Zelenski: BƏƏ-dəki danışıqlarda ərazi məsələsi müzakirə ediləcək
23 Yanvar 2026
Yanvarın 23-də BƏƏ-də Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüş keçiriləcək.
Bu barədə ölkə Prezidenti Volodimir Zelenski Davos Dünya İqtisadi Forumunda çıxışı zamanı bildirib. Görüş iki gün davam edəcək.
Onun sözlərinə görə, Ukrayna nümayəndə heyətinin tərkibinə Prezident Ofisinin rəhbəri Kirill Budanov, onun birinci müavini Sergey Kislitsa, Ali Radada "Xalqın xidmətçisi" fraksiyasının lideri David Araxamiya və Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının rəisi Andrey Qnatov daxil olacaq.
Zelenski onu da qeyd edib ki, üçtərəfli danışıqlarda ərazi məsələsi müzakirə ediləcək.
"Düşünürəm ki, üçtərəfli görüşlərdə biz bir-birimizə variantlar təqdim edəcəyik. Onlar ölkəmizin şərqi ilə bağlıdır. Bu, torpaq məsələsidir", - Ukrayna lideri deyib.
O əlavə edib ki, bununla belə bu məsələ ilə bağlı yekun qərarlar hələ qəbul edilməyib.