Logo
news content
User
Kateqoriyalar

Xəbər

Simonyan: "Sülh sazişində Qarabağ adı olmamalıdır"

Azərbaycan və Ermənistan arasında sülh sazişi ilə bağlı İrəvan və Bakının bir sıra təklifləri üzrə konsensus əldə olunub.

Pressklub.az "Sputnik Armeniya"ya istinadla xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

"Mən onları səsləndirə bilmərəm, çünki bu, prosesə mane ola bilər. Amma deyə bilərəm ki, bunlar beynəlxalq səviyyədə qəbul olunmuş prinsiplərdir. Məsələn, bizim bəzi ölkələrlə sülh sazişlərimiz var və onlar orada qeyd olunur. Bunlar ümumi müddəalardır", - spiker bildirib.

Eyni zamanda, Simonyan qeyd edib ki, Ermənistan tərəfi birmənalı olaraq sənədin mətninə Ermənistanın dövlətçiliyinə, suverenliyinə və ərazi bütövlüyünə təhlükə yarada biləcək “bombalar”ın daxil edilməsinin əleyhinədir. Onun sözlərinə görə, sülh müqaviləsində Qarabağ problemi ilə bağlı heç bir müddəa olmamalıdır.

"Biz başa düşməliyik ki, müqaviləyə Artsaxla (Qarabağ - red.) bağlı nəyinsə daxil edilməsi bizim maraqlarımız, Artsax (Qarabağ - red.) xalqının maraqları ilə diktə edib. Qoy elə görünməsin ki, biz Artsaxın (Qarabağ - red.) maraqlarını və onun əhalisinin hüquqlarını qorumaqdan imtina edirik", - o deyib.

Simonyan Ermənistan tərəfinin təkliflərinə Bakının reaksiyası barədə məlumatı olmadığını da bildirib.