Logo
news content
User
Kateqoriyalar

Xəbər

Xələf Xələfovdan Qazaxın 7 kəndi və Kərki açılaması: "Həllini tapacaq"

"Qazaxın 7 kəndi, Kərki və digər məsələlər delimitasiya kontekstində həllini tapmalıdır".

Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

"Bu ərazilər Azərbaycan ərazisidir. Bu torpaqların Azərbaycanın nəzarəti altına keçməsi delimitasiya prosesini tələb etdiyinə görə bu çərçivədə baxılacaq. Bu məsələlər müzakirə olunub öz həllini tapacaq", - X.Xələfov əlavə edib.

Xələf Xələfov onu da bildirib ki, Brüssel görüşündən sonra belə bir əminlik var ki, Ermənistan tərəfi sülh sazişinə aid olan prosesə, eyni zamanda, delimitasiyaya razılığını bildirib. O ki, qaldı Ermənistanın bizim 5 prinsipi qəbul etməsinə, əgər sülh danışıqlarından söhbət aparırıqsa, bu proses 5 bənd əsasında getməlidir.

"Biz o qənaətdəyik ki, hər hansısa şərtlərlə prosesə başlamaq məqsədəuyğun deyil, bu, prosesi pozmaq anlamına gəlib çıxır.

Ermənistan tərəfi buna qarşı mövqe sərgiləməyib. Baxmayaraq ki, Ermənistanda müəyyən etirazlar var, müxalifət etiraz edir, hökumətin dəyişdirilməsinə can atır, bununla belə, Ermənistan hökuməti bu prosesdən imtina etməyib. O ki, qaldı işçi qruplarının fəaliyyətinə, kommunikasiyaların açılması ilə əlaqədar işçi qrupların fəaliyyəti Baş nazirlərin müavini səviyyəsində davam etdirilir.

Sülh danışıqlarını başlamaq üçün siyasi iradə, xoşməram, sülh prosesinə sadiqlik tələb olunur. Azərbaycan sülh gündəliyini ortaya qoyub və bu məsələdə israrlıdır və bu istiqamətdəki səyləri dəstəkləyir. Azərbaycan hesab edir ki, müharibə başa çatıb, münaqişə bitib, ərazi bütövlüyünü bərpa edib. Bundan sonra gedən bütün proseslər bu əsasda davam etməlidir. Azərbaycan və Ermənistan arasında sülh və qarşılıqlı anlaşma şəraitində dinc yaşama bərqərar olmalıdır", - o əlavə edib.