Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukraynada öldürülən uşaqlar: Onlar kimin düşməni idi? - Bir neçə qısa hekayə


May ayında Yeliseyin 14 yaşı tamam olacaqdı. Onu evakuasiya vaxtı, ailəsi atəş altından çıxmağa cəhd edərkən öldürüblər.





Yevgeni Ryabokon qarşısındakı kiçik tabutu sığallayır və deyəsən, son dəfə oğluyla söhbət edir. Nəsə deməyə çalışır, amma hönkürtüsü buna mane olur.





Həyat yoldaşı İnna oğlunun gülümsəyən şəklini - tabutun üstündəki çərçivəni düzəldir.



Şəkildəki oğlan Yelisey Ryabokondur. Onu 2022-ci ilin mart ayının 11-də öldürüblər. Amma dəfn etmək ancaq bir ay sonra mümkün olub.


Peremoqa kəndindən olan Yeliseyin ailəsi, yaxınları, sinif yoldaşları və onu sevən digər insanlar Kiyevin şərqindəki Brovarı şəhərinin kilsəsinə toplaşıblar. Ortaq dərd müharibənin pərən-pərən etdiyi adamları bir araya gətirib.





Doğmaları Yeliseyin dürüst, təvazökar və mərhəmtli olduğunu, dalaşmağı sevmədiyini, sərt idman növləriylə qətiyyən məşğul olmaq istəmədiyini deyirlər.





Yeliseyin anası İnna, özü və kiçik qardaşı döyüşlər başlayanda Peremoqa kəndində olublar.





"Martın 11-də rusiyalılar bizə kənddən çıxmağa icazə verdilər. Hətta arxamızca əl edib uğur da arzuladılar. Amma çöllükdə hər tərəfdən üstümüzə güllə yağdı", - İnna belə deyir.





Kənddən 5 avtomobil çıxıbmış, Yelisey ikincisindəymiş - içindəkilərin hamısının həlak olduğu maşında.





İnna xatırlayır: "Mən 3 yaşlı oğlumu gödəkçəsinin papağından dartaraq maşından çıxardım, çölün içiylə sürünüb onu xilas etdim. O gün kimlərinsə sağ qalması sırf təsadüf idi".





Qadın deyir ki, hələ də yaşamağa davam edə bilməsinin yeganə səbəbi kiçik oğludur. O, Yeliseyin öldürülməsi faktıyla bağlı polisə ərizə yazıb. Ana ədalətin bərqərar olacağına ümid edir:





"Mən istəyirəm ki, dünya Rusiyanın cinayətlərindən xəbər tutsun. Mən istəyirəm ki, qurbanların hər biri qeydə alınsın. Mən istəyirəm ki, Rusiya onun hərbçilərinin bizim torpağımızda öldürdkləri uşaqlara və qadınlara görə məsuliyyət daşısın".






Altı yaşlı Daniil Avdeenko Xarkovdakı Uşaq və Yeniyetmələrin Sağlamlığını Mühafizə İnstitutuna Rusiya qoşunlarının mühasirəyə aldığı və mütəmadi olaraq atəşə tutduğu Çerniqov şəhərindən gətirilib. Hərbçilər bu şəhərdən ancaq aprelin əvvəlində çıxıblar.





Daniil və valideynləri yaşayış məntəqəsinin minaatanlardan atəşə tutulması nəticəsində yaralanıblar.





Partlayışın dalğası onları yerə yıxb. Danielin atası Aleksandr dikələndə görüb ki, arvadının ayağı ciddi şəkildə zədələnib. O, qanaxmanı dayandırmaq üçün qadının əl çantasının uzun qulpuyla onun ayağını möhkəm sıxıb. Sonradan həkim ona deyib ki, belə etməsi həyat yoldaşının ayağını amputasiyadan xilas edib.





Ardınca Aleksandr oğlunu səsləyib, Daniil ona vəziyyətinin yaxşı olduğunu deyib. Amma uşaq ayağa qalxmaq istəyəndə Aleksandr onun da ağır yaralandığını görüb.






"Bütün bədəninə qəlpələr dolmuşdu, yaralarından qan axırdı", - Aleksandr belə deyir.





Onları müxtəlif xəstəxanalara yerləşdiriblər.





"Dörd gün bir-birimizdən xəbərimiz olmadı, kimin sağ, kimin ölmüş olduğunu bilmədik".





Sonra ailə birləşib. Daniili Kiyevə aparıblar.





Həkimlər onun başındakı qəlpələri çıxara biliblər, amma belindəkilər hələ qalır. Deyiblər ki, bu qəlpələri indi çıxarmaq çox ağrılı olar. Daniilin bədənində çox sayda travma, ayaqlarında isə sınıqlar var. Həkimlər onun nə vaxt yeriyə biləcəyi barədə hələ ki bir söz demirlər.




Uşağın vəziyyəti stabildir, amma tibb bacısı iynə vuranda ağrıdan zarıyır.





"Daniil xəstəxana işçilərinə o gün hamımızın necə qan içində olmağımızdan danışır. Oğlum özünü günahkar sayır, çünki mən ona zirzəmidə oturmağı tapşırmışdım, qulaq asmayıb mənim yanıma gəlmək üçün küçəyə çıxmışdı. Amma onun günahı yoxdur. Günahkar bizik", - Aleksandr belə deyir.





Ata müharibə başlayan gündən oğlunun ona çoxlu sual verdiyini söyləyir:





"Atəş səsləri gələndə soruşurdu ki, atan kimlərdir, "Bizimkilərdir" deyirdim. Bir azdan soruşurdu ki, bəs indi kimlər atır".





Aleksandrın sözlərinə görə, oğlu gecələr yuxuda tanklar görürmüş, bomba atılanda diksinib oyanırmış. Amma qalan vaxtlarda adi uşaq kimi davranırmış - oynayır, əylənirmiş.





"Yaralanandan sonra o, çox dəyişib", - ata belə deyir.





Hərçənd atəş altından salamat çıxanlar da dərin psixoloji travma alıblar.





13 yaşlı İlya Bobkov ailəsiylə birlikdə Kiyev yaxınlığındakı Buça şəhərindən qaçıb. Bu kiçik şəhər bir neçə həftə Rusiya qoşunlarının nəzarətində olub.




İlyagil mart ayında mülki əhali üçün təşkil edilən humanitar dəhliz sayəsində Buçanı tərk ediblər.





İndi bütün ailə Kiyevdəki köhnə bələdiyyə binasının bir otağına sığınıb.





"Fevralın 24-də, hərbi əməliyyatlar başlayanda mən şok keçirdim. Bu, adi bir gün olmalıydı: mən məktəbə yollanmalı, qayıdıb tapşırıqları yerinə yetirməli, sonra da gəzməyə getməliydim. Amma həmin gün zirzəmidə yaşamağa başladıq. Çox qorxuluydu, xüsusilə də gecələr", - İlya belə deyir.





Evakuasiya vaxtı İlya və ailəsi yanmış evlərin, vurulmuş tankların və elə yol qırağında düşüb qalmış ölü insanların yanından keçiblər.





"Hələ də mənə elə gəlir ki, ətrafımızda müharibə gedir. Yuxularımda görürəm ki, ruslar doğmalarımı gah öldürürlər, gah da əsir götürürlər. Qan-tər içində oyanıram".





Onun xalası - özü və ailəsi İlyagillə birlikdə Buçadan evakuasiya olunmuş Valentina Sokolova deyir ki, uşaqların fikrini yayındırmaq üçün onlarla oyun oynayıblar, ailə albomlarındakı şəkillərə baxıblar. Valentinanın sözlərinə görə, ən ağır məqamlardan biri uşaqlara, ola bilsin, bir müddət sonra yeməyə heç nə tapmayacaqlarını demək məcburiyyəti olub.





"Onlara deyirdim ki, indi ən vacib şey çörək və sudur. Mən onlara başa salmalıydım ki, əvvəlki həyatları - məktəbə getdikləri, oynadıqları, istədikləri şeyi yedikləri günlər geridə qalıb. Artıq başqa həyat başlayıb və onların elə indicə böyüməsi lazımdır", - Valentina belə deyir.





Ukraynada milyonlarla uşaq bir an içində öz uşaqlığından məhrum olub. BMT-nin məlumatına görə, ölkədəki 8 milyon uşağın üçdə ikisi öz evini tərk etmək məcburiyyətində qalıb. Ölkənin cənubunda və şərqində döyüşlərin davam etməsi, Lvov və Kiyevin yenidən atəşə tutulması fonunda Ukraynanın indi heç bir hissəsi təhlükəsiz görünmür.





Heç kim bilmir ki, ukraynalı uşaqlar öz dinc həyatlarına bir də nə vaxt qayıda biləcəklər. (BBC)