Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tələbələrin başı dərddə: Sabahdan universitetlərə buraxılmayacaqlar?

Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli 419 nömrəli Qərarına əsasən, peyvəndin 2-ci dozasının üzərindən 6 aydan çox keçmiş şəxslərin “Peyvənd sertifikatı” fevralın 15-dən etibarlı hesab edilməyəcək.

Sabahdan yaşı 18-dən yuxarı olan həmin vətəndaşlar ictimai iaşə müəssisələri (kafe, restoran və s.), mehmanxanalar, iri ticarət mərkəzləri, idman və sağlamlıq-bərpa obyektləri, toy və ya digər şənliklərə daxil olmayacaqlar.

Üçüncü doza vurdurmayan tələbələrlə bağlı bəzi universitetlərə sorğu ünvanlanıb.

Azərbaycan Texniki Universitetinin (AzTU) mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərovanın sözlərinə görə, Nazirlər Kabinetinin qərarına görə, fevralın 15-dən COVID-19 vaksininin 2-ci dozasının üzərindən 6 aydan çox vaxt keçən şəxslərin “Peyvənd sertifikatı” etibarlı hesab edilməyəcək:

“Qərar ali təhsil müəssisələrinə də şamil olunur. Buna görə də fevralın 15-dən yaşı 18-dən yuxarı olan və COVID-19 vaksininin 2-ci dozasının üzərindən 6 aydan çox vaxt keçən və 3-cü doza vaksin olunmayan şəxslərin universitetə girişinə məhdudiyyət qoyulacaq. Bu barədə müəllim, tələbə və əməkdaşlara məlumat verilib”.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin mətbuat katibi Cavid Hüseynov bildirib ki, Nazirlər Kabinetinin tətbiq etdiyi qaydalara görə, 3-cü doza vaksin olunmayan şəxslər universitetlərə buraxılmayacaq.

Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidmətinin rəhbəri Günel Aslanova bildirib ki, sabah  3-cü doza vaksin olunmayan şəxslərin alı təhsil müəssisəsinə girişi qadağan olunacaq.

Memarlıq və İnşaat Universitetinin mətbuat xidmətinin rəhbəri Nəcibə Mirzəyeva bildirib ki, sabahdan buster doza olunmayan şəxslərin təmsil etdiyi universitetə girişinə məhdudiyyət qoyulacaq.

Azərbaycan Dövlət İqtisad Universitetdən (UNEC) sorğumuza cavab olaraq bildirilib ki, 30 dekabr 2021-ci il tarixli 419 nömrəli Qərarına əsasən, peyvəndin 2-ci dozasının üzərindən 6 aydan çox keçmiş şəxslərin “Peyvənd sertifikatı” fevralın 15-dən qüvvədən düşdüyü üçün həmin şəxslərin universitetə daxil olmasına məhdudiyyətlər qoyulacaq.

Azərbaycan Dillər Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cavid Zeynallı isə bildirib ki, 3-cü doza vaksinin vurulması tələbələrə tövsiyə xarakteri daşıyır:

“2-ci dozanın vaxtı bitənlərə tövsiyə olunur ki, 3-cü doza vaksini vursunlar”. (Oxu.az)