“Tərəddüdləri dayandırın”. Zelenski müttəfiqlərini Ukraynaya tank verməyə çağırıb
19 Yanvar 2023
Ukrayna Prezidenti Volodimir Zelenski Davosda keçirilən Dünya İqtisadi Forumundakı video çıxışında müttəfiqlərini tərəddüdlərdən çəkinməyə və Kiyevi qısa müddətdə zəruri silahlarla və hava müdafiə sistemləri ilə təmin etməyə çağırıb.
“Azad dünyanın düşünməyə xərclədiyi vaxtı terrorçu ölkə qətllər törətmək üçün istifadə edir”, - Zelenski Dovas iştirakçılarına deyib.
“Dünya artıq nə indi, nə də gələcəkdə tərəddüd etməməlidir. Dünyanın səfərbərliyi bizim ümumi düşmənimizin səfərbərliyindən qat-qat artıq olmalıdır. Ukraynanı hava hücumundan müdafiə sistemləri ilə təmin edərək Rusiyanın növbəti raket hücumlarında önə keçməliyik. Qərb tanklarının Ukraynaya verilməsi Rusiya tanklarnın növbəti işğalını geridə qoymalıdır”, - Ukraynanın dövlət başçısı bildirib.
Almaniyanın Ukraynaya “Leopard” tanklarını verməkdə tərəddüd etməsi hər hansı ölkəyə üçüncü dövlətlərin vasitəsi ilə tank verilməsinə icazənin olmaması ilə əlaqələndirilir. Bugünədək Polşa və Finlandiya özlərində olan “Leopard” tanklarını Ukraynaya verməyə hazır olduqlarını bəyan ediblər.
Davos forumunda çıxış edən Almaniya kansleri Olaf Scholz Ukraynaya tank verməyə hazır olub-olmadıqları ilə bağlı auditoriyanın sualına cavab verməkdən yayınıb.
Scholz Almaniyanın artıq Ukraynaya fəal şəkildə kömək etdiyi barədə danışıb və ümumi yardımların həcminə görə ABŞ-dan sonra ikinci yerdə olduğunu qeyd edib.
Almaniyanın “Süddeutsche Zeitung” qəzetinin yazdığına görə, Olaf Scholz bildirib ki, ABŞ özünün “Abrams” tanklarını Ukraynaya göndərməyə razılıq verərsə, onda Almaniya da Ukraynaya tank göndərməyə hazırdır. Nəşr adını açıqlamadığı mənbəyə istinadən bildirib ki, Almaniya kansleri bunu çərşənbə axşamı ABŞ Prezidenti Joe Biden-lə telefon danışığı zamanı deyib.
Buna baxmayaraq, ABŞ hələ ki, Ukraynaya “Abrams” tanklarını verməyi planlaşdırmır. Səbəb isə Vaşinqtonun Moskvadan çəkinməsi deyil, sadəcə bu tankların təmir sisteminin daha baha olmasıdır, ABŞ-ın müdafiə nazirinin müavini Colin Kahl açıqlayıb.
“Hesab edirəm, biz hələ bu mərhələyə çatmamışıq. “Abrams” çox mürəkkəb texnikadır. Onun idarəetmə mexanizmi heç də asan deyil”, - beynəlxalq agentliklər Kahl-a istinadən yazıb.
Ukrayna hökuməti yanvarın 20-də Ramstein formatında keçiriləcək növbəti görüş çərçivəsində Almaniya da daxil olmaqla, digər ölkələrdən daha ağır texnikalar alacağına ümid edir.
NATO-nun baş katibi Jens Stoltenberg çərşənbə günü bildirib ki, silah təchizatı baxımından Ukraynanın indi “əsaslı dəstəyə” ehtiyacı var.
“İndi müharibənin dönüş nöqtəsidir və Ukraynaya yardımları əhəmiyyətli dərəcədə artırmağa ehtiyac yaranıb. Əgər biz sabah sülhə nail olmaq istəyiriksə, bu gün Ukraynaya daha çox silah verməliyik”, - Stoltenberg Davosda deyib.