
Uitkoff: Azərbaycan-Ermənistan münaqişəsinin həllinə çox yaxınıq
15 May 2025
ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff Azərbaycan və Ermənistan arasında münaqişənin yekun həllinin çox yaxın olduğunu deyib.
Xüsusi nümayəndə Uitkoff bu barədə ABŞ-nin "Breitbart" xəbər saytına müsahibəsində danışıb: "Azərbaycan və Ermənistanla bağlı biz inanırıq ki, münaqişənin yekun həllinə – son razılaşmaya çox, çox yaxınlaşmışıq".
Xatırlatma
Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.
Son illər iki ölkə arasında müxtəlif formatlarda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb. Bununla belə, tərəflər bu yaxınlarda saziş üzrə bütün maddələrin razılaşdırıldığını açıqlayıblar.