Logo
news content
User
Kateqoriyalar

Xəbər

Siqaret çəkməyəndə də... siqaret çəkirik

“Siqaret çəkirsiniz? Yox? O qədər əmin olmayın. Niyə? Çünki siqaret çəkməsəniz belə, nikotin qəbul edirsiniz”.

PressKlub.az məlumat verir ki, bu barədə həkim-farmakoloq Müşfiq Hüseynov öz sosial şəbəkə hesabında bildirib. O qeyd edib ki, fikirlərində passiv siqaret çəkməni (siqaret tüstüsünün təsirinə məruz qalma – red.) nəzərdə tutmur:

“Bəzi tərəvəzlərin tərkibində siqaretin tərkibində olan nikotin var. Məsələn, badımcan, rəngli kələm, kartof, yaşıl pomidor və s. Cəmi 10 qram badımcanın tərkibində 1 mikroqram nikotin var. Yəni, bir dilim badımcan 3 saat passiv siqaret çəkməyə bərabərdir.

Nikotin çempionu sayılan tərəvəz, sevdiyimiz turşuya qoyulan yaşıl pomidordur. Cəmi 23 qram (təxminən 1 dilim) yaşıl pomidordan aldığınız effekt, artıq passiv yox, aktiv 1 siqaret çəkməyə bərabərdir”.

M.Hüseynov qeyd edib ki, kök yeyilən zaman siqaret çəkmək olmaz:

“Çünki kökün tərkibindəki beta-karotinlər (göz üçün xeyirli olan karotinoid) nikotinin təsiri ilə zəhərə çevrilir.

Bir sözlə, əsas yemək deyil, nəyi və necə yeməkdir. Eləcə də əsas siqaret çəkmək deyil, hər şeyi qədərində qəbul etməkdir. Nikotini də”.

Maraqlıdır, həqiqətən də tərkibində nikotin olan badımcan, kartof, rəngli kələm, yaşıl pomidor yemək zərərlidir?

Bu barədə PressKlub.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, nikotin orqanizmdə vacib komponentlərdən biridir:

“Nikotin müxtəlif qidaların tərkibində orqanizmə daxil ola bilir. Həmçinin ondan vacib komponent kimi sərf olunur. Bu səbəbdən də tərkibində nikotin olan qidaların zərərli olması düzgün yanaşma deyil.

Siqaret tüstüsünün orqanizmə təsirində əsas neqativ rol oynayan faktorlar isə başqadır. Tütün tüstüsündə polisiklik aromatik hidrokarbonlar əmələ gəlir ki, onlar ağciyərlərə kanserogen təsir edir və qana keçərək, başqa orqanlara da təsir edir. Ona görə də siqaret çəkmək xərçəng xəstəliyinə gətirən faktorlardan biri olur.

Siqaret çəkən şəxslərdə isə asanlıqla nikotin asılılığı, tələbatı yarana bilir. Əsas zərərli təsirlər isə qeyd etdiklərimdir”.

Şəfəq