Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenski: "Baxmutu uduzmaq olmaz, yoxsa..." 

Ukraynalı müdafiəçilər Rusiyanın Baxmut şəhərinə böyük hücum dalğalarını dəf ediblər. Məlumatı ordu martın 29-da yayıb. Prezident Vladimir Zelenski isə deyib ki, Rusiyanın davamlı hücumlarının episentrinə çevrilmiş bu şəhər uğrunda döyüşləri uduza bilməzlər.

“Düşmən Baxmut şəhərinə hücumu davam etdirir”, – Silahlı qüvvələrin Baş Qərargahı gündəlik hesabatında bildirib.

“Ancaq müdafəçilərimiz şəhəri qəhrəmancasına əlində saxlayır, düşmənin saysız hücumlarını dəf edir”, – məlumatda vurğulanır.

Baxmutla yanaşı Avdiyevka, Marinka, Lıman şəhərlərinin də Rusiya qüvvələrinin amansız atəşinə məruz qaldığı vurğulanır. Ordu son 24 saat ərzində düşmənin ümumilikdə 57 hücumunun qarşısının alındığını qeyd edir.

Rusiya əsgərlərinin həmçinin 18 havadan zərbə və 3 raket zərbəsi həyata keçirdiyi deyilir. Ancaq bu informasiyanı müstəqil təsdiqlətmək mümkün olmayıb.

Rusiya qüvvələri cənubda Xerson vilayətini də atəş altında saxlayır. Xerson şəhərində yaşayış binalarının, xəstəxananın, fabrikin hədəfə alındığı bildirilir.

Baxmutda uduzmaq olmaz


Prezident Zelenski isə bir daha bildirib ki, Ukrayna nəyin bahasına olursa-olsun, Baxmutu əlində saxlamalıdır. O xəbərdarlıq edib ki, Prezident Vladimir Putin Rusiyanın orada qələbəsindən Ukraynanı ağrılı kompromislərə vadar edəcək sülh sazişinə beynəlxalq dəstək yığmağa tramplin kimi yararlana bilər.

Putin “bu qələbəni Qərbə, öz cəmiyyətinə, Çinə, İrana satar”, – Zelenski martın 29-da “The Associated Press”ə müsahibəsində vurğulayıb.

“Qan iyi hiss eləsə – yəni, zəifliyimizin qoxusunu alsa, elə hey irəli gedəcək”, – Zelenski söyləyib.

Ukrayna ordusunun komandirləri əks-hücumlarının uzaqda olmadığını, ancaq bu arada Baxmuta nəzarəti saxlamaq istədiklərini deyirlər.

Ordu martın 28-də bəyan edib ki, qərbin çoxdan vəd elədiyi avadanlığı, o cümlədən Almaniya istehsalı Leopard 2 tanklarını alıb.

Təcavüz “daha tez başa çata bilər”

Zelenski martın 28-də ənənəvi axşam videomüraciətində dünyanı Rusiyanın təcavüzünü dayandırmaqdan ötrü daha təkidli davranmağa çağırıb.

Onun sözlərinə görə, Rusiyanın təcavüzünün bəzilərinin dediyindən “daha tez başa çata biləcəyinə” inanır. “Dünya daha cəld hərəkətə keçərsə, daha qətiyyətli olarsa”, bu təcavüz tez bitə bilər, Zelenski vurğulayıb.

Zelenski martın 28-də Ukraynanın şimal-şərqindəki Sumı vilayətinə işçi səfər edib. O, Oxtırka şəhərinə qəhrəman şəhər mükafatı təqdim edib. Prezident Sumı və Çerniqov vilayətlərində yerli rəsmilər, Rusiyayla həmsərhəd bu iki vilayətin qorunmasına birbaşa məsuliyyət daşıyan komandirlərlə görüşüb.