Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukraynadakı müsəlmanlar: “Budəfəki Ramazan ağrılarla doludur”


"Daim həyəcan siqnalı eşidən, dağıdılmış məktəblərin, xəstəxanaların və evlərin görüntülərinə baxan biri necə yaxşı ola bilər? Cəsədləri, külə dönmüş evləri görmək məni xəstələndirir", - Niyara Mamutova belə deyir.





Mamutova Krım tatarıdır. 2014-cü ildə Rusiya Krımı ilhaq edəndən sonra Ukraynanın şimalına köçüb.





Kiyevdə yaşayan ukraynalı müsəlman Viktoriya Nesterenko da eyni ovqatdadır.





Bu iki qadın müharibə şəraitindəki Ramazan bayramından danışıb.




Nesterenko elə hey dəhşətli müharibə səhnələri gördüyünü deyir:





"Rusiyalı əsgərlər Kiyev yaxınlığında çox sayda dinc sakini, o cümlədən uşaqları öldürdü. Bu il Ramazan əvvəlki illərdəki kimi deyil. Mən hər gün kədər içindəyəm".





Ukrayna əhalisinin çox kiçik bir qismi - qeyri-rəsmi hesablamalara görə, təxminən bir faizi müsəlmandır.





Koronavirus pandemiyasına görə, onlar iki ildir ki, Ramazan bayramını istədikləri kimi qeyd edə bilməyiblər və builki bayramı səbirsizliklə gözləyirdilər. Amma müharibə Ukrayna müsəlmanlarının planlarını alt-üst edib.





Viktoriya Nesterenko deyir ki, ən çətini özünü mənəvi baxımdan hazırlamaqdır: "Mən daha çox Quran oxumaq və dua etmək istəyirəm. Amma stresdən və halsızlıqdan dualarıma fokuslana bilmirəm".





Niyara Mamutova təzəlikcə ana olub. Qızını əmizdirdiyi üçün oruc tutmur. Amma Nesterenko bu ənənəyə əməl edir. Hər iki qadın Ramazan ayının çətin keçdiyini bildirir.





"Təbii ki, biz ibadət etməyə vaxt tapırıq. Müharibə şəraitində bəzi istisnalar var. Birlikdə namaz qıla, dini vəzifələrimizi bu yolla yerinə yetirə bilərik", - Nesterenko belə deyir.





"Heç bir yer təhlükəsiz deyil"




Niyara Mamutova səkkiz ildir ki, ölkənin cənubundakı Zaporojye şəhərində yaşayır. O, müsəlmanlara qarşı qərəzli münasibətlə mübarizə aparan qeyri-hökumət təşkilatına rəhbərlik edir.





O, dördüncü övladını dünyaya gətirəndən üç həftə sonra müharibə başlayıb. Bundan əvvəl onlar evlərini təmir etməyə hazırlaşırmışlar:





"Hamımız şok keçirdik. Aeroporta raketlər düşürdü. Neft çəni yanırdı. Rusiyalı əsgərlər şəhərə yaxınlaşırdılar. Ona görə evimizi tərk etməli olduq".





Krımın ilhaqı zamanı, demək olar ki, qan tökülməmişdi. Amma bu müharibə qanlı və amansızdır.





Ailə Ukraynanın qərbindəki Çernivstıya köçüb. Bu, uşaqlar üçün də çətin proses olub.





"Uşaqlarım dostlarından ayrılmalı oldular, evlərini itirdilər. Heç bura da təhlükəsiz yer deyil. Rusiya raketləri və bombaları Ukraynanın istənilən şəhərinə düşə bilər".





Nostalgiya




Bu şəhərdə onlar əvvəlcə məscidə sığınıblar. Sonra kirayə ev tapıblar.





Niyara Mamutova əvvəlki Ramazan bayramlarını xatırlayaraq kədərlənir:





"Əvvəllər ailəlikcə oruc tutar, namaz qılar, iftar açardıq. İndi müharibəyə görə ailəmiz parçalanıb. Bəziləri Ukraynanı tərk edərək başqa ölkələrə gediblər. Heç xoş atmosfer deyil".





Niyaranın əri bir evdə yaradılmış məscidin imamıdır. Çernivstıda komendant saatı var. Bəzən əri gecikdiyi üçün evə gələ bilmir, məsciddə gecələyir. Amma Mamutova bu tanış olmayan yerdə özünə yeni dostlar tapmağı bacarıb:





"Başqa müsəlmanlarla birlikdə iftar açırıq. Bir-birimizə kömək edirik. Evlərini tərk etmək məcburiyyətində qalmış insanlar üçün varlı müsəlmanlardan ianə toplayırıq".





"Halal ət" problemi




Niyara məscidə sığınmış insanlar üçün hər gün yemək bişirir:





"Demək olar ki, həmişəki yeməklərimizi bişiririk. Amma halal kəsilmiş ətimiz yoxdur, sadəcə toyuq əti tapa bilirik".





Türkiyə kimi ölkələrdəki islamyönlü yardım təşkilatları da onlara ərzaq yardımı göndərir. Yerli müsəlmanlar öz aralarında pul yığıb qaşıq-çəngəl alırlar.





Viktoriya Nesterenko dondurulmuş ət və balıq yediklərini deyir:





"Biz halal ərzaq tapmaq istəyirik. Amma halal ət qıtlığı var. Ucqar rayonlarda yaşayanlar üçün halal qida əlçatan deyil".





Müharibədən əvvəl Nesterenko Kiyevdə məhsullara halal sertifikatı verən təşkilatının direktoru işləyib.





Ukrayna ordusunda və yerli müdafiə batalyonlarında çoxlu müsəlman kişi və qadın var. Bəziləri könüllülərə bu yaxınlarda qoşulub.





Nesterenko qohumlarının və dostlarının rusiyalı əsgərlərə qarşı döyüşdüyünü bildirir:





"Humanitar yardım toplayırıq. İnsanların təxliyəsinə kömək edirik. Pul yığıb əsgərlərimiz üçün sursat alırıq".





Kiyevdəki baş məscidin camaatı sayca əvvəlkindən 95 faiz azdır. Bu vəziyyət Nesterenkonu çox kədərləndirir. O, xeyli sayda müsəlmanın hələ şəhərdə olduğunu, amma hərbi xidmətə görə məscidə gələ bilmədiklərini deyir:





"Mən mümkün qədər çox işləyib xalqımıza kömək etmək istəyirəm. Bu mənim vətəndaşlıq borcumdur. Ukrayna xalqı gücünü birlikdən alır. Biz birləşməli və bir-birimizə yardım etməliyik".





Niyara Mamutova inancı sayəsində bu çətin dövrün öhdəsindən gələcəklərini düşünür:





"İnancım mənə güc verir. Suallarıma cavab verir, bu müharibənin bir imtahan olduğunu anlayırsan. Sülh üçün yaşayır, dua edir və gözləyirirk". (BBC)