Tramp danışıqlar başladığını deyir, İran rəsmiləri təkzib edir
24 Mart 2026
ABŞ-nin İranla ciddi keçən danışıqlarında ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner iştirak ediblər.
Bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.
Tramp əlavə edib ki, ABŞ yüksək vəzifəli İran lideri ilə danışıb və danışıqların yeni raundu bu gün telefon vasitəsilə keçiriləcək.
O həmçinin bildirib ki, ABŞ o cümlədən nüvə materiallarının İrandan çıxarılmasına nail olmağa çalışır.
O, İranla mühüm ortaq məqamların və razılıqların olduğunu vurğulayarq bildirib ki, "indi münaqişəni bitirmək üçün şans var".
Öz növbəsində, "Sky News" bildirib ki, D. Trampın sözlərinə görə, İran sülh yolu ilə nizamlanma barədə razılaşma əldə etməyi çox istəyir.
"The Jerusalem Post" məlumat yayıb ki, ABŞ ilə aparılan danışıqlarda baş müzkirəçi kimi İranı parlamentin sədri Məhəmmədbaqer Qalibaf təmsil edir.
Amma Məhəmməd Qalibaf özü bəyan edib ki, İran ABŞ-la heç bir danışıqlar aparmır.
“İran xalqı təcavüzkarların tam və peşmanedicı şəkildə cəzalandırılmasını tələb edir. Bütün rəsmi şəxslər ali lider və xalqın yanında dayanır. ABŞ-la heç bir danışıqlar aparılmayıb, yayılan xəbərlər isə maliyyə və neft bazarlarını manipulyasiya etmək məqsədi daşıyır”, – deyə o qeyd edib.
Eyni zamanda İran Xarici İşlər Nazirliyi vasitəçilər üzərindən ABŞ-dan mesajların daxil olduğunu təsdiqləyib.
“Son günlər bəzi dost ölkələr vasitəsilə ABŞ-ın müharibəni dayandırmaq məqsədilə danışıqlara başlamaq istədiyi ilə bağlı mesajlar daxil olub. Bu müraciətlərə İranın prinsipial mövqeyinə uyğun cavab verilib”, – deyə XİN-in sözçüsü İsmayıl Bəqai bildirib.
Onun sözlərinə görə, ABŞ-a İranın həyati əhəmiyyətli infrastrukturuna hücumların ciddi nəticələr doğuracağı barədə xəbərdarlıq edilib.
“Enerji infrastrukturuna qarşı hər hansı addım silahlı qüvvələr tərəfindən dərhal və qəti cavabla qarşılanacaq”, – deyə Bəqai vurğulayıb.
Bundan sonra ABŞ Prezidenti İran dövlət mediasının Tehranın ABŞ ilə danışıqlar apardığına dair məlumatları təkzib etməsinə münasibət bildirib.
ABŞ Prezidenti İran tərəfinin nəyi nəzərdə tutduğundan əmin olmadığını deyib: “İrandan dəqiq məlumat əldə etmək çətindir, çünki ABŞ onların infrastrukturunun böyük hissəsini məhv edir. Buna görə də o, İran dövlət televiziyasının nəyi nəzərdə tutduğunu anlamıram”.
Tramp danışıqların dünən gecə Stiv Uitkoff və Jared Kuşner ilə İranın qarşı tərəfdəki həmkarları arasında baş tutduğunu vurğulayıb.
“İranın elektrik infrastrukturu ilə bağlı zərbələrin dayandırılması və ya təxirə salınması üçün beş gün vaxt qoymuşam. Bu, daha tez də baş verə bilər. Amma mən beş gün müddət təyin etmişəm”, - ABŞ lideri fikrini yekunlaşdırıb.