Logo
news content
User
Kateqoriyalar

Xəbər

Venesiya Komissiyasından "Media haqqında" qanuna rəy istənilir

Fevralın 2-də Venesiya Komissiyasına Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin sədri Piero Fassinonun sorğusu daxil olub. O, Azərbaycanda Milli Məclisin qəbul etdiyi “Media haqqında” yeni qanun layihəsi ilə bağlı Avropa Şurasının Venesiya Komissiyasının rəyini istəyib. Bu barədə Venesiya Komissiyasının saytındakı məlumatda bildirilir.

Hələ bir müddət öncə AŞPA-da Azərbaycan üzrə Monitorinq Komitəsinin məruzəçisi Ştefan Şennaxın “Media haqqında” yeni qanunla bağlı Venesiya Komissiyasına müraciət edəcəyi bildirilirdi.

“Turan” İnformasiya Agentliyinin xəbərinə görə, bunu onların verdiyi sorğuya cavabında Ştefan Şennax demişdi.

Agentliyin xəbərinə görə, ondan da əvvəl ABŞ Dövlət Departamentinin sözçüsü Azərbaycanda “Media haqqında” yeni qanun layihəsinin qəbulundan narahatlığını ifadə etmişdi.

“Turan”ın ABŞ-dakı müxbiri xəbər verirdi ki, sözçü suala cavab olaraq deyib:

“Ümid edirik ki, Prezident Administrasiyası qanuna baxarkən müstəqil jurnalistlərin, media ekspertlərinin və ATƏT də daxil olmaqla beynəlxalq qurumların rəylərini diqqətlə nəzərdən keçirəcək”.

Azərbaycan Prezidenti, hələki qanunu imzalamayıb.

Bu qanun layihəsi dekabrın 30-da Azərbaycan parlamentində qəbul edilib. Sənəd 9 fəsil, 78 maddədən ibarətdir.

Orada jurnalistlərin fəaliyyətinə dair məsələlər, Media Reyestrinə daxil edilmiş jurnalistlərə müvafiq vəsiqənin verilməsi, onlara bəzi imtiyazların müəyyənləşdirilməsi, dövlət qurumlarında jurnalistlərin akkreditasiya qaydaları, jurnalistin fəaliyyəti üçün şəraitin yaradılması və digər məsələlər əksini tapıb.

Bir neçə dəfə bir qrup jurnalist Bakıda Milli Məclisin önünə toplaşaraq layihəyə etirazlarını bildirmişdilər.