Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Z" Kosovoya da gedib çıxdı...

Bu həftə Kosovonun şimalında etnik məsələlər və qarşıdurmaların alovlandığı bir vaxtda Priştina hakimiyyətinə müqavimətin əlaməti olan Serbiya bayraqları ilə yanaşı, Rusiya ekspansiyasının güclü bir simvolu peyda olub.

AzadlıqRadiosunun Balkan xidməti və digər KİV-lər Ukraynanı işğal edən Rusiya texnikasının üstündəki “Z” hərfinin Kosovo polisi və NATO sülhməramlılarının maşınları üzərində şəkillərini paylaşıblar.

Bir qrup maskalı şəxs, mayın 29-da şiddətli zorakılığın baş verdiyi Zvecanda Kosovonun xüsusi polis bölmələrinin zirehli mavi yük maşınlarına sprey boyayla bu hərfi yazarkən saxlanılıb.

KFOR missiyasının “təhriksiz hücumlar” adlandırdığı hadisələrdə 30-dan çox NATO sülhməramlısı yaralanıb və onlarla serb etirazçı xəsarət alıb.

İğtişaşlar ocağı


İğtişaşlar, boykot edilmiş seçkilərdən və serblərin çoxluq təşkil etdiyi Kosovonun şimalına hakimiyyətin etnik alban merlərini israrla vəzifəyə təyin etməsindən sonra başlayıb. Bu arada Qərb regionda gərginliyi azaltmaqla bağlı təkidli çağırışlar edib.

Şimali Kosovo Balkanlarda etnik-millətçi iğtişaşlar ocağıdır. Avropanın ən təhlükəli qaynar nöqtələrindən birinə çevrilmiş Ukraynanı çıxsaq, qərbyönlü siyasi qüvvələri rusiyapərəst həmkarları ilə qarşı-qarşıya gəldiyi nöqtədir.

İğtişaşdan sonrakı günlərdə rəsmi Belqrad və serb nümayəndələri etirazçılardan bəzilərinin “Z” simvoluna əl atmasına sükutla yanaşıblar. Bu, Priştinaya və Kosovonun müstəqilliyini dəstəkləyən Qərbə “orta barmaq” göstərmək, Serbiyanın müttəfiqi Rusiyayla həmrəylik göstəricisi sayıla bilər.

Nə bölgənin dominant serb siyasi partiyası, nə də Serbiyanın Kosovo ilə əlaqələr üzrə ofisi, AzadlıqRadiosunun simvolun Kosovonun şimalındakı qaynar nöqtələrdə görünməsi ilə bağlı suallarını cavablayıb.

Ehtimallar


Serblərin və etnik albanların Serbiya-Kosovo münaqişəsini yoluna qoya bilməməsi, üstəlik, Aİ və ABŞ-ın təhriklərinə baxmayaraq, Belqradın Kosovonu tanımamasına Moskvanın diplomatik dəstəyini nəzərə alsaq, regiondakı analitiklərin bəzi ehtimallar irəli sürürlər.

Onların fikrincə, bu, azlıqda olan serbləri özlərinin kollektiv inamını gücləndirmək üçün “daha böyük güclə birləşməyə” həvəsləndirə, Kosovo hakimiyyətinə müqavimətə yönəlik “aqressiv hərəkətlər dəstəklənə”, Serbiyanın Kosovonun Qərb müttəfiqləri ilə əməkdaşlığa meyli azala bilər.

“Bu, Rusiya kimi ölkəylə vizual identifikasiyayla özünə inam yaratmağın və əhalinin [etnik serblərin] daha böyük geosiyasi mozaikanın vacib hissəsi olması fikrinin təbliğinin simvolik bir yoludur”, – Priştina Universitetinin sosiologiya professoru və siyasi analitiki Artan Muhaxhiri bildirib. Muhaxiri eyni zamanda bu cür fəaliyyətlərin səmərəsiz ola və daha çox “siyasi motivli performans sənəti” kimi görünə biləcəyini də qeyd edib.

“Rusiyapərəst ünsürlər hər şeyi pozmaq istəyirlər”


Belqraddakı Avropa Məsələləri İnstitutunun icraçı direktoru Naim Leo Bəşiri (Naim Leo Beshiri) Rusiyanın Ukraynaya təcavüzünün böyük əziyyətlərə yol açdığını, regionda sabitliyi pozduğunu bildirib. Digər tərəfdən, Serbiyayla Kosovonun Qərbin vasitəçiliyi ilə danışıqların son mərhələsində olduğu deyildiyi bir vaxtda “Z” simvolu Kosovonun şimalında peyda olur, bunu da Bəşiri qeyd edir.

Kosovonun baş naziri Albin Kurti yanvarda Rusiya ilə Serbiya arasında əməkdaşlığın güclənməsini əsas gətirərək, Kosovonun təhlükəsizliyinə təhdid yarandığını bildirib. O, ölkəsindəki NATO qoşunlarının sayının artırılmasını xahiş edib.

“Aydındır ki, Serbiya və Kosovonun şimalındakı rusiyapərəst ünsürlər indiyə qədər razılaşdırılmış hər şeyi pozmaq istəyirlər”, – Bəşiri bildirib.

“Z” Belqradda da görünüb


Nəhəng “Z” hərfi 2022-ci ilin fevralında, Ukraynanın əsassız və təhriksiz işğalına başlayan Rusiya hərbi maşınlarının üzərinə çəkilmişdi.

Lakin Ukraynanın sayca az müdafiə qüvvələri işğalın qarşısını kəsdi, üstəlik, görünməmiş beynəlxalq reaksiya Kremlin sürətli qələbə ümidlərini puç etdi. “Z” hərfi isə Rusiya prezidenti Vladimir Putinə və onun hərbi avantürasına dəstəyin simvoluna çevrildi.

Tənqidçilərin “Zvastika” adlandırdığı simvol kremlpərəst sosial şəbəkələrdə və digər medialarda yer alıb. Qadağalara baxmayaraq, böyük idman yarışlarında və digər beynəlxalq tədbirlərdə nümayiş etdirilib.

 



İşğaldan bir neçə həftə sonra Belqraddakı rusiyapərəst sağçılar “Z” hərfindən istifadəyə başladılar. Onlar millətçi-populist prezident Aleksandr Vuçiçə (Aleksandar Vucic) bu simvolla təzyiq göstərirdilər ki, Serbiyanı, Ukraynadakı müharibəyə görə Rusiyanı cəzalandıran Aİ və digər Qərb sanksiyalarından kənar saxlasın.

Bu qrupların çoxu Putinin Ukraynadakı müharibəsinin qatı tərəfdarlarıdır. Onlar Belqrad və Priştina arasında münasibətlərin normallaşmasına qəti qarşı çıxırlar. Ukraynada Rusiya ordusu ilə birlikdə döyüşən “Vaqner” muzdlu qruplaşmasının keçən il Sankt-Peterburqda yeni açılmış qərargahına gələnlər arasında tanınmış serb ultramillətçisi də olub. Elə keçən il “Vaqner” muzdlu qruplaşması Serbiyanın paytaxtında “dostluq və əməkdaşlıq mərkəzi” açıb.