Sırski: Ukrayna cəbhədə təşəbbüsü ələ keçirməyə çalışır
10 Mart 2026
Ukrayna Müdafiə Qüvvələri cəbhə xətti boyu operativ təşəbbüsü Rusiya hərbçilərindən ələ keçirməyə çalışır.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırski işgüzar müşavirənin və silahlı qüvvələrin fevral ayındakı fəaliyyətinin yekunlarına əsasən bildirib.
"Aleksandrovsk istiqamətində əks-hücum əməliyyatını davam etdiririk. Burada Desant-Hücum Qoşunlarının qruplaşması bir ay ərzində 285,6 kv. km ərazi üzərində nəzarəti bərpa edib. Ümumilikdə, əməliyyat başlayandan bəri Ukraynanın 400 kv. km-dən çox ərazisi üzərində nəzarət bərpa olunub", – A.Sırski sosial şəbəkələrdə yazıb.
Onun sözlərinə görə, bir çox digər istiqamətlərdə Ukrayna Silahlı Qüvvələri fəal müdafiə ilə düşmənin qarşısını alır və bəzi yerlərdə irəliləyir.
A.Sırski əlavə edib ki, fevral ayında beynəlxalq hərbi yardımın alınması tendensiyası bir qədər yaxşılaşıb. Bununla belə, texnikanın daxil olmasının əsas mənbəyi onun öz qüvvələri hesabına bərpası və təmiri olaraq qalır – bu göstərici yanvar ayı ilə müqayisədə demək olar ki, 25% artıb.