Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tehran Azərbaycanı İsraillə İrana qarşı əməkdaşlıqdan çəkinməyə çağırır

İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi Azərbaycan hakimiyyətini İran əleyhinə bu yaxınlarda səslənən ifadələr və İsrail rejimi ilə Tehrana qarşı formalaşdığı ehtimal olunan vahid cəbhə ilə bağlı açıqlama verməyə çağırıb.

İranın Mehr agentliyinin yaydığı məlumata görə, Naser Kanani cümə günü verdiyi bəyanatda İsrailin xarici işlər nazirinin Azərbaycanın XİN başçısı ilə "İrana qarşı vahid cəbhə formalaşdırılması" haqqında razılıq əldə edildiyi haqqında bəyanatına cavab verib.

Kanani bu addımı sionist rejimin Azərbaycan ərazisini İran İslam Respublikasının milli təhlükəsizliyi üçün təhdidə çevirmək niyyətinin daha bir dəlili adlandırıb və onu qəti şəkildə pisləyib.

İran nümayəndəsi həmçinin bildirib ki, Azərbaycan hökuməti İran və Azərbaycan xalqlarının düşmənləri tərəfindən qurulmuş tələyə düşməkdən qaçmalıdır.

İran və Azərbaycan xalqları arasında möhkəm tarixi və dini əlaqələr olduğunu vurğulayan Kanani əlavə edib ki, İran İslam Respublikası hər zaman iki qonşu ölkə arasında məsafə yaratmağa çalışan düşmənlərin səylərinə mane olmağa çalışıb.

İran İslam Respublikası sionist rejimin Azərbaycan Respublikası ərazisindən ölkəyə qarşı sui-qəsdinə (təhdidinə) biganə qala bilməz, deyə o qeyd edib.

İsrailin xarici işlər naziri Eli Koen martın 29-da Tel-Əvivdə Azərbaycanın XİN başçısı Ceyhun Məmmədovla birgə mətbuat konfransında belə deyib: "İran regionumuzu təhdid edir, terrora dəstək verib maliyyələşdirməklə Yaxın Şərqdə qeyri-stabillik yaradır. Biz İrana qarşı birgə hərəkət etməliyik. İranın nüvə imkanlarını genişləndirməsinə imkan verməməliyik".

Azərbaycan və İsrail Naser Kananinin bugünki bəyanatı ilə bağlı hələ şərh verməyib.