Tramp Putini də Sülh Şurasına dəvət edib
20 Yanvar 2026
Rusiya lideri Vladimir Putin ABŞ prezidenti Donald Trampın Qəzzanın bərpasına nəzarət edəcək Sülh Şurasına qoşulmağa dəvət edilib. Bunu Putinin mətbuat katibi yanvarın 19-da bildirib.
"Prezident Putin diplomatik kanallarla Sülh Şurasına dəvət olunub", – Dmitri Peskov mütəmadi brifinqdə jurnalistlərə deyib.
Onun sözlərinə görə, Kreml hazırda dəvəti nəzərdən keçirir, "ABŞ-nin daha ətraflı məlumat verəcəyinə ümid edir".
Qəzza Sülh Şurasında daimi yer almaq istəyən ölkələr 1 milyard dollar ödəməlidir
ABŞ administrasiyası Sülh Şurasında daimi yer tutmaq istəyən ölkələrdən 1 milyard dollar istəyir. Bu haqda "Bloomberg", "Reuters" şuranın nizamnamə layihəsinə istinadla yazır.
Layihənin 60-dək ölkəyə göndərildiyi bildirilir. 1 milyard dollar üç ildən çox davam edəcək üzvlükdən gedir.
Qalan üzvlər isə qurumun tərkibində üç ilədək qalacaqlar, sədrin onları dəyişdirmək səlahiyyəti olacaq.
Sənədə görə, Sülh Şurasının ilk sədri ABŞ prezidenti Donald Tramp olacaq, quruma kimlərin dəvət olunmasına, kimləri çıxarmağa da o qərar verəcək.
Qərarlar səs çoxluğu ilə qəbul ediləcək, amma qərarları sədr təsdiqləyəcək.
Adı çəkilməyən ABŞ rəsmisi "Bloomberg"ə deyib ki, yığılan vəsait Qəzzanın bərpasına xərclənəcək.
Sülh Şurasının yaradılması Trampın Qəzzada münaqişənin nizamlanmasına dair sülh planına salınmışdı. Amma "The Financial Times" yazır ki, nizamnamə mətnində Qəzza xatırlanmır. Sənədə görə, "Sülh Şurası münaqişələrdən zərər çəkmiş, onların yaranma riski olan bölgələrdə sabitliyin təşviqinə, etibarlı və qanuni idarəçiliyin bərpasına, davamlı sülhü təmin etməyə çalışan beynəlxalq qurumdur".
"Bloomberg" yazır ki, Trampın tənqidçiləri ABŞ prezidentinin uzun müddətdir tənqid etdiyi BMT-yə alternativ və ya rəqib qurum yaratmağa çalışmasından ehtiyatlanırlar. Məlumata görə, Tramp artıq bir sıra dünya liderlərini, Argentina prezidenti Xavyer Miley, Kanada baş naziri Mark Karni, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Sülh Şurasına dəvət edib. "Reuters" mənbələrinə istinadla Fransa, Almaniya və Avstraliya liderlərinin də dəvət olunduğunu bildirir. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Avropa İttifaqını təmsil etmək üçün dəvət olunub.