizə hörmətlə yanaşırıq. Amma xahiş edirəm, hər hansı qərar verməzdən və ya danışıqlar planı qurmazdan əvvəl bura gəlin, insanlara, dinc sakinlərə, hərbçilərə, xəstəxanalara, kilsələrə, ölən və ya yaralanan uşaqlara baxın. Gəlin, baxın, sonra isə müharibəni necə bitirmək barədə birlikdə plan quraq. Siz onda anlayacaqsınız ki, kiminlə qarşı-qarşıyasınız", –Zelenski Trampa müraciətində bildirib.
Müsahibə aprelin 4-də Rusiyanın zərbəsi nəticəsində 9-u uşaq olmaqla 20 nəfərin həlak olduğu Krivoy Roqda aparılıb.
Telekanal həmçinin qeyd edib ki, Rusiyanın genişmiqyaslı işğal müharibəsində Ukraynada təxminən 13 min dinc sakin öldürülüb, onların arasında təxminən 600 uşaq da var. Bu rəqəmlər BMT tərəfindən də təsdiqlənmiş məlumatlara əsaslanır. Qeyd olunur ki, əslində ölənlərin sayı daha çox ola bilər.
Zelenski həmçinin bildirib ki, Rusiya və onun prezidenti Vladimir Putinə etibar etmək olmaz. Onun fikrincə, Putinin son məqsədi "Rusiya imperiyasını dirçəltmək və hazırda NATO-nun müdafiəsi altında olan əraziləri geri qaytarmaqdır".
"Bütün bunları nəzərə alaraq hesab edirəm ki, vəziyyət dünya müharibəsinə çevrilə bilər", –Ukrayna prezidenti vurğulayıb.
O, eyni zamanda, bir daha Ukraynanın hazırda Rusiya nəzarətində olan ərazilərdən imtina ehtimalını rədd edib. Bununla belə, Zelenski qeyd edib ki, bu fikirlər danışıqlar və münaqişənin diplomatik yolla həlli imkanlarını istisna etmir.
ABŞ-nin mövqeyi barədə danışan prezident Zelenski deyib ki, onun fikrincə, "neytral qalmaq" mövqeyi düzgün deyil və ABŞ Ukraynanı dəstəkləməlidir.
Zelenski daha əvvəl bildirmişdi ki, Donald Tramp "Rusiya təbliğatının balonuna düşüb". Bu açıqlama Ağ ev tərəfindən mənfi qarşılanmışdı. Bu dəfə Zelenski ABŞ prezidentinə qarşı birbaşa tənqidlərdən çəkinib.
"Current Times" qeyd edir ki, müsahibənin efirə getməsindən sonra D.Tramp CBS-in "60 dəqiqə" proqramını tənqid edib.
"Amma bu həftəsonunun "translyasiyası" hər şeyi geridə qoydu. Onlar bir yox, iki əsas süjeti Trampa həsr ediblər, onlardan biri Ukrayna ilə bağlı idi", –Tramp "Truth" hesabındakı paylaşımında yazıb.
Tramp dəfələrlə bəyan edib ki, onun məqsədi Ukraynadakı müharibəyə son qoymaqdır, bu isə Kiyevin müəyyən güzəştlərə getməsi hesabına mümkün ola bilər.
Kiyev və Vaşinqton arasında bu məsələ ilə bağlı fikir ayrılığı fevralın sonunda Ağ evdə Tramp ilə Zelenski arasında baş verən açıq mübahisədə də öz əksini tapıb.

Sumı raket hücumundan sonra
Rusiyanın 'dəhşətli' raket zərbəsində onlarla adam öldürülüb
Rusiya qüvvələrinin aprelin 13-də Ukraynanın Sumı şəhərinə raket zərbəsində azı 34 nəfər həlak olub. Ukrayna, ABŞ, Avropa İttifaqı liderləri, BMT bu hücumu pisləyib.
Öldürülənlərdən ikisi uşaqdır. 15-i uşaq olmaqla, azı 117 nəfər xəsarət alıb.
Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen hücumu “beynəlxalq hüququn kobud pozuntusu” adlandırıb. “Atəşkəsin tətbiqi üçün güclü tədbirlər görülməlidir”, – o deyib.
BMT-nin baş katibi Antonio Quterreş Sumıya hücumdan “dərin narahatlıq və sarsıntı” keçirib, onun sözçüsü belə deyib.
ABŞ prezidenti Donald Tramp Rusiyanın Sumıya hücumunu “dəhşətli” adlandırıb.
“Məncə, bu dəhşətli idi. Mənə dedilər ki, onlar səhv ediblər. Məncə, müharibə bütövlükdə dəhşətlidir”, – prezident deyib, amma “səhv ediblər” deməklə nəyi nəzərdə tutduğunu açıqlamayıb.
Moskva Ukraynada apardığı təcavüzkar müharibədə mülki hədəfləri bilərəkdən hədəfə alması iddialarını rədd edir. Amma xəstəxanalar, məktəblər, enerji obyektləri, yaşayış binaları dəfələrlə hücuma məruz qalıb.
Almaniya, Britaniya, Fransa, İtaliya liderləri hücumu pisləyiblər.
Ukraynanın daxili işlər naziri İhor Klimenko deyib ki, polis əraziyə çıxışı məhdudlaşdırıb, çünki orada fövqəladə xidmətlər işləyir.
AzadlıqRadiosunun müxbiri hücumdan çox keçməmiş həmin yerdə olub, hücumun “şəhərin mərkəzində – çox izdihamlı yerdə” baş verdiyini, həmin vaxt xeyli ukraynalının kilsəyə getdiyini deyib.
“Adamlar orada uşaqları ilə gəzirlər. Bəzi kafelər var. Bütün maşınlar, bütöv bir avtobus yanıb. Xeyli dağıntı var, xeyli adam öldürülüb”, – Alyona Yatsina söyləyib.
Ukrayna hərbi kəşfiyyatının başçısı Kirilo Budanov Telegram-da yazıb ki, Sumıya Rusiyanın Voronej və Kursk vilayətlərindən iki Iskander-M / KN-23 ballistik raketləri atılıb.
Ukrayna prezidenti Volodimir Zelenskinin administrasiya başçısı Andrey Yermak raketlərdə klastr bombalarının olduğunu iddia edib.
Bundan öncə Rusiyanın Krivoy Roqa zərbəsində doqquzu uşaq olmaqla 20 nəfər həlak olub.
“Rusiyadan Sumıya dəhşətli raket zərbəsi. Rusiya raketləri adi küçələri vurur, binaları, təhsil ocaqlarını, küçələrdə maşınları dağıdırlar”, – prezident Volodimir Zelenski insidentdən sonra X postunda yazıb.
BMT-nin ötən ay yaydığı məlumata görə, 2025-ci ilin əvvəlindən münaqişədə azı 413 dinc sakin öldürülüb, 2 mindən çox adam xəsarət alıb.