Logo
news content
User
Kateqoriyalar

Xəbər

Türkiyədə seçki prosesi nə yerdədir?

Türkiyədə prezidentliyə iddiaçıların qeydiyyatı başa çatmaq üzrədir. Novator.az bildirir ki, mayın 27-dək Ali Seçki Qurumunda 4 nəfərin namizədliyi rəsmiləşib: Rəcəb Teyyub Ərdoğan, Kamal Kılıçdaroğlu, Məhərrəm İncə, Sinan Oğan.

Namizədlərin ilkin rəsmi siyahısı martın 28-də, yekun siyahısı martın 31-də açıqlanacaq.

Mayın 14-ü Türkiyədə həm parlament, həm də prezident seçkisi keçiriləcək.

Parlamentdə azı 20 deputatı olan, sonuncu parlament seçkisində azı 5 faiz səs almış (təkbaşına və ya ittifaq daxilində) siyasi partiyaların, eləcə də azı 100 min vətəndaşın prezidentliyə namizəd göstərmək hüququ var.

İlk turda prezident seçilmək üçün sadə səs çoxluğu – etibarlı səslərin 50 faizindən çoxunu almaq tələb olunur, əks halda ən çox səs yığmış iki namizəd ikinci tura (28 may) çıxır.

Prezident Rəcəb Teyyub Ərdoğan Xalq ittifaqında birləşən Ədalət və İnkişaf; Milliyyətçi Hərəkat; Böyük Birlik; Yenidən Rifah partiyalarının ortaq namizədidir. Hür Dava Partiyası da dövlət başçısına dəstək verir.

Ədalət və İnkişaf Partiyasına liderlik edən Rəcəb Teyyub Ərdoğan 2003-cü ildən baş nazir olub, 2014-cü ildə prezident seçilib. 2017-ci ildə Türkiyədə prezident idarə üsuluna keçidi nəzərdə tutan konstitusiya referendumu olub, 2018-ci ildə Rəcəb Teyyub Ərdoğan yenidən prezident postuna mandat alaraq həm də hökumət başçısı səlahiyyətlərinə yiyələnib.

Kamal Kılıçdaroğlu Cümhuriyyət Xalq; Demokrat; Demokratiya və Sıçrayış; Gələcək; Səadət partiyalarını və Yaxşı Partiyanı birləşdirən Millət ittifaqının namizədidir.

Cümhuriyyət Xalq Partiyasına liderlik edən Kamal Kılıçdaroğlu parlamentin üzvüdür.

Məhərrəm İncə lideri olduğu Məmləkət Partiyasının namizədidir.

Müstəqil siyasətçi Sinan Oğanı Ata ittifaqında birləşən Ədalət; Ölkəm; Türkiyə İttifaqı və Zəfər partiyaları namizəd göstərib.

Vətən Partiyasının lideri Doğu Perinçek, Texnoloji İnkişaf Partiyasının lideri Əhməd Özal və başqa bir neçə şəxs də prezidentliyə iddia edir.

Partiyalar 600 nəfərlik parlamentə – Türkiyə Böyük Millət Məclisinə düşmək üçün təkbaşına və ya ittifaq daxilində ölkə üzrə etibarlı səslərin azı 7 faizini qazanmalıdır.

Millət vəkilliyinə müstəqil namizədlik də mümkündür.

Ali Seçki Qurumu parlament seçkisinə 36 partiyanı buraxıb: Ana Vətən Partiyası, Böyük Birlik Partiyası, Böyük Türkiyə Partiyası, Cümhuriyyət Xalq Partiyası, Demokrat Partiyası, Demokratik Sol Partiya, Demokratiya və Sıçrayış Partiyası, Ədalət Partiyası, Ədalət-Birlik Partiyası, Ədalət və İnkişaf Partiyası, Əmək Partiyası, Gələcək Partiyası, Gənc Partiya, Güc Birliyi Partiyası, Hür Dava Partiyası, Haqq və Azadlıqlar Partiyası, Xalqın Qurtuluş Partiyası, Xalqların Demokratik Partiyası, Məmləkət Partiyası, Millət Partiyası, Milli Yol Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Müstəqil Türkiyə Partiyası, Səadət Partiyası, Sol Partiya, Türkiyə Fəhlə Partiyası, Türkiyə İslahat Partiyası, Türkiyə Kommunist Hərəkatı, Türkiyə Kommunist Partiyası, Vətən Partiyası, Yaxşı Partiya, Yaşıllar və Sol Gələcək Partiyası, Yeni Türkiyə Partiyası, Yenidən Rifah Partiyası, Yenilik Partiyası, Zəfər Partiyası.