Logo
news content
User
Kateqoriyalar

Xəbər

Yaxın qonşular olan Azərbaycanla Ermənistan vasitəçisiz, birbaşa danışa bilərlərmi?


Azərbaycan və Ermənistan 2020-ci ildəki müharibədən sonra  əlaqələrini bərpa etməyə çalışırlar.





Rusiyanın Ukraynaya müdaxiləsindən sonra bu proses bir qədər də sürətlənib. Azərbaycan və Ermənistan liderləri artıq bir neçə dəfə Rusiya və Avropada görüşüblər. Əliyev-Paşinyanın təmasları ya Brüssel, ya  da Rusiyanın vasitəçiliyi ilə baş tutub.





Bəs, görəsən, yaxın qonşular olan Azərbaycanla Ermənistan vasitəçi olmadan, birbaşa danışa bilərlərmi? ABŞ-ın Azərbaycandakı keçmiş səfiri bu suala müsbət cavab verir.





Richard Kauzlarich-in sözlərincə, hər iki paytaxtda “siyasi iradə olarsa”, danışıqlar vasitəçi olmadan keçirilməlidir.





“Bakı ilə Yerevan arasında intensiv, əhatəli və nəticəyönümlü birbaşa danışıqlar aparılmayınca, Ermənistan və Azərbaycan arasında sülh olmayacaq”.




Şərhçilər birbaşa danışıqlar üçün “siyasi iradədən” savayı, başqa amillərin də əhəmiyyətini qeyd edirlər.





BBC News Azərbaycancaya danışan Oxford Universitetinin təhlilçisi Leyla Əliyeva burada ölkələr daxilindəki təzyiqi qeyd edir.





“Hazırda Ermənistanda daha çox daxili təzyiq var, lakin Azərbaycan da buna həssasdır”.





Müharibədən qalib çıxan Azərbaycanda hakimiyyətin vəziyyətə nəzarəti daha güclü sayılsa da,  Ermənistandakı siyasi mühit daha fərqlidir. Belə ki, burada Baş nazirin hərəkət azadlığına bir aydan çoxdur ki, davam edən etirazlar təsir edir.





Nümayişçilərə görə, Azərbaycanla danışıqlara qatılan Baş nazir Nikol Paşinyan “Ermənistanın maraqlarına zidd” sənədlər imzalamağa hazırlaşır.





Ermənistanlı politoloqlar belə bir mühitdə kənar vasitəçilərə ehtiyac olduğunu deyirlər.





“İndiki şəraitdə Ermənistan və Azərbaycanın vasitəçilərə ehtiyacı var”, - “Ermənistan siyasi elmlər assosiasiyası" mərkəzinin icraçı direktoru Benyamin Poğosyan deyir.





“Hazırda bir formatımız var. Rusiya-Ermənistan-Azərbaycan və Ermənistan bu formatdan razıdır. Çünki Rusiya Ermənistanın strateji müttəfiqidir. Başqa formatımız var. Ermənistan - Azərbaycan - Aİ.  Hazırda Minsk qrupunun həmsədrliyinin fəaliyyəti dayandırılıb, lakin bu format hələ də faydalıdır”.





Benyamin Poğosyana görə, istənilən ölkənin bir-biri ilə vasitəçi olmadan danışıqlara başlaması üçün onların təməl etibar “səviyyəsi olmalıdır”.





Təhlillərə görə, etimad səviyyəsini pozan amillərdən biri də sərhəd bölgəsi və Qarabağda baş verən silahlı qarşıdurma hallarıdır.





Bu barədə Beynəlxalq Böhran Qrupunun (BBQ) “Dağlıq Qarabağda vasitəçilik üçün yeni imkanlar” adlı son təhlilində də danışılır. Məqaləyə görə, Rusiyanın Ukraynadakı müharibəsi fonunda silsilə toqquşmalar və sonrakı sakitlik dövrü həm “Dağlıq Qarabağda döyüşlərin yenidən alovlanması" qorxusunu, həm də diplomatiyanın tərəfləri hələ də sülhə yaxınlaşdıra biləcəyinə ümidləri artırıb.





Diplomatiyanın müdaxiləsiylə vəziyyət sakitləşsə də, həssas vəziyyət danışıqlarda vasitəçiliyin rolunu önə çəkir.  Leyla Əliyevaya görə, vasitəçilərin cəlb olunması Bakı və Yerevan üçün “məsuliyyətin bölüşdürülməsi” deməkdir.





“Onlar təkbətək danışanda müəyyən kompromislərə görə məsuliyyət daha çox danışıqlar tərəflərinin üzərinə düşür”, - o əlavə edir.





Lakin vasitəçilərlə “danışıqlar” və Moskva ilə Brüsselin simasında daha əlverişli platforma seçimi fürsəti  tərəflərə “mənalı və bilavasitə” təmaslardan yayınmaq imkanı verir, Richard Kauzlarich deyir.





“Paşinyan və Əliyevin Michel və Putinlə danışıqlara nə qədər vaxtı ayırdığını, birbaşa, üzbəüz danışıqların vaxtı ilə müqayisə etmək maraqlı olardı”, - o əlavə edir.









Əliyev və Paşinyan Azərbaycan Ermənistan, qarabağ münaqişəsi, siyasət, qonşuluq siyasətin millətlərin öz müqəddəratını həll etməsi






Birbaşa təmasların üstünlüyü barədə danışan Richard Kauzlarich-ə görə, vasitəçilər gündəmə öz maraqlarını da gətirə bilərlər. O, burada daha çox Rusiyanın rolundan narahat olduğunu qeyd edir.





“Rusiyanın Cənubi Qafqazda yeganə marağı yaxın xaricdə öz dominantlığını saxlamaqdır, Azərbaycanla Ermənistan arasında sülh isə Putinin məqsədlərinə xidmət etmir”.





Rəsmi Moskva Azərbaycanla Ermənistan arasında davamlı sülhə nail olmaq istədiyini deyir.





Beynəlxalq Böhran Qrupunun son hesabatı isə Rusiyanın rolu ilə bağlı daha ölçülüb-biçilmiş yanaşmanı təklif edir. Hesabatda bildirilir ki, Rusiya ilə Avropa arasında gərginliyin artmasına baxmayaraq, Aİ Rusiyanın hər hansı vasitəçilik səylərinə mane olmağa çalışdığını göstərən hərəkətlərdən yayınmalı, Ermənistan-Azərbaycan mübahisəsinin həlli istiqamətində Rusiyanın səylərini dəstəkləməyə davam etməlidir.





Eurasianet nəşrinə görə, hazırda həm Ermənistan, həm də Azərbaycan Aİ-nin regionda dominant güc olaraq qalan Rusiyaya qarşı geosiyasi qüvvə kimi çıxış etməsindən məmnundurlar.





Mayın 22-də Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyan Brüsseldə görüşərək sülh sazişi üzərində işin davam etdirilməsi, regionda nəqliyyat infrastrukturunun bərpasına, o cümlədən Naxçıvana Ermənistan ərazisindən yol çəkilməsinə razılaşıblar.