
Tofiq Yaqublu aksiyanın 40-cı günündə aclığı dayandırıb
11 May 2025
40 gündür həbsinə etiraz olaraq qida qəbul etməyən Tofiq Yaqublu mayın 10-da bu aksiyanı dayandırıb.
Bu barədə onun qızı Nigar Həzi məlumat yayıb. Qızının vurğulamasına görə, atası aksiyanı onun xahişi ilə dayandırıb: "İndicə ölüm ayağında olan atamla görüşdüm. Onu elə vəziyyətdə gördüm ki, qanım dondu. Ona yalvardım ki, aclığı dayandırsın... O da bununla razılaşdı və aclığı dayandırdı".
Qızının qeyd etməsinə görə, artıq həkim Adil Qeybulla da müayinə etmək üçün T.Yaqublunun yanına buraxılıb.
Bu deyilənlərə, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.
T.Yaqublu həbsinə etiraz olaraq aprelin 1-dən aclıq aksiyasına başlamışdı. O, aksiyaya başladıqdan bir müddət sonra Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülmüşdü.
T.Yaqubluya 9 il həbs cəzası verilib. Bu il martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. Bu hökmlə T.Yaqublu Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya istifadə etmə) maddələri ilə təqsirli bilinib. Amma o ittihamları qurama sayır. O bu iş üzrə 2023-cü il dekabrın 14-də saxlanmışdı.