Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Şofer Əhməd"in "Ceyranı" tərəf müqabilinin ölümünü öyrəndi: "Onun səsini eşitməyəcəyimə inanmıram"

Əməkdar artist Elxan Qasımovun ölümü bir çox sənət insanlarını dərindən sarsıdıb.

Moderator.az əməkdaşı Elxan Qasımovla “Əhməd haradadır?” filmində birgə çəkilən Ceyran rolunun ifaçısı, Gürcüstanın xalq artisti Nona Paçuaşvili ilə əlaqə saxlayıb.

Aktrisa Elxan Qasımovun ölüm xəbərini bizdən eşitdiyini bildirib.

“Siz nə danışırsınız?! Çox, olduqca çox pis oldum! Mənim heç xəbərim yox idi, bu gün heç bir saytı oxumamışam. Bir neçə gündür ki, ayağımdan əməliyyat olunmuşam, səhhətimlə məşğulam. Nədən rəhmətə gedib?! Onunla sonuncu dəfə danışanda çox yaxşı idi. Bilməzdim ki, belə olacaq. Sonuncu dəfə noyabr ayında Elxanla “O üz” verilişində bizi görüşdürdülər. Daha sonra bir çox televiziyalar bizi qonaq dəvət etdi. Həm sevindik, həm də kövrəldik. Onunla tez-tez danışırdım, əlaqəmiz heç vaxt kəsilməmişdi. Bayramlarda, xüsusi günlərdə bayramlaşırdıq, söhbətləşirdik. Çox emosional, istiqanlı insan idi. Gənc yaşlarımdan bu günə qədər mənim dostum idi. Sonuncu dəfə ona medal hədiyyə etmişdim. Həmin medalın üstündə “ən yaxşı tərəf müqabilim” sözləri yazılmışdı. Elxan mənim üçün çempion demək idi. Çox sevinmişdi! Ümumiyyətlə o mənim gətirdiyim bütün hədiyyələrə görə çox sevinirdi. Mən filmə çəkiləndə həyat yoldaşımı, Elxan isə oğlu Samiri itirmişdi. O oğluna qovuşdu. Oğlundan söz düşəndə gözləri dolurdu, özünü güclə saxlayırdı. O həmişə mənə deyirdi ki, “çox güclüsən, Nona”. Amma əsas güc onda idi. İndi ayağımdan əməliyyat olunmuşam, Bakıya gələndə mütləq onun məzarının üstünə gedib, gül dəstələri qoyacam. Elxan kimi bir həyatsevər, pozitiv insanın bir daha gülməməsinə, onun səsini eşitməyəcəyimə inanmıram (ağlayır). Bu mənim üçün çox ağır bir dərddir. Bilirəm ki, Elxanın itkisinə heç vaxt öyrəşməyəcəm” deyə aktrisa bildirib.