Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna qoşunları Baxmutda irəliləyir, Rusiya təşəbbüsü itirib

Rusiya qüvvələri Ukraynanın Donetsk vilayətinin Baxmut şəhərində təşəbbüsü itirib.

Bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Bildirilib ki, Rusiya Müdafiə Nazirliyi də Ukrayna ordusunun Baxmutdakı uğurlarını təsdiqləyib: “Ukrayna qoşunları xüsusilə şəhərin Boqdanovka və İvanovski rayonları istiqamətində irəliləyir”.

Qərb analitiklərinin fikrincə, Ukraynanın əks-hücumları məhdud olsa da, qarşı tərəfin hücum əməliyyatlarının qarşısını alır və onları müdafiə mövqeyinə çəkilməyə məcbur edir.

Ukrayna Silahlı Qüvvələrinin Şərq Qrupunun nümayəndəsi Sergey Çerevatı isə deyib ki, dünən Ukrayna qoşunları Baxmut şəhərində 1700 metr irəliləyiblər.

O bildirib ki, Ukrayna Silahlı Qüvvələri şəxsi heyət və sursat baxımından qarşı tərəfdən üstün deyil: “Amma cinahlarla irəliləməyə davam edirik. Baxmut hərbi əməliyyatların episentri olaraq qalır”.

S.Çerevatının sözlərinə görə, Rusiya Silahlı Qüvvələri gün ərzində Baxmut istiqamətində 77 dəfə artilleriya, 6 dəfə isə təyyarə ilə zərbələr endirib:

“Döyüşlərdə qarşı tərəfin 130 hərbçisi məhv edilib, 145-i yaralanıb, 4-ü isə əsir götürülüb”.

Qeyd edək ki, Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirmişdi ki, Baxmutda 20 kvadrat kilometr ərazi işğaldan azad olunub.

Xatırladaq ki, təxminən 8 aydır ki, Baxmutda gərgin döyüşlər gedir.