Tramp: İranın uran zənginləşdirməni 20 il dayandırmasını qəbul edərəm
16 May 2026
ABŞ prezidenti Donald Tramp İranın nüvə proqramını 20 illiyə dondurmasına razı ola biləcəyini açıqlayıb.
Pekini tərk etdikdən dərhal sonra "Air Force One" təyyarəsində jurnalistlərə açıqlama verən Tramp "20 il kifayətdir, amma bu, gerçək 20 il olmalıdır", - deyə bildirib.
İranın uran zənginləşdirmə proqramını müvəqqəti dayandırmağa və ya ona tamamilə son qoymağa razı olmaması Vaşinqtonla Tehran arasında əsas fikir ayrılığı olaraq qalır. Ağ ev administrasiyası ötən il ərzində İrandan uran zənginləşdirməkdən birdəfəlik imtina etməyi tələb edirdi. Rəsmi Tehran isə son danışıqlarda prosesin beş il müddətinə dondurulması təklifi ilə çıxış etmişdi.
Apreldə Pakistanda aparılan sülh danışıqları zamanı ABŞ mövqeyini yumşaldaraq İrana nüvə fəaliyyətini 20 illiyə dayandırmağı təklif etmişdi. "The Wall Street Journal" qəzetinin məlumatına görə, Trampın mayın 15-də səsləndirdiyi fikirlər onun İranın nüvə proqramını müəyyən müddətə dayandırmasını qəbul edə biləcəyinə dair indiyədək verdiyi ən açıq siqnaldır.