Xalq artisti Rasim Balayev dəfn edilib
30 Mart 2026
Mənbə: APA
Xalq artisti Rasim Balayev I Fəxri xiyabanda dəfn edilib.
Mərasimdə Xalq artistinin ailə üzvləri, dostları, incəsənət xadimləri, media nümayəndələri iştirak ediblər.
***
13.28
Xalq artisti Rasim Balayevlə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında vida mərasimi keçirilib.
Mərasimdə ölkənin ədəbi-ictimai xadimləri, dövlət, hökumət nümayəndələri, sənətkarın yaxınları, dostları, media nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova nazir Adil Kərimlinin adından Rasim Balayevin ailəsinə başsağlığı verib.
Nazir müavini bildirib ki, Rasim Balayev adını Azərbaycan kino tarixinə qızıl hərflərlə yazıb: “Onun rol aldığı filmlər bu günə qədər hər birimizin yaddaşında xüsusi yer tutur. Rasim Balayevin kinomuza verdiyi töhfələri sadaladıqca bitməz”.
Xalq yazıçısı Anar qeyd edib ki, ona danışmaq çox ağırdır: “Azərbaycan kinosu yaşadıqca, Rasim də yaşayacaq. Biz onunla sənət dostu olmuşuq. Mənim bir çox ssenarilərimdə çəkilib, o, doğrudan da böyük sənətkar idi”.
Xalq artisti Şəfiqə Məmmədova bildirib ki, Rasim Balayevin vəfatı Azərbaycan kinosu üçün ağır itkidir: “Onun barəsində keçmiş zamanda danışmaq olmur. Onunla planlarımız çox idi, deyiləsi sözlərim çox idi. O, şərəfli ömür yaşadı. Rasim Azərbaycan kino ailəsinin başçısı idi. Dostları, ailəsi və ən əsası Azərbaycan xalqı onu çox sevirdi”.
Xalq artisti Oqtay Mirqasımov bildirib ki, Rasim Balayevlə bir neçə filmdə birlikdə işləyiblər: “O, doğrudan da böyük aktyor, yaxşı dost idi. Onunla işləmək insana zövq verirdi”.
Sonda Rasim Balayevin oğlu Asim Balayev vida mərasimində iştirak edənlərə minnətdarlığını bildirib.
Xalq artisti I Fəxri Xiyabanda dəfn ediləcək.
***
11.36
Xalq artisti Rasim Balayevlə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında vida mərasimi keçirilir.
Mərasimdə ölkənin ədəbi-ictimai xadimləri, Mədəniyyət Nazirliyinin təmsilçiləri, media nümayəndələri iştirak edirlər.
Xalq artisti I Fəxri Xiyabanda dəfn ediləcək.
Qeyd edək ki, Rasim Balayev dünən İstanbulda müalicə aldığı “Memorial” klinikada vəfat edib.
Rasim Balayevin cənazəsi gecə Bakıya gətirilib.


