Logo
news content
User
Kateqoriyalar

Xəbər

Türkiyədə yolayrıcı - Azərbaycandan baxış

Mayın 14-ü Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək. Prezidentliyə iddiaçılardan biri dövlət başçısı, Ədalət və İnkişaf Partiyasının lideri Rəcəb Teyyub Ərdoğandır. 1954-cü il təvəllüdlü Rəcəb Teyyub Ərdoğan Ədalət və İnkişaf Partiyasını 2001-ci ildə yaradıb, 2003-cü ildən baş nazir postunu tutub, 2014-cü ildə prezident seçilib. 2017-ci ildə Türkiyədə prezident idarə üsuluna keçidi nəzərdə tutan konstitusiya referendumu olub, 2018-ci ildə Rəcəb Teyyub Ərdoğan yenidən prezident mandatı alaraq həm də hökumət başçısı səlahiyyətlərinə yiyələnib.

2023-cü il seçkisində Xalq ittifaqının namizədi olan prezidentin üç rəqibi var: Məhərrəm İncə – lideri olduğu Məmləkət Partiyasının namizədi; millət vəkili, Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu – Millət ittifaqının namizədi; müstəqil siyasətçi Sinan Oğan – Ata ittifaqının namizədi.

İlk turda prezident seçilmək üçün etibarlı səslərin 50 faizindən çoxunu almaq tələb olunur, əks halda ən çox səs yığmış iki namizəd ikinci tura (28 may) vəsiqə alır.

Parlament seçkisinə 26 partiyadan namizəd çıxarılır. Onların 13-ü seçkiyə ayrılıqda gedir, 13 partiya ittifaqlarda bir araya gəlib.

Hakim blokda – Xalq ittifaqında Böyük Birlik Partiyası, Ədalət və İnkişaf Partiyası, Yenidən Rifah Partiyası, Milliyyətçi Hərəkat Partiyası; əsas müxalif blokda – Millət ittifaqında Cümhuriyyət Xalq Partiyası, Yaxşı Partiya namizədlər verib.

Ali Seçki Qurumunun parlament seçkisinə buraxdığı bəzi partiyaların namizədləri başqa qurumların siyahısında yer alır. Məsələn, Millət ittifaqındakı Gələcək Partiyası, Demokrat Partiyası, Demokratiya və Sıçrayış Partiyası, Səadət Partiyası seçkiyə Cümhuriyyət Xalq Partiyasının siyahısı ilə qoşulub.

Millət ittifaqı Türkiyəni parlament idarə üsuluna qaytarmaq istəyir.

600 nəfərlik parlamentə – Türkiyə Böyük Millət Məclisinə düşmək üçün ölkə üzrə etibarlı səslərin azı 7 faizini qazanmaq gərəkdir.

Qoşa seçki necə nəticələnə bilər? Prezidentliyə əsas namizədlər Rəcəb Teyyub Ərdoğanla Kamal Kılıçdaroğlunun şansları barədə nə düşünürsünüz? İcra hakimiyyətinin və parlamentin Rəcəb Teyyub Ərdoğana və Ədalət və İnkişaf Partiyasına qarşı birləşmiş qüvvələrin nəzarətinə keçməsi, Türkiyənin parlamentin idarə üsuluna dönməsi mümkün görünürmü?

Jurnalist Zamin Hacı seçkilərdə Ərdoğan və müttəfiqlərinin şanslarının daha yüksək olduğu qənaətindədir: “Birincisi, Ərdoğan bu müxalifəti neçə dəfə seçki qutusunun dərinliklərinə atmağı bacarıb. İndi isə müxalifət əsasən onun qocalması, zəlzələ, qiymət artımı kimi detallara ümid edir, lakin biz özümüz də yaxın tarixdəki təcrübəmizdən belə məqamlara güvənib seçkiyə gedənləri uduzmağa məhkum görmüşük.

İkincisi, müxalifət və onun əsas namizədi Kamal Kılıçdaroğlu populist çıxışlara başlayıb, bununla nəyisə dəyişməyə ümid edir, lakin Türkiyədə populizm üslubunda Ərdoğana və partiyasına çatmaq mümkün deyil.

Məncə, qarşıdakı günlərdə də həmin populist çıxışları görəcəyik. Müxalifətin xalqa təklif edəcəyi hansısa yenilik, proqram görməmişəm. Üstəlik, Məhərrəm İncə də müxalif səslərin önəmli hissəsini qapazlayacaq kimi görünür.

Parlament idarəçiliyi sisteminin bərpasına inanmıram. Hətta parlamentdə müxalifət üstünlük qazansa belə, böyük ehtimalla buna getməyəcəklər. Çünki türk xalqı mərkəzçi, bir nəfərin məsuliyyət daşıdığı sistemləri tarixən sevib, dəstəkləyib. Türklərin dünyanı fəthi, o cümlədən ağır günlərdən qurtuluşu adətən şəxsiyyət ətrafında birləşərkən baş tutub. Mən bunu, əlbəttə, alqışlamıram, reallığı təsvir edirəm”.

Jurnalist Qabil Abbasoğlu qeyd edir ki, Türkiyədə seçkilərin nəticələrini Türkiyə xalqı, seçiciləri müəyyən edəcək: “Şəxsən mənim üçün əhəmiyyətli olan odur ki, yarış sabitlik şəraitində və həmişəki kimi azad, ədalətli keçirilsin.

Son rəy sorğuları hakim partiyanın və namizədinin reytinqinin xeyli yüksəldiyini göstərir. Belə artım Ərdoğanın kürd amili üzərindən atdığı, milli hisslərə təsir göstərən addımlarla bağlıdır. Bu tendensiya davam edərsə, Kılıçdaroğlunun mövqeləri zəifləyə bilər.

Hələlik isə Millət ittifaqının namizədi az fərqlə öndə gedir. Nəticələrin əhəmiyyətli dərəcədə dəyişməsinə Məhərrəm İncə amili də təsir edəcək. İndi şanslar təxminən bərabər sayıla bilər.

Ümumiyyətlə, bir qüvvənin uzun müddət hakimiyyətdə qalması, hətta maksimum ədalətli idarəetmə olsa belə, cəmiyyəti yorur, dəyişiklik ehtiyacını artırır. Ərdoğanın və partiyasının uzun müddət hakimiyyətdə qalması onun əleyhinə işləyən ən təbii və ciddi amilə çevrilib. Bu müddətdə həm cəmiyyət psixoloji olaraq dəyişikliyə köklənir, həm də hakim ideoloji-siyasi kursa alternativ baxış və ya baxışlar güclənir, tərəfdar qazanır. Bu baxımdan, seçki əhvalı indiki amillər üzrə davam etsə, dəyişiklik gözləməyə dəyər.

O ki qaldı idarə üsulunun dəyişilməsi məsələsinə, bu, alternativ qüvvələrin ana arqumentidir, bundan yayınmaq ciddi yanlışlıq olardı. Türkiyə kimi seçici iradəsinin müəyyənedici olduğu cəmiyyətlərdə belə vədlər verib sonra yayınmaq siyasi intihar deməkdir. Ərdoğan seçilərsə, hakim kurs və mövcud idarə üsulu davam edəcək, Kılıçdaroğlu üçün bu, son seçki ola bilər; Kılıçdaroğlu seçilərsə, verdiyi vədi mütləq yerinə yetirməli olacaq, yoxsa seçici bunu ona bağışlamayacaq.

Beləliklə, seçkiqabağı vəziyyəti bu cür də ifadə etmək olar: Türkiyə seçicisi ya prezident idarə üsulunu seçəcək, ya da parlament respublikasını”.

Jurnalist, siyasətçi Mustafa Hacıbəyli son günlər Cümhuriyyət Xalq Partiyasının və Yaxşı Partiyanın qərargahlarına hücumlar olduğunu, odlu silahdan atəş açıldığını vurğulayır: “Hakimiyyətdən getmək istəməyən siyasi qüvvənin aqressivliyi narahatlıq doğurur. Ümid edirəm Türkiyə cəmiyyəti siyasi böhranı seçki yolu ilə həll edə biləcək və ciddi vətəndaş qarşıdurması olmayacaq.

Türk xalqınin istənilən azad seçiminə hörmətlə yanaşmalıyıq. Eyni zamanda hakimiyyət bir insana, bir partiyaya yox, xalqa məxsus olmalıdır. Əgər hakimiyyət on illər boyu dəyişmirsə, deməli, xalqa məxsus deyil.

Sorğular Millət ittifaqının öndə olduğunu göstərir. Kamal Kılıçdaroğlunun barışdırıcı mövqeyi partiyası ətrafında böyük koalisiyanın yaranmasına səbəb olub. Koalisiyanın parlament seçkisinə də vahid qüvvə kimi girməsi müxalifətə əlavə üstünlük gətirir. Bir çox böyük şəhərdə bələdiyyələrin müxalifətin nəzarətində olması da Millət ittifaqının üstünlüyü kimi qiymətləndirilməlidir.

İcra hakimiyyətinin və parlamentin müxalif qüvvələrin nəzarətinə keçməsi mümkündür. Ərdoğan əbədi deyil. Əvvəllər seçkilərdə “Yeni Türkiyə” şüarı irəli sürürdü, amma əksinə, ölkəni orta əsrlərə doğru aparmağa çalışır… Sonra Türkiyənin artıq “yeni” olduğunu bəyan etdi. Yeni Türkiyə deyilərkən Ərdoğan Türkiyəsi nəzərdə tutulur. Şəxsən mənim üçün Ərdoğanın köhnə saydığı, hakimiyyətlərin tez-tez dəyişdiyi, amma insanların azad yaşadığı Türkiyə daha cəlbedicidir.

İnanıram kı, hakimiyyət dəyişərsə, Türkiyə sıçrayışla irəli gedəcək, monopoliyaların aradan qaldırılması iqtisadiyyatı inkişaf etdirəcək, beynəlxalq birliyin Türkiyəyə münasibəti yaxşılaşacaq, ölkəyə investisiya axını güclənəcək. Həmçinin inanıram ki, Türkiyənin yeni prezidenti Azərbaycanın bütün təbəqələri ilə münasibətləri bərpa edəcək”. (Novator.az)