Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenski Makronu “diplomatik rəqsdə” ittiham etdi 

Qarabağ müharibəsində Ermənistanı xilas etmək üçün Fransa prezidenti Makronun nələrə əl atdığı yaddaşlardan silinməyib. İndi də bəlli olur ki, o, Rusiya lideri Putini xilas etmək üçün Ukraynanı suverenliyini məhdudlaşdırmağa təhrik edirmiş. Bu barədə Ukrayna lideri Zelenski İtaliyanın “Rai 1” telekanalına müsahibəsində danışıb. 

“Biz Rusiya üçün çıxış yolu axtarmamalıyıq və cənab Makron nahaq belə edir... O, vasitəçi kimi müəyyən nəticələr əldə etmək istəyirdi, buna nail olmadı, amma bizə görə yox, Rusiyaya görə”, - Zelenski deyib. 

Müsahibədə o, bir sıra sirlərin üstünü açıb. Bildirib ki, Makron Putinə sifətini qorumaq imkanı yaratmaq məqsədi ilə Ukrayna prezidentinə öz ölkəsinin müstəqilliyini daraltmaq təklifi gətirib:

“Mənə elə gəlir ki, bu, çox da korrekt deyil. Biz kiminsə marağını qorumaq üçün torpaqlarımızı itirməyə hazır deyilik”. 

Zelenskinin sözlərinə görə, Avropa liderləri uzun illər Rusiyaya və Putinlə yol tapmağa çalışıblar və vaxtı ilə eyni qaydada Hitlerə də “dünyanı yenidən bölüşdürmək barədə düşünməyə imkan veriblər”.

“Fevralın 24-də Rusiya göstərdi ki, onun belə şeylər vecinə deyil, bir torpağı tutmaq ağlına yerləşibsə, bunu edəcək. Ona görə də Emmanuelin diplomatik rəqslərinə ehtiyac yoxdur. O prezident oldu, mən də dəstəklədim. Ancaq yana addım atmaq lazım deyil, tarix bunu bağışlamır. Əgər sənə məxsus olanı qaytarmaq istəyirsənsə, yalnız irəli getməlisən”, – Zelenski söyləyib. 

Ukrayna prezidenti həmçinin bildirib ki, Putinlə danışıqlara hazırdır, amma bu, ultimatum yox, dialoq şərti ilə ola bilər.