Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Vaqner" muzdluları müharibənin gedişini dəyişə bilərmi?

Ukraynada Buça şəhərinin işğalında iştirak etmiş Rusiya Sakit okean hərbi dəniz donanması 155-ci dəniz piyadaları briqadasının hər üç əsgərindən biri bundan əvvəl Suriyada vuruşub.

Ukryana kəşfiyyatı bildirir ki, yüzlərlə dinc sakinin öldürüldüyü Buça, İrpen və Gostomel şəhərlərinin işğalında məhz 155-ci briqada iştirak edib.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi bildirir ki, 155-ci briqadanın siyahısında olan 82 hərbçinin adları və şəxsi məlumatları dərc olunub.

Bunlardan ən azı 24-nün Suriyada Bəşər əl-Əsədin rejiminin qorunması üçün aparılan əməliyyatlarda iştirak etdiyi xəbər verilir.

Rusiya özünün Suriyadakı hərbi kontingentinin sayı barədə məlumatları heç vaxt açıqlamayıb.

Məlum olan budur ki, orada 2015-ci ildə, Rusiyanın hərbi müdaxiləsinin ilk fazasında 2 min hərbi qulluqçu olub.

Sonrakı 5 il ərzində onların sayı bir dəfə yarım arta bilrədi.

Rusiya 2017-ci ildə Suriya əməliyyatının başa çatdığını elan etsə də, bu hərbi qulluqçuların nəzərəçarpacaq hissəsi həmin ölkədən çıxarılmayıb. Çünki həmin vaxt Rusiya Tartusdakı hərbi dəniz bazasının genişləndirilməsinə dair Suriya ilə yeni müqavilə imzalamışdı.

Suriyadakı Rusiya qüvvələrinin bir hissəsinin də Vaqner özəl hərbi şirkətinin muzdluları olduğu məlum idi.

Böyük “maaş artımı”


The New Yorker jurnalında hərbi məsələlərdən yazan jurnalist Robin Rayt qeyd edir ki, Ukraynada davam edən müharibə Vaqner qrupunu və onun sahibi olduğu söylənən və “Vladimir Putinin aşpazı” kimi tanınan oliqarx Yevgeni Priqojini yenidən gündəmə gətirib.

ABŞ və Britaniya rəsmiləri bildiriblər ki, indi Rusiya Ukraynada yeni hücum əməliyyatları üçün məhz bu qrupun muzdlularını səfərbər edir.

Müəllif qeyd edir ki, Rusiya bu məqsədlə Vaqner qrupunun başqa-başqa ölkələrdə, xüsusən də Afrika və Suriyada olan döyüşçülərini təcili qaydada Ukraynaya gətirir.

Bundan az əvvəl müdafiə naziri Sergey Şoyqu demişdi ki, Yaxın Şərqdən 16 min nəfər Rusiyanın tərəfində vuruşmaq üçün müraciət edib.

Putin isə demişdi ki, Ukrayna tərəfi də döyüşlərə xarici könüllülərin cəlb olunduğunu gizlətmir.

O iddia etmişdi ki, Yaxın Şərqdən olanlar pul üçün yox, “Donbas xalqını müdafiə etmək üçün” gəlirlər.

Lakin Robin Rayt yazır ki, Suriyada 11 ildir davam edən vətəndaş müharibəsinin gedişində yerli döyüşçülərdən ibarət birləşmələr yaradılıb. Bu döyüşçülərə ayda 15-35 dollar maaş verilib. Lakin indi onlara Ukraynada döyüşmələri üçün aya min dollar vəd olunub.

Amma ekspertlər bildirirlər ki, təkcə suriyalılar Ukraynadakı müharibədə strateji fərqin yaranması üçün heç nə edə bilməzlər. Beləki onlar yerli dili və relyefi bilmirlər. Suriyanın özündə sabitliyin saxlanması üçün Livan və İraqdan döyüşçülər, Rusiya və İrandan komandirlər gətirilib.

Selfi çəkdirmək üçün gələn hərbi turistlər


Soufan Center araşdrımalar mərkəzindən ekspert Kolin P. Krark deyir ki, xüsusi hazırlığı olmayan muzdluların belə müharibələrdə ziyanı xeyrindən çox ola bilər.

Ekspertin fikrincə məhz buna görə də ukraynalılar könüllü kimi yalnız xüsusi hazırlığı olanların gəlməsini istədiklərini bildirmişdilər.

Klark bildirir ki, hazırlığı olmayanlar müharibəyə pul qazanmaq və selfi çəkdirmək üçün gəlir və nəticədə itkilərin böyük hissəsini təşkil edirlər. Onları bəzən “hərbi turist” də adlandırırlar.

Məqalədə deyilir ki, Putinin Priqojinin Vaqner qrupuna möhtac qalması Rusiyanın müharibənin ilk həftələri ərzində verdiyi böyük itkilərlə bağlıdır.

ABŞ rəsmiləri bildirirlər ki, müharibənin ilk 10 günü ərzində Vaqner qrupunun min nəfərlik dəstəsindən 200 döyüşçü artıq həlak olub.

Rayt yazır ki, belə görünür, Rusiyanın canlı qüvvəyə ehtiyacı böyükdür, beləki hazırda Vaqner qrupu kontingentinin 90 faizi dünyanın müxtəlif yerlərindən Ukraynaya gətirilib.

Bu həftənin əvvəllərində Pentaqon bildirib ki, Vaqnerin əsas qüvvələri Donbasa gətirilib. Klark bildirir ki, onlar sıradan çıxan müddətli xidmət əsgərlərinin yerini doldurmalıdırlar.

Rayt yazır ki, müharibənin tamamilə yeni fazası başlanır.