Logo
news content
User
Kateqoriyalar

Xəbər

Uşaqlarda göz probleminin artmasının səbəbi nədir? - ARAŞDIRMA

Son illər ətrafımızda eynəkli uşaqların nəzərəçarpacaq dərəcədə artdığını görürük. Bununla paralel olaraq gözündə problem olsa da, eynək taxmayan uşaqlar da var.

Bəs bu qədər uşaqda göz probleminin olmasının səbəbi nədir?

Optikaçılar və Optometristlər Assosiasiyasının sədri Rüfət Musayevyə bildirib ki, görməni təmin edən proses 3 elementdən ibarətdir:

“Göz almacığı, gözdən beyinə gedən sinirlər və beynin görməyə cavab verən hissəsi. Normal görmənin təmin edilməsi üçün bunların sağlam olması mütləqdir. Funksional olaraq gözdə, patoloji olaraq gözlə beynin arasındakı sinirlərdə, beynin özündə hansısa problem varsa, bunlar müayinə edilməli və normal işləmələri təmin olunmalıdır”.



R.Musayev bildirdi ki, uşağın birinci göz müayinəsi doğulduqdan 5-7 həftə sonra, ikinci isə 6-cı ayında olmalıdır:

“Çünki bu ərəfədə binokulyar görmə formalaşır və bu prosesin sağlam getməsi gələcək üçün önəmlidir. Uşağı 7 yaşına kimi hər il göz həkiminə aparmaq və görməsini yoxlatdırmaq mütləqdir. Uşaq böyüyərkən göz almacığı da ölçülərini dəyişir. Lakin ola bilər ki, göz alması bir az kiçik və ya daha böyük olsun, görmə yükünün təsiri altında tamamilə başqa cür işləsin. O zaman funksional pozuntular yarana bilir”.

Ekspertin sözlərinə görə, uşağın görməsindən şikayəti olmadıqda, bu, valideynin diqqətini çəkmir:

“Amma şikayətin olmaması valideyni arxayın etməməlidir. Həmişə kənardan uşağa diqqət etməlidir. Əgər uşaq televizora çox yaxından baxırsa, gözlərini tez-tez ovuşdurursa, gözü tez-tez yaşarırsa, konyunktivit olursa, itdirsəyi tez-tez çıxırsa, oynayarkən oyuncağına və ya xırda bir əşyaya baxmaq üçün onu çox yaxınlaşdırırsa, oynadığı oyunda, oxuduğu kitabda, baxdığı şəkildə diqqətini cəmləşdirə bilmirsə, həkimə demək lazımdır”.



R.Musayev qeyd etdi ki, uşaq 6 yaşında dərslərə başlayanda gözlərin funksional təzyiqi artır:

“Görmə və ya funksional qüsuru olan uşaqlar başlarını əyri tutur, nəyəsə baxanda başlarını az çevirib baxır, yaxşı görmək üçün çənələrini aşağı sıxır və ya başlarını həddən artıq yuxarı qaldırıb baxmağa çalışırlar. Uşaq məktəbdən gəlir və deyir ki, filan sırada oturmuşam, lövhədə yazıları görmürəm. Əslində sinfin uzunluğu elə də çox olmur. Əgər uşaq o məsafədən görmürsə, deməli, problem var. Valideyn isə müəllimə deyir ki, uşağımı daha qabaq sıraya keçir. Amma əslində uşağı göz həkiminə aparıb, eynək yazdırmaq lazımdır. Yaxud da uşaq hərflərin birini böyük, digərini balaca yazır. Valideyn də düşünür ki, yəqin xasiyyətdir, diqqətcil deyil, gec inkişaf edir. Uşaq diqqətini cəmləşdirə bilmirsə, kitabı oxuyur, lakin bir müddət sonra oxuduğunu izah etməkdə çətinlik çəkirsə, çox vaxt bu görmə ilə bağlı olur. Valideynlər isə bunu uşağın fikrinin başqa yerdə olması ilə əlaqələndirirlər”.



Mütəxəssis dedi ki, daimi və vaxtaşırı istifadə olunan eynəklər var:

“Eynək daimi istifadə üçündürsə, nəzarət etmək lazımdır ki, uşaq eynəkdə olsun. Həkim uşağa eynək yazıbsa, müalicənin effektiv olması üçün deyildiyi kimi istifadə olunmalıdır. Yoxsa “həkim özü üçün deyir, səhər taxsın, axşam yox, uşaq eynək taxmaqdan yoruldu, çıxar” demək düzgün deyil. Bəzi həkimlər deyir ki, uşaqlara kontakt linza taxmaq olmaz. Əslində, olar. Sadəcə kontakt linza istifadəsi zamanı gigiyenaya əməl edilməli, taxılıb-çıxarılanda mütləq əllər sabunla yuyulmalıdır. Uşaqlar isə çirkli əlini də gözünə vura bilər. Ona görə uşaqlara 12-13 yaşına kimi kontakt linza tövsiyə etməkdən çəkinirlər. Amma bəzi hallarda görmə qüsurlarının düzəlməsi, müalicəsi üçün kontakt linzanın istifadəsi eynəkdən daha effektiv və faydalıdır. Əslində, hər ikisi paralel istifadə olunmalıdır”.



R.Musayev bildirdi ki, insana informasiyanın 80 faizi gözlə daxil olur:

“Əgər gözdə problem varsa, deməli, bu informasiyanın bir hissəsindən məhrum oluruq. Uşağı göz həkiminə aparmaqdan yox, aparmamaqdan qorxmaq lazımdır. Vaxtında problemi aşkar etmədikdə, eynək yazılmayıb, müalicə edilmədikdə, gözlə beynin arasındakı sinirlərdə sönmə yaranır. Sonra onu bərpa etmək demək olar ki, qeyri-mümkün olur. Yüngül bərpa olunsa da, effektivliyi aşağı olur. 2019-cu ilin statistikasına görə dünyada 1,5 milyon korluğu olan uşaq var. Onların 50 faizinə vaxtında müdaxilə olunsaydı, korluq yaranmazdı. Dünya əhalisinin 70 faizində görmə qüsuru var. Bu insanların cəmi 40 faizi görmə qüsurunun olmasını bilir. Praktikada da tez-tez rast gəlirik, xəstə gəlir, oturur, deyir “uzağı yaxşı, yaxını pis görürəm”. Amma müayinədə görürük ki, heç uzağı da yaxşı görmür”.



Ekspertin sözlərinə görə, adətən uşaqların gözlərini kompüter, planşet, telefonun zəiflətdiyini düşünürük:

“Amma uşağın əlindən texnologiyanı birdəfəlik almaq da olmaz. Bu zaman intellektual inkişafdan geri qalacaq. Sadəcə, düzgün istifadə etməyi öyrətmək lazımdır. Yazı yazmaq, oxumaq, kompüter, planşet, telefonu bir saat istifadə etdikdən sonra fasilə vermək, uzağa baxmaq lazımdır. Belə fasilələr nə qədər tez-tez olarsa, göz o qədər sağlam işləyəcək və gələcəkdə problemlər yaranmayacaq. Otağın işıqlanması da önəmlidir. Çalışmaq lazımdır ki, uşağın olduğu otaq qaranlıq olmasın. Uşaq tez-tez təmiz havada, fiziki aktiv olmalıdır. Fiziki aktivlik olmayanda da görmə pozuntusu əmələ gələ bilir. Qidalar balanslı, vitamin tərkibli olmalıdır. Uşağın eynək taxmaq istəməməsinin səbəbi onun nadincliyi deyil. Düzgün eynək yazılıbsa, uşaq heç vaxt yaxşı görmədən imtina etməz. Eynək seçərkən mütəxəssislərə müraciət edin. Küçədəki piştaxtalardan eynək sifariş vermək düzgün deyil”. (Kaspi)