Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Trendyol” Azərbaycan bazarında – Nələr baş verir?

Ötən gündən etibarən Türkiyənin məşhur alış-veriş saytı olan “Trendyol”a daxil olarkən Azərbaycan istifadəçilərinə yeni seçim imkanı təklif edilib. Belə ki, açılan pəncərədə istehlakçıya verdiyi sifarişi artıq karqodan yox, birbaşa ev ünvanında əldə etmək imkanı təklif edir. Təbii ki, bunun üçün də əlavə xidmət haqqı istənilir.

 





Tətbiq edilən yenilikdən sonra isə, ümumiyyətlə, istifadəçilərdə müəyyən fikirlər formalaşıb. Belə ki, sosial şəbəkələrdə yazılan şərhlərə əsasən, yenilikdən sonra artıq karqo şirkətləri sıradan çıxacaq və sair. Bununla yanaşı, xarici brendlərin ölkəmizdə fəaliyyət göstərən mağazaları varsa, artıq həmin malları xaricdən sifariş edilə bilməyəcəyi də deyilənlər arasındadır.





İqtisadçı ekspert Eldəniz Əmirov deyir ki, “Trenyol”la bağlı yeni dəyişikliklər karqo şirkətlərinin sıradan çıxması demək deyil:

“Azərbaycanda son illərdi 200-dən artıq karqo şirkəti fəaliyyətə başlayıb. Təbii ki, onların hamısı eyni səviyyədə inkişaf etməyib. Zəif və güclü imkanları olanlar var. Zəiflər də istənilən rəqabətə dözə bilməyib, bazardan çıxacaqlar.

“Trendyol”un yeni funksiyasına gəldikdə isə, deməli, platforma əvvəlki kimi fəaliyyət göstərəcək. Eyni zamanda, əlavə funksiyalılıq gəlib.

Əvvəllər sifarişçi qeyd edirdi ki, mənim malımı Türkiyədəki filan anbara apar ver və o anbar da karqo şirkətinindir. Yenə də bu funksiya qalacaq. Amma əlavə fürsət verəcək ki, gələn yeniliklə biz “Trendyol”a öz ünvanımızı qeyd edək. Bununla da, sifarişimizi karqodan yox, öz ünvanımızdan götürəcəyik. Təbii ki, müəyyən xərc məsələləri də olacaqdır. Amma bütün hallarda bu istehlakçıya seçim verir və müsbət haldır”.



O, rəqibsiz bazarda sərfəli qiymətlərin olmasına inanmır:

“Ümumiyyətlə, “Trendyol”un Azərbaycana gəlməsi artıq reallaşır. Artıq bununla bağlı danışıqlar gedir. Hesab edirəm ki, bu addım “Trendyol”un Azərbaycanda möhkəmlənməsinə təsir edəcək. “Trendyol” Azərbaycanda açıldıqda yerli şirkətlər üçün çətin rəqabət aparacaq rəqib olacaq.

Düzdü, “Trendyol” Azərbaycan tərəfi ilə danışıqlar zamanı birmənalı olaraq istehlakçı üçün sərfəli qiymət və məhsul çeşidlərinin genişlənməsinə imkan yaradacağını qeyd edib. Və bununla bağlı artıq müəyyən müqavilə də imzalanıb. Həmin sənəddən irəli gələn tələblər bir kənarda qalarsa və buna görə, digər şirkətlər bazardan sıxışdırılıb çıxarılarsa, o zaman “Trendyol” rəqibsiz fəaliyyətə başlayacaq. Bütün şirkətlərin qiymət və keyfiyyətini normalaşdıran rəqabətdir. Rəqabətin olmadığı təqdirdə isə istənilən şirkət maksimum qiymətdən istifadə edir. Yəni çata biləcək ən yuxarı qiyməti müəyyənləşdirir.

Buna görə də “Trendyol”la bağlanan müqavilənin şərtləri sıradan çıxarılarsa vəziyyət ürəkaçan olmayacaq. Rəqibsizlik şəraitində qiymətlərin sərfəli olacağına inanmıram. Sərfəli qiymət yalnız rəqabət şəraitində mümkündür. Azərbaycan tərəfi çalışmalıdır ki, mütləq şəkildə bu sahədə rəqabət mühiti pozulmasın, əksinə gücləndirilsin”. (Lent.az)