Logo
news content
User
Kateqoriyalar

Xəbər

Türkiyədə hakimiyyət dəyişikliyi ola bilərmi və Azərbaycan nəyə hazır olmalıdır?

Respublikaçı Alternativ Partiyasının funksioneri, iqtisadçı Natiq Cəfərli Türkiyədə hakimiyyət dəyişikliyini mümkün sayır. O yazır ki, Türkiyədə inflyasiya sürətlənib, iqtisadi və sosial problemlər artır: “Məişətdə işlədilən təbii qazın qiyməti son günlər 30 faiz artırılıb. Elektrik enerjisi almaq üçün istifadə edilən qazın da qiyməti yüksəlib, bu isə növbəti günlərdə elektrikdə bahalaşmanı qaçılmaz edir. Sənayedə istifadə edilən qazın qiymətinin 40 faiz artdığını da nəzərə alsaq, bu sektorda məhsulların qiymətinin kəskin artımı gözlənir.



Son bir ildə benzinin qiyməti 239 faiz, dizelin qiyməti 258 faiz artıb, ölkədə rəsmi inflyasiya 70 faizə yaxınlaşıb.

Türkiyədə seçkilərə 1 il qalıb, bu müddət ərzində iqtisadi və sosial vəziyyətin düzəlməsi çox çətin görünür, seçici nə qədər ideoloji olsa da, sonda dolanışığına baxıb səs verir. Bunu nəzərə alsaq, növbəti seçkilərdə hakim partiya iqtidarı itirə bilər, ona görə də potensial iqtidar təmsilçiləri ilə indidən təmaslar qurulmalı, müzakirələr aparmalıdır. İki ölkə arasında münasibətlər şəxslər üzərində inşa edilməkdən çıxıb institutlaşmalıdır.

Azərbaycanın var olma strategiyasının əsas istiqaməti Türkiyə ilə əlaqələrin maksimal dərəcədə yüksəldilməsindən keçir, bunu nəzərə alaraq Türkiyədə gələcək seçimlərin müxtəlif nəticələrini nəzərə alan strateji addımlara ehtiyac yaranıb. Məhz bu gündən seçkilərin istənilən nəticələrinə cavab verən əməkdaşlıq konsepsiyasının tezisləri hazır olmalıdır”.

2023-cü ilin iyun ayında Türkiyədə həm parlament, həm prezident seçkisi keçiriləcək.

2002-ci ildən bəri ölkədə Ədalət və İnkişaf Partiyası hakim partiyadır. Partiyanın lideri Rəcəb Teyyub Ərdoğan 2003-2014-cü illərdə baş nazir olub, 2014-cü ildən prezidentdir.

2023-cü ilin prezident seçkisində Rəcəb Teyyub Ərdoğanın mümkün rəqibləri Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu, bu qurumun üzvləri Mənsur Yavaş (Ankara bələdiyyəsinin başçısı), Əkrəm İmamoğlu (İstanbul bələdiyyəsinin başçısı), Yaxşı Partiyanın lideri Maral Akşener, Səadət Partiyasının lideri Təməl Qaramollaoğlu, Demokratiya və Sıçrayış Partiyasının lideri Əli Babacan, Gələcək Partiyasının lideri Əhməd Davudoğlu, Demokrat Partiyasının lideri Gültəkin Uysal və başqalarıdır.

Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı Rəcəb Teyyub Ərdoğana dəstək verir.