Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukraynaya təcavüzün 100-cü günü - Əldən salma müharibəsi

İyunun 3-də Rusiyanın Ukraynaya qarşı müharibəsinin 100-cü günü tamam olur. Ukrayna Prezidenti Volodimir Zelenski şərqi Severodonetsk şəhərində Rusiyanın hücumunun qarşısının alındığını deyib.

NATO isə münaqişənin “əldən salma müharibəsi”nə çevrildiyini, Rusiyanın blits qələbə qazanmaq hədəfinə nail olmadığını bildirib.

“Severodonetsk döyüşlərində müəyyən uğurlarımız var. Amma öncədən demək üçün tezdir”, – Zelenski ötən gecə çıxışında deyib. O, vəziyyətin ümumilikdə “çox çətin” olduğunu vurğulayıb.

İlkin hədəflər yarımçıq qalıb


Rusiyanın Müdafiə Nazirliyi iyunun 3-də kəşfiyyat bülletenində qeyd edir ki, ilkin planla müqayisədə Moskva strateji hədəflərinin heç birinə çatmayıb.

“Rusiya qüvvələri Kiyevi və hökumət mərkəzlərini tutmaq hədəflərinə çata bilmədi. İlk 24 saat ərzində Ukraynanın sərt müqaviməti və Kiyev yaxınlığındakı Qostomel aerodromunun tutulmaması Rusiyanın hücum əməliyyatlarının dəf olunmasıyla sonuclandı”, – kəşfiyyat qeyd edir.

Severodonetskdə isə küçə döyüşləri gedir. Rəsmilər şəhərin 80 faizinin Rusiya qüvvələrinin nəzarətinə keçdiyini deyirlər. Ukrayna qüvvələri isə Vaşinqtonun vəd etdiyi müasir silahlar gələnəcən Rusiya əsgərlərinin qarşısını almağa çalışırlar.

Luqansk vilayəti hərbi administrasiyasının başçısı Sergey Qaydayın sözlərinə görə, uşaqlar daxil olmaqla 800-dək insan şəhərdəki kimya zavodunun altındakı sığınacaqdadır. Onlara şəhərdən çıxmaq təklif olunsa da imtina ediblər, Qayday söyləyib.

Xerson


Ukrayna qüvvələri iyunun 3-də cənubda işğal altında olan Xerson vilayətində əhəmiyyətli irəliləyiş əldə etdiyini bildirib. AZOV Dnipro Ərazi Müdafiə bölməsi “işğal olunmuş ərazi”nin 8 km-nin azad edildiyini açıqlayıb.

Zelenski iyunun 2-də Luksemburq parlamentində videoçıxışında deyib ki, Rusiya Ukrayna ərazisinin beşdə birinə nəzarət edir. Bu isə 125 min kv.km deməkdir, yaxud Zelenskinin sözlərilə desək, “Benilüksün bütün ərazisindən böyükdür”. Benilüks Belçika, Niderland və Lüksemburqun qısa adıdır.

Britaniya kəşfiyyatı Rusiyanın Ukraynanın şərqi Luqansk vilayətinin 90 faizindən çoxuna nəzarət etdiyini, növbəti iki həftə ərzində vilayəti tam nəzarətə ala biləcəyini qeyd edir. Ancaq bülletendə o da deyilir ki, Rusiya son taktiki uğurları böyük resurslar bahasına əldə edib və bu tendensiya davam edəcək.

“Əldən salma müharibəsi”


NATO başçısı Yens Stoltenberq Vaşinqtonda deyib ki, münaqişə “əldən salma müharibəsi”nə çevrilib.

“Müharibələri proqnozlaşdırmaq mümkün deyil və bu səbəbdən uzun müharibəyə hazırlaşmalıyıq”, – deyən Stoltenberq müharibənin çox güman ki, danışıqlar masasında bitəcəyini, danışıqlarda baş verənlərin cəbhədəki vəziyyətlə sıx bağlı olduğunu söyləyib.

Qərb rəsmiləri müasir silahların Ukraynaya çatmasının üç həftəyədək çəkəcəyini deyirlər.

ABŞ-ın Ukraynaya verməyə razılaşdığı, 80 km-i vura bilən HIMARS raket sistemlərinin, Rusiyanın ləng, amma möhkəm irəliləyişini dayandırmaq üçün cəbhəyə vaxtında çatacağıyla bağlı suallar var.

Kremlin sözçüsü Dmitri Peskov iyunun 2-də bir daha xəbərdarlıq edib ki, bu silahlar Rusiyaya qarşı istifadə olunsa, “tamamilə arzuolunmaz və xoşagəlməz ssenarilər” baş verər.