Logo
news content
User
Kateqoriyalar

Xəbər

Türkiyə prezidenti postuna namizədlər - Onlar kimdir?

Martın 31-i Türkiyədə prezidentliyə namizədlərin təşviqat kampaniyası start götürüb.

Ali Seçki Qurumunda dörd iddiaçı rəsmiləşib: Rəcəb Teyyub Ərdoğan, Kamal Kılıçdaroğlu, Məhərrəm İncə, Sinan Oğan.

Rəcəb Teyyub Ərdoğan Xalq ittifaqında birləşən Ədalət və İnkişaf; Milliyyətçi Hərəkat; Böyük Birlik; Yenidən Rifah partiyalarının namizədidir. Hür Dava Partiyası da ona dəstək verir.

1954-cü il fevralın 26-da doğulan Rəcəb Teyyub Ərdoğan iqtisadiyyat və ticarət üzrə ali təhsil alıb.

1976-cı ildən siyasətlə məşğuldur. Milli Salamat, Rifah, Fəzilət partiyalarının üzvü olub, 1994-1998-ci illərdə İstanbul bələdiyyəsinin başçısı postunu tutub. 1999-cu ildə həbsdə yatıb.

2001-ci ildə yaradılmış Ədalət və İnkişaf Partiyasına liderlik edən Rəcəb Teyyub Ərdoğan 2003-cü ildən baş nazir olub, 2014-cü ildə prezident seçilib. 2017-ci ildə Türkiyədə prezident idarə üsuluna keçidi nəzərdə tutan konstitusiya referendumu olub, 2018-ci ildə Rəcəb Teyyub Ərdoğan yenidən prezident postuna mandat alaraq həm də hökumət başçısı səlahiyyətlərinə yiyələnib.

Kamal Kılıçdaroğlu Cümhuriyyət Xalq; Demokrat; Demokratiya və Sıçrayış; Gələcək; Səadət partiyalarını və Yaxşı Partiyanı birləşdirən Millət ittifaqının namizədidir.

1948-ci il dekabrın 17-də doğulan Kamal Kılıçdaroğlu iqtisadiyyat və idarəçilik üzrə ali təhsil alıb. Maliyyə Nazirliyində, Gəlirlər Baş İdarəsində, Əmək və Sosial Müdafiə Nazirliyində məsul vəzifələr tutub, Sosial Sığortalar Qurumuna başçılıq edib.

2002-ci ildən parlamentin – Türkiyə Böyük Millət Məclisinin deputatıdır.

2010-cu ildən Cümhuriyyət Xalq Partiyasına sədrlik edir.

Məhərrəm İncə lideri olduğu Məmləkət Partiyasının namizədidir.

1964-cü il mayın 4-də doğulan Məhərrəm İncə fizika üzrə ali təhsil alıb, bir müddət müəllimlik edib. 1983-cü ildən siyasi fəaliyyətlə məşğuldur. 2002-ci ildən 2015-ci ilədək 5 dəfə parlamentin deputatı seçilib. 2018-ci ildə Cümhuriyyət Xalq Partiyasının prezidentliyə namizədi olub. Məmləkət Partiyasını 2021-ci ildə yaradıb.

Müstəqil siyasətçi Sinan Oğanı Ata ittifaqında birləşən Ədalət; Ölkəm; Türkiyə İttifaqı və Zəfər partiyaları namizəd göstərib.

1967-ci il iyulun 1-də doğulan Sinan Oğan Azərbaycan türküdür. İqtisadiyyat və idarəçilik üzrə ali təhsil alıb. Milliyyətçi Hərəkat Partiyasının üzvü, parlamentin deputatı (2011-2015-ci illər) olub.

Prezident seçkisi mayın 14-də parlament seçkisi ilə birgə keçiriləcək.

İlk turda prezident seçilmək üçün etibarlı səslərin 50 faizindən çoxunu almaq tələb olunur, əks halda ən çox səs yığmış iki namizəd ikinci tura (28 may) çıxır.