Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Vyorstka": Müharibədən qayıdanlar min nəfəri öldürüb, ya əlil ediblər

Cəbhədən qayıdan müharibə iştirakçıları min nəfərdən çox insanı öldürüb, ya da əlil ediblər. Amma 10 haldan 9-da məhkəmələr işləri yüngülləşdirici hal kimi qiymətləndirib. Bu haqda "Vyorstka" nəşri və "Die Welt" birgə araşdırma aparıb.

Söhbət mülki həyata qayıdan Rusiya hərbçilərindən gedir – onlar ya məzuniyyətə göndəriliblər, ya yaralanıblar, ya da müqavilələri başa çatıb.

Ukraynada işğalçı müharibə başlayandan cəbhədən qayıdan hərbçilərin hərəkətləri 551 nəfərin ölümünə səbəb olub: 274 nəfər qətlə yetirilib, 163 nəfər döyülmə, yaxud yol-nəqliyyat hadisələri nəticəsində ölüb. Bu cinayətləri törədən 142 nəfər müharibəyə koloniyalardan göndərilib, onların oxşar maddələr üzrə daha öncə də məhkumluqları olub.

Araşdırmaçılar 700 məhkəmə qərarını təhlil ediblər, onların 90 faizində döyüşlərdə iştirak yüngülləşdirici hal kimi qəbul edilib. Bir qayda olaraq, qətl, ölümcül döyülmə halları sərxoş halda törədilən məişət münaqişələri nəticəsində baş verib. Ən çox zərərçəkənlər isə hərbçilərin qohumları və yaxınları olub.

2022-ci ildə "Vaqner" özəl hərbi şirkətinin qurucusu Yevgeni Priqojin Rusiyanın koloniyalarından Ukraynadakı müharibəyə məhbusların cəlbinə başlayıb. Məhkumlara altı aylıq cəbhə həyatından sonra əfv olunma şansı verilib.

2023-cü ildə isə Müdafiə Nazirliyi özü məhbusların cəlbi ilə məşğul olmağa başladı, amma şərtlər dəyişdi: cəbhədən yalnız ağır yaralananda qayıtmaq mümkündür. Eyni şərtlər səfərbər edilənlərə, kontrakt bağlayanların çoxuna aiddir.

Rusiya ordusunun bəzi bölmələrində qısamüddətli müqavilələr var, hərbçi altı aylıq xidmətdən sonra istefa verə bilər. Adətən belə bölmələrdə məmurlar və deputatlar xidmət edir.