Logo
news content
User
Kateqoriyalar

Xəbər

Sonuncu istinad: Putin Donbas müharibəsinə şəxsən qarışır

Rusiya prezidenti Vladimir Putin öz ordusunun Ukraynanın şərqini – Donbas bölgəsini ələ keçirmək üçün göstərdiyi səyləri yetərli hesab etmədiyindən həmin ərazilərdəki qoşunları şəxsi nəzarətinə götürüb. Böyük Britaniyanın “The Telegraph” qəzeti belə yazır.

Qəzet Putinin Donbasdakı qoşunları şəxsi nəzarətinə götürməsi haqda məlumatı özəl mənbədən aldığını vurğulayır.

Bildirilir ki, Vladimir Putin, eləcə də Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi Valeri Gerasimov xüsusilə gənc zabitlərin qəbul etmək istədiyi taktiki qərarlara qarışır, bu sayaq qərarların qəbulunda birbaşa iştirak edirlər.

Qəzetə məlumat ötürən mənbənin dediyinə görə, Putinlə Gerasimov elə qərarların qəbuluna müdaxilə edirlər ki, həmin qərarlar uzağı polkovnik rütbəli zabitlər səviyyəsində qəbul olunmalıdır.

Rusiya Silahlı Qüvvələrinin ali baş komandanı ilə baş qərargah rəisinin hədsiz müdaxiləsinin əslində rus bölmələrinin Donbasda irəliləməsinə mane olduğu da qeyd edilir.

“The Telegraph” yazır ki, Qərb rəsmiləri və analitikləri rus qoşunlarının Donbasda Kremlin arzuladığı səviyyədə uğur qazana bilməməsinin səbəblərindən birini elə Kremlin hər kiçik qərara müdaxilə etməsi ilə əlaqələndirirlər.

Qəzet Qərb liderlərinin, o cümlədən ukraynalıların get-gedə Rusiyanın müharibəni uduzacağına daha çox inanmağa başladığını da vurğulayır: “Kiyevdə bəziləri Ukrayna ordusunun ilin sonunadək Rusiya üzərində qələbə çalacağını düşünür”.

ABŞ-dakı analitik mərkəzlərdən birinə istinad edən “The Telegraph” bildirir ki, fevralın 24-də Ukraynada müharibəyə başlayandan bəri Rusiya prezidenti Vladimir Putin iki dəfə iddialarını azaldıb, daha dar çərçivədə hədəf seçməyə məcbur olub. Yəni Putinin hazırda Ukraynaya yeritdiyi ordusu qarşısında qoyduğu hədəf müharibənin ilk günündə müəyyənləşdirdiyi məqsəddən xeyli kiçikdir: “Moskva artıq Ukrayna paytaxtı Kiyevi ələ keçirmək istəyindən vaz keçib və ölkənin şərq bölgəsində – Donbasda nəzarəti tam ələ almaq məqsədini seçib.

ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun son qiymətləndirməsinə görə, Kreml əlavə qüvvəyə ehtiyac duyduğundan ayrı-ayrı silahlı birləşmələrin, hüquq mühafizə orqanlarının resurslarından da yararlanmaq məcburiyyətində qalıb”.

2014-cü ildə Rusiya Ukraynanın Krım yarımadasını zəbt edərək özünə birləşdirib, Donetsk və Luqansk vilayətlərinin bir hissəsini də tutaraq hər iki ərazidə separatçı rejimlər qurub.

2022-ci il fevralın 21-də Rusiya Donetsk və Luqansk vilayətlərində qurulmuş rejimləri müstəqil dövlətlər kimi tanıyıb, fevralın 24-dən isə Ukraynada total hərbi əməliyyatlar aparır. Yeni işğal dalğasında Donetsk, Luqansk, Xarkov, Xerson, Nikolayev, Zaporojye vilayətlərində bir çox ərazi Rusiyanın nəzarətinə keçib.

Fevralın 22-dən başlayaraq dünya birliyi Rusiyaya 4 mindən çox sanksiya tətbiq edib. Həmin vaxta qədər Rusiyanın üzərində 2,8 minə yaxın sanksiya olub.