Vadim Tryuxan: “Ukraynada parçalanma istəyirdilər, əvəzində birləşmiş hakimiyyət və xalqı gördülər”
24 Yanvar 2023
Ukraynada və onun ətrafında baş verən hadisələr intensivləşir, Putin müharibəyə yeni qüvvələr cəlb edir, hər iki tərəfdən qurbanların sayı artır. Kiyevin müttəfiqləri öz aralarında mübahisə edirlər və konsensusa gələ bilmirlər. Kiyevli politoloq Vadim Tryuxan baş verənlərin səbəblərini oxuculara izah etmək üçün Turan-ın suallarını cavablandırmağa razılaşıb.
***
-Müsahibəyə Kiyevdəki məlum kadr dəyişikliklərindən başlayaq. Azərbaycanda populyar olan Aleksey Arestoviç və Ukrayna prezidenti ofisinin rəhbərinin müavini Kirill Timoşenko öz postlarını tərk ediblər. Sumı, Dnepropetrovsk, Zaporojye və Xerson vilayətləri rayon administrasiyaları rəhbərlərinin istefalarının gözlənildiyi barədə söhbət gedib. Moskvada Zelenski hakimiyyətinin dağılmasından danışanlar haqlıdırmı?
- Aleksey Arestoviç Ukrayna prezidentinin ofis rəhbərinin ştatdankənar müşaviri olub. O, dövlət qulluqçusu deyildi və dövlətdən əməkhaqqı almırdı. Ştatdankənar müşavirin işdən getməsilə “hakimiyyətin içəridən dağılmasından” danışmaq profanasiyadır. Onun işdən çıxarılmasının səbəbləri hamıya məlumdur. O, özünün çoxsaylı müsahibələrindən birində ciddi səhvə yol verdi. Məsul şəxs kimi özünə haqq qazandırmağa çalışmadı, işdən çıxmaq barədə ərizə yazdı.
Sual yaranır. Niyə Rusiya təbliğatı niyə milçəkdən fil düzəltdi? Cavab çox sadədir. Onlar Ukraynanın içəridən dağılmasını arzu edirlə. Amma bu, realdır. Ukrayna xalqı heç vaxt olmadığı qədər birdir. Yeri gəlmişkən, bu günlərdə Ukraynada son ictimai rəy sorğusunun məlumatları dərc olunub. Ukraynalıların 86%-i NATO-ya, 87%-i isə Aİ-yə daxil olmağın tərəfdarıdır. Bu, Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin nəticələrindən biridir. NATO-nu kənarlaşdırmaq istəyirdilər, lakin əks- nəticə əldə etdilər. Yaxın aylarda İsveç və Finlandiya NATO-ya üzv olacaqlar, Ukrayna da eyni yerə doğru irəliləyir. Analoji olaraq, "Ukraynada hakimiyyətin dağılması" kimi. Dağılmasını istəyirdilər, əvəzində Ukraynada konsolidasiya edilmiş hakimiyyət və xalq əldə etdilər. Və xalqın yeganə arzusu Rusiya işğalçılarını öz torpaqlarından qovmaqdır.
Yeni il ərəfəsində baş prokurorun müavinlərindən birinin İspaniyada dəbdəbəli istirahət etməsi barədə xəbər Ukrayna ictimaiyyətini narahat edib. Prezident dərhal reaksiya verdi, müvafiq fərman imzaladı, fərmana görə dövlət qulluqçularına və dövlətin digər nümayəndələrinə xaricə yalnız xidməti ezamiyyətlə getməyə icazə verildi. Yeri gəlmişkən, dünən baş prokurorun müavini istefa ərizəsi yazmalı oldu.
Kirill Timoşenkonun işdən çıxarılması ilə bağlı şayiələr çoxdandır ki, dolaşırdı. Bunun da günahkarı özüdür. Bir az prezidentə yaxınlığından “istifadə elədi” və dövlət qulluqçusu üçün, əsasən də müharibə dövründə qətiyyən yolverilməz olan bəzi şeylərə yol verməyə başladı. Şəxsən ona məxsus olmadığı bahalı avtomobildən şəxsi məqsədlər üçün istifadə faktı, görünür, son damla oldu və prezidentin etimadını itirməsinə səbəb oldu. Bununla belə, onun işdən çıxarılmasına hansısa sistemli problemin əlaməti kimi yox, dövlət başçısının komandasının təmizlənməsi kimi baxmaq lazımdır. Onun yerinə təmiz reputasiyası və yaxşı idarəçilik təcrübəsi olan başqa bir adam təyin ediləcək.
- Sizə elə gəlmirmi ki, Qərbə Rusiyanın məğlubiyyəti lazım deyil, ona Rusiya Federasiyasını zəif vəziyyətdə saxlamaq üçün daim müharibə lazımdır deyənlər haqlıdır? Ona görə də Ukraynaya qələbə üçün lazım olan bütün silahları vermirlər və Ukrayna xalqının necə məhv olduğunu seyr edirlər. Odur ki, Kiyevə şərq ərazilərin təslim olmasına razılıq verməyi təklif edirlər ki, Rusiya ilə gərginlik heç vaxt bitməsin. "Leopard" və "Abrams" tanklarının nümunəsində "Haymars" artilleriya sistemlərinin sayının qələbə üçün yetərli olmamasını demək olar?
- Bu, yalnız qismən belədir. Məncə, Qərbin mövqeyi dəyişir. Və kardinal şəkildə. Müharibənin ilk günlərində Ukraynanın davam gətirəcəyinə demək olar ki, heç kim inanmırdı. Aldığımız silahlar bəlkə də partizan müharibəsi üçün lazım ola bilərdi. Tərəfdaşlarımız həqiqətən qorxurdular ki, əgər bizə lazım olanları, ilk növbədə, hava hücumundan müdafiə/raket əleyhinə müdafiə sistemləri, zirehli texnika və artilleriya göndərsələr, bütün bunlar düşmənin əlinə keçərdi. Yeri gəlmişkən, Əfqanıstanda belə olmuşdu, böyük sayda müasir silah taliblərin əlinə keçmişdi.
Lakin Qərb tərəfdaşlarımız üçün gözlənilmədən Ukrayna qüvvələrinin silahlanması, eləcə də bizim adamların fədakarlığı və fərasəti sayəsində “təkərlərdən” formalaşmış ərazi müdafiə bölmələri hücumun ilk günlərindən Rusiyanın tərifli, "dünyada ikinci" olan ordusuna bir neçə ağrılı zərbə endirdi.
Biz raşistlərin Kiyevi, Xarkov və digər böyük şəhərləri tutmasına imkan vermədik. Və çox tez zamanda rusiyalı işğalçıları Kiyev, Sumı və Çerniqov vilayətlərindən qaçmağa məcbur etdik. Bu, Qərbin müharibəyə münasibətini tamamilə dəyişdi. Biz artilleriya, reaktiv yaylım atəşli sistemlər və zirehli texnika almağa başladıq. Və yayda unikal əks-hücumdan, nəticədə Xarkov vilayətindən raşistləri qovduqdan sonra Qərbə aydın oldu ki, Ukrayna bu müharibədə uduzmayacaq.
Problem ondadır ki, Qərb kifayət qədər uzun müddət başa düşə bilmirdi ki, Ukraynanın qələbəsi Rusiyanın məğlubiyyətidir. Ancaq payızda Ukrayna Silahlı Qüvvələri müharibənin əvvəlində rusiyalıların ələ keçirə bildiyi yeganə regional mərkəz olan Xersonu azad etdikdən sonra Qərb nəhayət, başa düşdü ki, Ukraynanın qələbəsi qaçılmazdır.
Mənə elə gəlir ki, Qərbdə qələbə təəssüratı yarandı. Onlar anladılar ki, bu müharibə nəticəsində demilitarizasiya edilmiş Rusiya əldə etmək tamamilə mümkündür. Qərbi Rusiyanın bir neçə milli dövlətə bölünməli olduğuna inandırmaq üçün Ukraynanın az işi qalıb. Hazırda mövcud olduğu formada qalması hər zaman Ukrayna, Avropa və dünya üçün təhlükə olaraq qalacaqdı. Odur ki, Moskvanın əsarətində olan xalqların nümayəndələrinin təşəbbüslərini dəstəkləmək və onların müstəqillik əldə etməsinə kömək etmək bütün demokratik dünyanın marağındadır. Söhbət çeçenlər, tatarlar, başqırdlar, dağıstanlılar, inquşlar və bir çox digər xalqlardan gedir. Yeri gəlmişkən, yanvarın 31-də Brüsseldə Avropa parlamentində Moskvanın əsarətində olan xalqların nümayəndələri tərəfindən yaradılan koordinasiya orqanlarından birinin təqdimatı planlaşdırılır.
- İlk dəfə Afrika ölkəsi Ukraynaya sovet tanklarını göndərdi. Mərakeş 20 ədəd T-72B tankı göndərdi. Bu, Ukrayna üçün yeni imkanlar açır. “Abrams” tankları bahalıdır və istismarı çətindir. Afrika və Asiyada müxtəlif məqsədlər üçün minlərlə sovet silahı var. Demək olarmı ki, Afrikadan Ukrayna ordusuna ilk tədarük Kiyev üçün bu cür silahların ki, davamına ümid yaradır və bu, avropalılar və amerikalıların silah təchizatına alternativ ola bilər? Ukrayna ordusunda çatışmayan hərbi aviasiya da daxil olmaqla. Ukrayna Afrika və Asiyadan ucuz qiymətə silah ala bilər, ola bilsin ki, sahibləri anbarları yeniləmək üçün sovet silahlarından qurtulmağa etiraz etmirlər.
- Mərakeşin Ukraynaya Çexiyada modernləşdirilmiş 20 ədəd sovet istehsalı olan T72 tankı verməsi şübhəsiz müsbət haldır. Bu, Rammstayn qrupunun işlədiyini göstərir. Ancaq bu, aralıq nəticədir. Ukraynaya müasir yüksək texnologiyalı silahlar lazımdır. Söhbət “Leopard 2, “Leklerk”, “Abrams”, “Challenger 2” tankları, F-16 təyyarələri və Avropa analoqlarından, uzaq mənzilli pilotsuz döyüş uçuş aparatları, ATACMS raketləri və digər istehsalçıların bunlara bənzər silahlarından gedir. Əminəm ki, hər ay Ukraynaya belə silahlar daha çox daxil olacaq.
Paralel olaraq, Ukrayna öz istehsalını yaratmaq, o cümlədən tərəfdaşlarımızla birlikdə müasir hərbi texnika və döyüş sursatları istehsalının üzərində işləyir.
Ukrayna Azərbaycanın kifayət qədər böyük həcmdə humanitar texnika, xüsusilə enerji avadanlığı göndərməsini yüksək qiymətləndirir. Bununla belə, ümid edirik ki, Rusiyanın təhdidlərinə baxmayaraq, yaxın gələcəkdə azərbaycanlı dostlarımız Azərbaycan ordusundakı artıq silahlardan bizə də göndərəcəklər. Yalnız birgə səylərlə qalib gəlmək olar.