Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Təhlükəsizlik üçün" müşahidə kameraları: Bakıda onların quraşdırılması pulludurmu?


Bir müddətdir ki, sosial şəbəkələrdə Bakıda polisin əhalidən həyətlərə quraşdırılacaq kameralara görə pul tələb etməsi iddiaları yayılır.





BBC Azərbaycancaya danışan bəzi Bakı sakinləri də iddia edir ki, polis onlara yaşadıqları əraziyə kamera quraşdıracağını və bunun üçün ödəniş etməli olduqlarını söyləyib.





İddialara əsasən, bu məbləğ Bakının müxtəlif yerlərində 25-50 manat civarında dəyişir.





DİN BBC-yə bu iddianı təkzib edib.




BBC News Azərbaycanca müxbiri səsləndirilən iddialarla bağlı Bakının İbrahimpaşa Dadaşov, Şövkət Məmmədova, Azadlıq metrosunun yaxınlığı və 8-ci kilometr ərazisi kimi tanınan ərazilərində vəziyyəti müşahidə edib, sakinlərlə danışıb.





Adının çəkilməsini istəməyən sakinlər ümumilikdə kamera quraşdırılmasına etirazlarının olmadığını desələr də, "dövlətin quraşdırdığı kameralara görə polisin pul toplamasını başa düşmədiklərini" deyirlər.





Bəzi sakinlər isə vurğulayır ki, onlar bunun qanuni əsasının olub-olmadığını aydınlaşdıra bilməyiblər.





Təhlükəsizlik məsələləri üzrə təhlilçi Ərəstun Oruclu hesab edir ki, bu kameraların quraşdırılması üçün təhlükəsizlik əsas səbəb kimi göstərilsə də, bunun gələcəkdə ayrı-ayrı şəxslərə qarşı istifadə olunub-olunmayacağı bəlli deyil.





Hüquqşünas Ruslan Əliyev isə vurğulayır ki, polis pullu xidmət göstərə bilməz və üstəlik sözügedən kameraların quraşdırılma məqsədi çox ciddi şəkildə əsaslandırılmalıdır.





Daxili İşlər Nazirliyindən BBC-yə deyilib ki, polis yalnız təhlükəsiz şəhər layihəsi çərçivəsində kameralar quraşdırır, yaşayış yerlərində kamera qurmaq isə vətəndaşa aid olan məsələdir.





DİN sözçüsü Elşad Hacıyev deyib ki, Azərbaycanda kriminogen durum kifayət qədər sabitdir, "kameralaşdırma ...ölkədə kriminogen durumun nəzarət altında saxlanmasında çox vacib rol oynayır", - o vurğulayır.





"Bizə dedilər ki, məcburi deyil, ancaq oğurluq olarsa..."








kamera pullu kamera həyətlərə kamera quraşdırılması






Şövkət Məmmədova küçəsində söhbətləşdiyimiz bəzi sakinlər BBC-yə deyirlər ki, artıq bir neçə aydır ki, bu ərazidəki bəzi həyətlərə kameralar quraşdırılıb, digər həyətlərə isə quraşdırılması gözlənilir.





Onlardan bəziləri bunun təhlükəsizlik tədbiri olduğunu, narazı olmadığını vurğulasa da, digərləri təhlükəsizlik məqsədilə quraşdırılan kameralara görə pul toplanmasının doğru olmadığını düşünürlər.





Bəhruz Nuriyev küçəsində yaşayan bir sakin isə vurğulayır ki, təxminən iki ay əvvəl polis gələrək onlardan kamera quraşdırılması üçün 20 manat istəyib: "Bizə dedilər ki, bu, məcburi deyil. Ancaq sonra oğurluq olsa, tapılmasa, bizlik deyil".





Azadlıq metrosunun ətrafında yaşayan, adının çəkilməsini istəməyən başqa bir şəhər sakini isə hesab edir ki, yaşadığı ərazinin bu şəkildə kameralaşdırılması onun bir şəxs kimi hüququnun pozulmasıdır:





“Mən nə vaxt getdim, nə vaxt gəldim, kimlə getdim, kiminlə qayıtdım, nə geydim və sair bunlar mənim şəxsi məlumatlarımdır və 24 saat müşahidə altında olmaq məni narahat edir. Üstəlik, bu məlumatların sonralar necə istifadə olunacağını da bilmirəm".





"Dövlət qurumu pullu xidmət göstərə bilməz"




Hüquqşünas Ruslan Əliyev bunu "klassik manipulyasiya" adlandırır.





"Sizin təhlükəsizliyiniz naminə edirik deyirlər. Burda məsələ sadədir əslində. İstənilən inzibati icraat məqsədəmüvafiq, zəruri, yararlı olmalıdır. Əgər cinayət hallarının sayı artırsa və bu təhlükəsizlik naminə edilirsə, polis gəlib göstərməlidir ki, məsələn, bu ərazidə oğurluq, narkomaniya artıb və tələb var ki, bura kamera qoyulmalıdır. Bu, əgər ictimai maraq təşkil edirsə, onun xərcini dövlət çəkməlidir", - cənab Əliyev vurğulayır.





Hüquqşünas deyir ki, "dövlət qurumu pullu xidmətlə məşğul ola bilməz, bu, kommunal xidmət deyil, onun funksiyalarına aid deyil".





Onun sözlərinə görə, “polis kamera qurulması üçün uzaqbaşı hansısa şirkətlə müqavilə bağlaya bilər ki, “mən cinayətkarlıqla mübarizədə əziyyət çəkirəm. Buyur, bunu sat. Bu zaman isə o əhalini həvəsləndirmək üçün həmin kameraların məbləğinin müəyyən qismini maliyyələşdirə bilər. O zaman insanlar da görər ki, dövlət də buna maliyyə ayırır, düşünər ki, deməli, bu, lazımlı şeydir. Onlar da bəlkə də kameraların quraşdırılmasına maraqlı olar".





Hüquqşünas Ruslan Əliyev 24 saat müşahidə altında olmanın bəzi insanlar üçün narahatedici vəziyyət yaratmasını anladığını, amma Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsinə görə, "fərdi maraqların ictimai maraqlara məğlub olduğunu deyir:





"Lakin polis bunu ciddi əsaslandırmalıdır ki, ölkədə və ya kameraların quraşdırıldığı ərazidə təhlükəsizlik nə qədər risk altındadır? Ölkədə kriminogen durum nə qədər idarəolunmaz və ya ağırdır ki, məhz kamera ilə ona nəzarət etməyə ehtiyac var?"





Bakının kifayət qədər kameralaşmış şəhər olduğunu deyən hüquqşünas təhlükəsiz şəhər kameralarına diqqəti çəkir və vurğulayır ki, ölkədə təhlükəsizliklə məşğul olan xeyli sayda əməliyyat, sahə müvəkkili var, üstəlik yaşayış massivlərindəki ictimai iaşə obyektləri də kameralarla doludur.





“Təhlükəsizlik məsələsinin olmasını heç kim inkar etmir"




Təhlükəsizlik məsələləri üzrə təhlilçi Ərəstun Oruclu isə deyir ki, "kameralaşdırmada təhlükəsizlik məsələsinin olmasını heç kim inkar etmir".





"Tutaq ki, istər oğurluq kimi adi xırda cinayətlər olsun və yaxud daha ciddi cinayətlər - insanlara basqınlar, xəsarət yetirilməsi və sairin qarşısını almaq üçün kamera müşahidəsi təhlükəsizlik baxımından son dərəcə önəmlidir".





Ərəstun Oruclunun sözlərinə görə, indiyə kimi bilavasitə şəhər kameralarından insanlara ciddi bir zərər verəcək məlumat sızıntısının baş verdiyi müşahidə edilməyib, amma onun fikincə, yaşayış yerlərində quraşdırılan kameralarda toplanan məlumatlardan gələcəkdə insanların şəxsi həyatına qarşı, onları izləmək məqsədilə istifadə olunub-olunmayacağına heç kim də təminat verə bilməz.





"Polis yalnız tövsiyə edib ki, yaşadıqları ərazini kameralaşdırsınlar "




Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev polisin yaşayış massivlərini kameralaşdırmaq üçün əhalidən pul toplaması iddialarını təkzib edir.





O, polisin kamera quraşdırılması tələbilə bağlı BBC-yə deyir ki, polis, əsasən iaşə obyekti olan şəxslərə və ümumiyyətlə əhaliyə tövsiyə edir ki, yaşadıqları ərazini kameralaşdırsınlar.





"DIN tərəfindən təhlükəsiz şəhər kameraları quraşdırılıb, onun da quraşdırılması üçün əhalidən pul alınmayıb. Bu, Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir. Qaldı ki, vətəndaşın blokunun, evinin qarşısına kamera quraşdırılmasına, bu, polisin səlahiyyətində deyil. Ola bilər ki, polis əməkdaşları kommunal-təsərrüfat birliyinin nümayəndələri ilə birgə əhaliyə məsləhət versin ki, kameranın olması, profilaktik baxımdan, cinayətkarlıqla bağlı inzibati xətaların və digər cinayət xarakterli əməllərin qarşısının alınmasında müstəsna əhəmiyyətə malikdir".





Elşad Hacıyev deyir ki, tək cinayətkarlıq halları ilə bağlı yox, inzibati xətalarla, avtoqəzalar, vətəndaşlar arasında yaranan mübahisələrin həlli, o cümlədən əmlakların qorunması və mühafizə ilə bağlı məsələdə kameraların açılması, baxılması və istintaq təhqiqat predmeti olan işlərin istintaq olunmasında xüsusi rolu var.





"Azərbaycanda kriminogen durum kifayət qədər sabitdir, kameralaşdırma əlavə olaraq ölkədə kriminogen durumun nəzarət altında saxlanmasında çox vacib rol oynayır", - o vurğulayır.





DİN rəsmisi deyir ki, yaşayış ərazilərində quraşdırılan kameralarda toplanan məlumatların qorunması məsuliyyətini toplanan məlumatın saxlandığı yerə məsul olan şəxslər daşıyır.