Suriyada Əsəd rejimi devrildi - Prezident qaçdı, paytaxt müxalif qüvvələrin nəzarətinə keçdi
08 Dekabr 2024
Suriyada silahlı müxalifət paytaxt Dəməşqi ələ keçirib.
Pressklub.az xəbər verir ki, bu barədə Qətərin “Al Jazeera“ telekanalı məlumat yayıb.
Silahlılar Dəməşqin mərkəzinə çataraq, hava limanını, Suriya dövlət televiziyasını və dövlət idarələrini ələ keçiriblər.
Suriya ordusunun bölmələri silahlıların irəliləməsi fonunda Dəməşqin mərkəzini tərk edib.
Suriya hökumətinin başçısı Məhəmməd Qazi əl-Cəlali ölkədə hakimiyyəti dinc yolla təhvil verməyə hazır olduğunu açıqlayıb.
Bu barədə “Al Arabia” telekanalı məlumat yayıb.
Məlumata görə, ölkənin baş naziri xalqın seçdiyi istənilən rəhbərliklə əməkdaşlığa hazır olduğunu bəyan edib.
Məhəmməd Qazi əl-Cəlali "hamı üçün nəzərdə tutulmuş” dövlət qurumlarının qorunub saxlanmasına çağırıb.
Suriya ordusunun komandanlığı bazar günü zabitlərə Suriya prezidenti Bəşər Əsədin 24 illik avtoritar hakimiyyətinin sona çatdığını elan edib.
Reuters agentliyi qeyd edib ki, bu barədə iki üsyançı mənbə məlumat yayıb. Məlumata görə, Dəməşqin “artıq Əsəddən azad olduğunu” deyən Suriya üsyançılarının dövlət televiziyası vasitəsilə Suriya xalqına ilk bəyanatını verəcəyi gözlənilir.
Qeyd olunur ki, Bəşər Əsəd bazar günü səhər tezdən Dəməşqdən naməlum istiqamətə uçub, iki yüksək rütbəli ordu zabiti agentliyə bildirib ki, üsyançılar paytaxta daxil olub.
Suriya prezidenti Bəşər Əsəd ölkənin paytaxtı Dəməşqi tərk edib.
“Əsəd bazar günü Dəməşqdən naməlum istiqamətə uçub”, - məlumatda deyilir.