Logo
news content
User
Kateqoriyalar

Xəbər

Yuxunuz çin olsun! Yaxud, niyə yuxularımızın mənasını bilmək istəyirik?


Yuxular din, mədəniyyət və tarix baxımından qədim Misirdən tutmuş Cənubi Asiyaya qədər saysız-hesabsız rəvayətlərə mövzu olub. Türklər islamı qəbul edəndən sonra onların yuxu rəvayətləri dinin təsiri altına düşüb.





Bu imkan verib ki, sultanlar, sufilər, məzhəb şeyxləri və siyasi liderlər yuxulardan “status təsdiqlətmə vasitəsi” kimi itifadə etsinlər.




Mütəxəssislər qeyd edirlər ki, yuxular bütün dövrlərdə "ilahi mesaj" kimi qiymətləndirilib.





Müasir elm isə yuxuların mənşəyini beyində axtarır.





Bu iki yanaşma bir-birinə zidd görünsə də, ortaq cəhətləri də var.




Yuxular müxtəlif mədəniyyətlərdə









həyat tərzi, yuxu, mədəniyyət





19-cu əsrdə yuxu kitabları yuxunun təfsiri üçün populyar və əlçatan bir mənbəydi. Səyyar alverçilərin İngiltərədə qapı-qapı gəzərək və ya yarmarkalara apararaq satdıqları nəşrlərdən biri Parkın “Yeni Misir yuxu kitabı” idi. Bu kitabda qədim misirlilərə aid yuxu yozmalarının toplandığı iddia olunurdu




Qədim misirlilərin yuxularla bağlı qeydləri 4000 ildən əvvələ gedib çıxır. “Ölülərə məktublar” başlıqlı bu qeydlər Misirin yuxulardan bəhs edən ən qədim mətnləri hesab olunur.





Vəfat etmiş tanışlara və ya qohumlara yazılan, məzarlarının üstünə qoyulan məktublarda onlardan müxtəlif şeylər istənirdi.





Misirdə eramızdan əvvəl 1500-cü illərdə başlamış Yeni Krallıq dövrünün yuxu qeydlərində fironların artıq ölülərə yox, tanrılara müraciət etdiyi və beləliklə də öz hakimiyyətlərini gücləndirmələri barədə rəvayətlər üstünlük təşkil edir.





Bizə gəlib çatan qeydlərin çoxunda qrup və ya ölkə rəhbərlərinin, o cümlədən, dini liderlərin tərcümeyi-halları təsvir olunur.





“City University of New York”-un (Nyu-York Şəhər Universiteti) Hindistan və Tibetdəki buddist yuxu ənənələrini tədqiq edən əməkdaşı Serinity Young deyir ki, buddizmə aid tərcümeyi-hallarda peyğəmbərliklə bağlı yuxulara tez-tez rast gəlinir.





Türk tarixində yuxu yozmaları









həyat tərzi, yuxu, mədəniyyət





Hesab olunur ki, eramızdan əvvəl 1-ci əsrə aid Artemidor papirusu Yunan-Roma dövrünün ən qədim xəritəsidir




Türk tarixinin ən qədim mətnlərində də yuxu rəvayətlərinə rast gəlmək mümkündür.





Yale Universitetinin Yaxın Şərq Dilləri və Sivilizasiyaları Departamentinin müəllimi Özgen Felek türk ədəbiyyatındakı yuxu motivlərini araşdırır.





O qeyd edir ki, oğuzların mənşəyindən bəhs edən “Oğuz xaqan” dastanında vəzir Uluq Türükün yuxuda qızıl yay və üç gümüş ox gördüyü yazılıb - yay şərqdən qərbə doğru istiqamətlənib, üç gümüş ox isə şimalı işarə edib.





Uluq Türük öz yuxusunu Oğuz xaqana danışanda ona deyib ki, “Göy Tanrı yuxumu çin eləsin. Bütün yer üzünü sənin nəslinə bəxş eləsin”.





Oğuz xaqan bu yuxunu öz nəslinin dünyanı fəth edəcəyinə işarə kimi qiymətləndirir.





Belə simvolik yuxular “Köç”, “Törəyiş” və “Manas” kimi digər türk dastanlarında da var.





Müsəlmanlar arasında yuxu yozmalarının “qurucusu” kimi tanınmış, 8-ci əsrdə yaşamış tacir İbn Sirinə aid şərhlər isə “Yuxuların təfsiri” kitabında toplanıb.





Amma onun yozmalarına qədim yunan irsinin də təsiri olub.





Felek deyir ki, Ellinizm dövründə Knidosda (indiki Datça) yaşadığı düşünülən Artemidorun yuxu yozmaları ərəbcəyə çevrildikdən sonra "islamlaşdırılıb", tərcümə zamanı bəzi bütpərəst elementlər “mələk” kimi göstərilib, çoxallahlılıq simvolları tək Tanrı kimi qeyd edilib, xristian və ya yəhudi elementləri çıxarılıb.





Müasir elmdə yuxu








həyat tərzi, yuxu, mədəniyyət








Yuxu araşdırmaçısı və yazıçı Kelly Bulkeley pandemiya dövründə bütün dünyada yuxulara marağın artdığını bildirir və qeyd edir ki, bu həm də "dünyada artan qeyri-sabitliyin media tərəfindən şişirdilməsinin nəticəsidir”.





Psixoanalizin banisi, məşhur avstriyalı nevroloq Ziqmund Freyd 100 ildən xeyli əvvəl qələmə aldığı “Yuxuların yozumu” kitabında yazıb ki, yuxularımız gerçəkləşdirmək istədiyimiz arzularımızın inikasıdır.





Amma yeni texnologiyalar yuxu zamanı beyində baş verən prosesləri tədqiq edərək bu nəzəriyyənin köhnəldiyini üzə çıxardı.










həyat tərzi, yuxu, mədəniyyət





Beyini skan etmə üsulları Freydin yuxu nəzəriyyəsini ciddi dərəcədə arxa plana keçirdi. Amma son 10 ildə müşahidə olunub ki, insanlar gizlətməyə çalışdıqları hiss və düşüncələrindən qaynaqlanan yuxular görürlər




Müasir elm yuxuların mənşəyini beyində axtarmağa davam edir.





Bulkeley dinin və elmin yuxulara yanaşmasının "bir-birinə zidd" göründüyünü, amma hər ikisinin "ortaq fikir sahələrini" araşdırdığını qeyd edir; deyir ki, həm fərdi, həm də cəmiyyət olaraq insanların əzablarını yüngülləşdirmək üçün dini ənənələr, adətən, yuxulardan yardım istəyir:





"Müasir elm, xüsusən də psixoterapiya təcrübəsi göstərir ki, psixi sağlamlıq problemləri olan insanların müalicəsində yuxular çox faydalı ola bilər. Onların müalicəvi gücü var, amma bunun Tanrı(lar)dan, yoxsa bizim daxili gücümüzdən qaynaqlandığını dəqiq deyə bilmərik".