Yüksək qan təzyiqi nədir? - Hipertoniyanın müalicəsi və riskləri – 8 suala cavabda
04 May 2022
Hər il mayın 17-də bütün dünyada Ümumdünya Hipertoniya Günü qeyd olunur. Bu, ictimaiyyətin diqqətini yüksək qan təzyiqi və onunla əlaqəli risk faktorlarına yönəltmək məqsədi daşıyır. Yüksək qan təzyiqi ən təhlükəli xəstəliklərdən biri sayılır. O, ürək tutması və beyin qanaması törədə bilər. BBC News Azərbaycanca yüksək qan təzyiqi ilə bağlı məlumatları bir araya gətirib.
Yüksək qan təzyiqi nədir?
Qan təzyiqi deyiləndə qanın damarların divarlarına etdiyi təzyiq nəzərdə tutulur. Hipertoniya qan təzyiqinin davamlı artmasıdır. Bu, həm müxtəlif xəstəliklərin əlaməti olaraq, həm də naməlum səbəblərdən yarana bilir.
Qan təzyiqi millimetr civə sütunu ilə ölçülür və iki ədədlə göstərilir. Birincisi (sistolik təzyiq) ürək əzələsinin yığılması zamanı, ikincisi isə (diastolik təzyiq) ürəyin iki yığılma arasında yaranan təzyiqin göstəricisidir.
Buna adətən "yuxarı və aşağı təzyiq"deyilir.
Daha gənc yaşlarda (adətən 20-40 yaşlar arasında) qan təzyiqi 90/60 və 120/80 mm civə sütununa bərabər olmalıdır. Daha yaşlı insanlarda bu rəqəm artır.
Azərbaycan Səhiyyə Nazirliyinin mütəxəssisi İlqar Tahiroğluya əsasən, bu sahədə normalar zaman-zaman dəyişir. Amma yüksək qan təzyiqinin olması barədə danışmaq üçün sistolik təzyiqin 140 mm civə sütunundan yuxarı və diastolik təzyiqin 90 mm civə sütunundan "yuxarı olması kifayətdir".
Dünyada təxminən 1,28 milyard insan hipertoniyadan əziyyət çəkir, onların çoxu (üçdə ikisi) aşağı və orta gəlirli ölkələrdə yaşayır. Hipertoniya bütün dünyada əsas ölüm səbəblərindən biridir, BMT bildirir.
Qan təzyiqinin yüksək olmasını necə öyrənməli?
Yüksək qan təzyiqi olanlar arasında təxminən 46 faizin bu barədə xəbəri olmur, Ümumdünya Səhiyyə Təşkilatının statistikası göstərir.
Yüksək qan təzyiqini adətən xarici əlamətlərlə müəyyən etmək mümkün olmur. Onun olub-olmadığını öyrənməyin yeganə yolu onu yoxlamaqdır. Bu, tez və asan bir prosedurdur və yəqin ki, həkimin qəbulunda bunu dəfələrlə etmisiniz.
Əgər yüksək qan təzyiqiniz varsa, həkim onun müntəzəm ölçülməsini tövsiyə edə bilər.
Hipertoniyanın tipik simptomları hansılardır?
Hipertoniya "səssiz qatil" adlanır.
Ondan əziyyət çəkənlərin çoxu problemin olduğunu bilmir. Çünki hipertoniya heç bir əlamət olmadan, simptomsuz keçə bilər.
Buna görə də, belə hallara şübhə yaranarsa, qan təzyiqini mütəmadi ölçmək vacibdir.
Bəzi hallarda hipertoniya, səhər tezdən baş ağrıları, burun qanamaları, anormal ürək döyünməsi, bulanıq görmə və qulaqlarda cingilti ilə müşayiət oluna bilər.
Şiddətli hipertoniya zəiflik, ürəkbulanma, qusma, çaşqınlıq, daxili gərginlik, sinə ağrısı və əzələ titrəməsinə səbəb ola bilər.
Hipertoniya üçün risk faktorları hansılardır?
Hipertoniyanın yaranmasına aparan risk faktorları şərti olaraq iki yerə bölmək olar, Ümumdünya Səhiyyə təşkilatının saytında deyilir.
Birinci qrupa, o cümlədən yaşı 65-dən yuxarı olanlar, diabet və ya böyrək xəstəliyindən əziyyət çəkənlər aid edilir. Yəni, buraya bizdən asılı olmayan amillər daxildir.
İkinci qrupda isə dəyişə biləcək faktorlar sadalanır. Bunlar pəhrizdə yüksək səviyyədə doymuş yağları, duzun və alkoqolun olmasıdır.
Həkimlər həmçinin sağlam qidalanma və fiziki aktivliyin xeyrini qeyd edirlər.
Yüksək qan təzyiqinin fəsadları nədir?
Yüksək qan təzyiqi ən təhlükəli xəstəliklərdən biri sayılır. O, ürək tutması və beyin qanaması törədə bilər.
Yüksək qan təzyiqinin başqa fəsadları da məlumdur. Geniş yayılan xəstəlik yaxşı tədqiq olunsa da, onun yaranması ilə bağlı bir çox suallar hələ də öz cavabını tapmayıb.
Yüksək təzyiq zamanında müdaxilə edilməzsə, o, ağır fəsadlar əmələ gətirir.
Ürək-damar sistemində, beyin qan dövranında pozğunluqlar və buna bağlı olaraq insult, damar divarlarındakı problemlər, böyrəkdə baş verən problemlər yüksək təzyiqin nəticəsi kimi yarana bilir, tibb mütəxəssisi İlqar Tahiroğlu deyir.
"Bu səbəbdən yüksək təzyiq mütləq şəkildə erkən diaqnoz qoyulub nəzarət altına alınmalıdır".
Əgər uzun müddət ərzində qan təzyiqi nəzarət altında saxlanılmasa, damarlar zədələnə bilər, Almaniyada işləyən həkim Ümüd Səlimzadə deyir: "Bu trombların əmələ gəlməsinə və ağır hallarda damarın partlamasına (infarkt və insultlara) səbəb olur".
Bir çox halda həyat tərzinin dəyişikliyi, duz miqdarının azaldılması və hərəkətliliyin artırılması ilə bu təzyiq dərman müdaxiləsinə gərək qalmadan rahatlıqla nəzarət altına alınır.
Hansı təzyiqölçən aparatlar yaxşıdır?
İndi təzyiqölçən aparatlar çoxdur və onlar arasında seçim etmək asan olmaya bilər. Bu suala cavab verən mütəxəssislər hesab edirlər ki, biləyə taxılan təzyiqölçən aparatlardan imkan daxilində istifadə edilməməlidir.
"Çünki onlar keyfiyyətsiz aparatlardır və göstəriciləri çox vaxt düzgün olmur", - Həkimləri Təkmilləşdirmə İnstitutunun Kardiologiya kafedrasının müdiri Faiq Quliyev deyir.
Onun sözlərinə görə, qola - çiyindən aşağı olan hissəyə - taxılan avtomatik, yarımavtomatik və ya əllə ölçülən aparatlar daha dəqiq olur.
Onların qiyməti nisbətən baha olsa da, daha dəqiq ölçür.
Yüksək qan təzyiqinə qarşı dərmanı nə vaxt qəbul etməli?
Gündəlik təzyiqinizi yaxşılaşdıran dərmanlardan maksimum fayda əldə etmək üçün, onları yatmazdan əvvəl qəbul edin, tədqiqatçılar deyir. European Heart Journal nəşrində üç il əvvəl dərc olunmuş araşdırmaya görə, bu, insanların həyatını xilas edə biləcək sadə bir qaydadır.
Keçirilmiş tədqiqata əsasən, həblər səhər vaxtındansa yatmaq vaxtına yaxın zaman qəbul edilərkən infarkt və insultdan daha yaxşı müdafiə edir.
Mütəxəssislər bədənimizin bioloji "saatının" dərmanın təsirini dəyişdirə bildiyini zənn edirlər.
Lakin konkret xəstəyə gəlincə, lütfən həkiminizlə məsləhətləşin, Britaniya Ürək Fondunun nümayəndəsi deyir.
"Hazırda qan təzyiqi dərmanı qəbul edirsinizsə, dərmanı qəbul etdiyiniz vaxtı dəyişdirməzdən əvvəl həkiminizdən məsləhət almaq vacibdir. Həkimin səhər və ya gecə dərman təyin etməsinin xüsusi səbəbləri ola bilər", - Vanessa Smith deyir.
Yüksək qan təzyiqinə qarşı nə etməli?
Həkimlər qan təzyiqinizi təhlükəsiz səviyyədə saxlamağa kömək edə bilər.
Bunun üçün müxtəlif qrup dərmanlardan istifadə oluna bilər. "Əgər böyrək mənşəlidirsə, başqa qrup dərmanlardan, ürək mənşələdirsə, başqa qrup dərmanlardan istifadə olunur", - Ümüd Səlimzadə deyir.
Dərmanla yanaşı həyat tərzini dəyişmək, zərərli vərdiş və stressi azaltmaq tövsiyə olunur.
Britaniya Milli Səhiyyə Xidmətinin (NHS) saytında tövsiyələr qeyd olunur.
- Alkoqolun və kofeinin miqdarını azaldın
- Artıq çəkiniz varsa, arıqlayın
- Fiziki aktiv olun
- Siqaret çəkməyin
Həmişə olduğu kimi, həkiminizdən məsləhət alın. Çünki sizin səhhətinizlə bağlı xüsusiyyətlərə əsasən konkret məsləhəti həkiminiz verə bilər. (BBC)